Məhkəmə qərarları › İş №3(007)-1434/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1434/2020

06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1434/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Goranboy rayonunun Qarqucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi xx xxxxxx 2020-ci il tarixdə saat 22:30-da Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində “Mercedes Benz G55 minik” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin o, tibbi müayinədən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, o, restorandan çıxmışdır, sərxoş olmuş və dostu ilə söhbət etmişdir. Bu zaman post-patrul xidmətinin əməkdaşı ona yaxınlaşmış və içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini bildirərək sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinədən keçməyi təklif etmişdir. O, sərxoş olduğunu inkar etmədiyini, buna görə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə keçirilməsinə zərurət olmadığını bildirmişdir. Demişdir ki, hər hansı müayinə keçirməyə ehtiyac yoxdur, bu səbəbdən də müayinə keçməkdən imtina etmişdir. Bununla yanaşı o, sərxoş vəziyyətdə hər hansı nəqliyyat vasitəsini idarə etmədiyini də post-patrul xidmətinin əməkdaşının nəzərinə çatdırmışdır. Buna baxmayaraq post-patrul xidmətinin əməkdaşı onun barəsində sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə keçməkdən imtina etmə maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edirəm ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Qeyd edilənlər xx xxxxxx 2020-ci il tarixində baş versə də, barəsindəki protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Maşınını evakutorla apararkən zədələdiklərinə görə “102” xidməti vasitəsi ilə şikayət etmiş, nəticədə polislər ondan hətta üzr istəmişlər. Sərxoş olduğunu etiraf etsə də, protokolu tərtib edən şəxs tərəfindən bu barədə protokolda hər hansı qeydin edilməməsinin səbəbini bilmir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə həmin orqanınnümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx xxxxxx 2020-ci il tarixli 2/13216 nömrəli aktdan görünür ki, Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsindəki inzibati xəta haqqında protokolla razılaşmayıb, iş üzrə icraata xitam verilməsini xahiş etsə də, məhkəmə iclasında verdiyi izahatında faktiki olaraq sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etdiyini etiraf etmişdir. Onun irəli sürdüyü dəlilləri isə, məhkəmə Şəxs inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, qeyd edir ki, iş üzrə icraata xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi - maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, həmin dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar