Məhkəmə qərarları › İş №3(007)-1432/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1432/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1432/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən 05 noyabr 2022-ci il tarixdə Heydər Əliyev adına X6 15 saylı istehsalat sahəsinin çilingəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs həmin zavodun 10 saylı istehsalat sahəsində 66 nömrəli qurğunun tərkib hissəsi olan 3 nömrəli nasosxanada kimyəvi turşunun axması üçün nəzərdə tutulmuş metal borunun fləns birləşməsinin sökülməsi işləri aparılan zaman 10 saylı istehsalat sahəsinin çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə sahənin böyük mexaniki Şəxs tərəfindən verilmiş göstəriş əsasında qaz kəsici ilə yüksək temperaturda flyans birləşməsinin üzərində olan sancağı qızdıran zaman borunun içərisində olan turşunun onun üzərinə dağılması nəticəsində sol diz oynağının ön səthinin, sol baldırın ön-iç və bayır səthlərinin, sol baldırın ön-iç səthlərinin, sağ baldırın ön səthinin, sağ ayaqüstü nahiyənin geniş sahəli İİ-İİİ dərəcəli kimyəvi yanıqları ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarət almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Heydər Əliyev adına zavodda 10 N-li istehsalat sahəsinin mexaniki işləyir. 05 noyabr 2022-ci il tarixdə iş tarifinə uyğun olaraq istehsalat sahəsində yerləşən turşu xətlərində qüsurlu hissə dəyişdirilməli idi. Bu işin icrası 15 saylı təmirquraşdırma sahəsinin əməkdaşlarına həvalə edilmişdir. Həmin məqsədlə 15 saylı təmirquraşdırma sahəsinin əməkdaşlarına icazə vərəqəsi verilmişdir. 10 saylı istehsalat sahəsində yerləşən qurğuların təmirinə nəzarəti həyata keçirmək onun vəzifəsi olduğundan və həmin turşu xətlərinin qüsurlu hissəsinin dəyişdirilməsi işi aparılacağından təxminən saat 10 radələrində turşu xətlərinin yerləşdiyi əraziyə gedərək orada olan 15 saylı sahənin böyük ustası Rasim Mehdiyevlə birlikdə iş planı ilə tanış olmuşdur. İstehsalat sahəsinin fəhlələri tərəfindən fləns birləşmə qutusunun 8 sancağının 7-si açılmış, 8-ci sancaq paslandığı üçün açılmamışdır. Həmin vaxt qeyd olunan sancağı qazkəsici ilə qızdırmaqla açmağın mümkün olduğunu düşünərək Rasim Mehdiyevlə bu barədə məsləhətləşmişdir. Rasim Mehdiyev onun razılığı ilə Zərərçəkmiş şəxs həmin sancağı qazkəsici ilə qızdırması barədə bildirmiş, Firuddin də həmin sancağı qızdırmağa başlamışdır. Bu zaman borunun daxili divarındakı turşu sıçrayaraq Firuddinin aşağı ətraflarına dağılmışdır. Dərhal Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmişdir. Göstərişi böyük usta Rasim vermiş, o, sadəcə qeyd edilən ərazidə işin icrasına razılıq vermişdir. Həmin vaxt qeyd edilən boruda turşu qalmamalı idi. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə fləns birləşməsinin sancağının kəsilməsi zamanı xəsarət almışdır. Anar həmin vaxt qeyd olunan sancağı qazkəsici ilə qızdırmaqla açmaq məsələsini Rasim Mehdiyevlə məsləhətləşmişdir. X5 razılığı ilə ona sancağın qazkəsici ilə qızdırılaraq kəsilməsini bildirmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 50 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu - sol diz oynağının ön səthinin, sol baldırın öniç və bayır səthlərinin, sol baldırın ön-iç səthlərinin, sağ baldırın ön səthinin, sağ ayaqüstü nahiyənin geniş sahəli İİ-İİİ dərəcəli kimyəvi yanıqları - kimyəvi maddənin yerli təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə kimyəvi maddələrin təsiri nəticəsində yaranmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/677 saylı rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar: “Çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə sahənin böyük mexanikinin Vəzifə Təlimatı”n 1.5 bəndinin tələbi pozulmuşdur. “Heydər Əliyev adına X9”nun 10 saylı istehsalat sahəsində 66 №-li qurğunun tərkib hissəsi olan 3 №-li nasosxanada kimyəvi turşunun axması üçün nəzərdə tutulmuş metal borunun fləns birləşməsindən sökülməsi işinin təhlükəsiz icrasına nəzarət etmədiyinə görə vəzifə təlimatının 1.5 bəndinin tələbi həmin işlərin görülməsinə göstəriş vermiş “SOCAR”ın “Heydər Əliyev adına X9”nun çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə sahənin böyük mexaniki Şəxs tərəfindən pozulmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə çilingər vəzifəsində işlədiyi Bakı şəhəri, Nizami rayonunda yerləşən Heydər Əliyev adına X8 kimyəvi turşunun axması üçün nəzərdə tutulmuş metal borunun fləns birləşməsinin sökülməsi işi aparılan zaman üzərinə turşu tökülməsi nəticəsində xəsarət alması faktı üzrə toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla işlərin təhlükəsiz icrasına nəzarət vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: xx.xx.1981-ci ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar