Məhkəmə qərarları › İş №3(007)-1435/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1435/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1435/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, müdafiəçi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə 5275 manat pulu tələbkarın xeyrinə ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, icra sənədi dekabr ayında icraatına daxil olmuş və borcluya yanvar ayında tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, izahatı alınmışdır. İzahatında borcu tam şəkildə ödəyə bilməyəcəyini, hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Tələbkar isə borcun tam şəkildə ödənilməsini tələb edir. Borcluya borcun ödənilməsi üçün hesab təqdim edilməmişdir, həmçinin icra sənədi üzrə tələbi hissə-hissə icra edə biləcəyi bildirilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, iş görmək üçün pul götürmüş, lakin daha sonra həmin iş alınmadığı üçün pulu geri qaytara bilməmişdir. Onun borcu tam şəkildə ödəməyə imkanı yoxdur. Lakin hər ay azı 500 manat olmaqla hissə-hissə borcu ödəyə bilər. Ona ödəniş edilməsi üçün hesab təqdim edilməmişdir. Ona pulun hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə biləcəyi izah edilməmişdir. Əgər ona belə bir hüququnun olduğu bildirilsəydi, hissə-hissə icra edə bilərdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X6 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsində bildirdiyi kimi, hissə-hissə icra edilməsi ona izah olunmadığı üçün icra qeydini icra edə bilməmişdir. Bugün də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 500 manat ödəyir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən icra sənədinin qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. İcra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində onun tərəfindən 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-56268 nömrəli icra qeydi üzrə tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-56268 nömrəli icra qsənədinin icrasından yayındığını, icra etmədiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bugünki tarixə 500 manat məbləğində ödənişi etməsi və qalan borcu qısa müddət ərzində ödəyəcəyinə söz verməsi onun qətnamənin icrasından yayınmağa çalışmadığını və borcunu ödəməyə davam etdiyini göstərir. Həmçinin işin müəyyən edilmiş halı ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixli, 8İ-56268 nömrəli icra qeydi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatına daxil olmuş və xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş icra işinin materialları ilə də müəyyən edilmişdir ki, tələbin könüllü icrası haqqında bildirişin Şəxs təqdim edildiyi vaxtdan qısa müddət keçməsinə baxmayaraq ona icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilmədən, icra sənədinin icrası istiqamətində müvafiq icra hərəkətləri həyata keçirilmədən (məs., yaşayış yerində tələbin yönəldilə biləcəyi əmlakın olub-olmadığı yoxlanılmadan) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatına əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrasından yayınmamış, borcu tam şəkildə ödəməyə imkanı olmadığını, hissə-hissə icra edə biləcəyini bildirmişdir. İcra məmuru tərəfindən ona tələbkarın borcun tam şəkildə ödənilməsini tələb etdiyi bildirilməklə, hissə-hissə ödəniş etməsi üçün şərait yaradılmamış, ödənişi həyata keçirə biləcəyi rekvizit verilməmiş, icra sənədi üzrə tələbin hissə-hissə icra edilməsi qaydası izah edilməmişdir. Məhkəmə qeyd edir ki, tələbkar borcun tam şəkildə ödənilməsini tələb etməkdə haqlı olsada, icra sənədinin tam şəkildə icrasının təmin edilmə üsulu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi deyil. Nəzərə alınmalıdır ki, AR İXM-nin 528.1-ci maddəsinin tərkibi icra sənədinin icrasından üzrsüz səbəbdən qərəzli olaraq yayındığı halda yaranır. Hazırki halda isə Şəxs icra sənədinin icrasından qərəzəli olaraq boyun qaçırması sübuta yetirilə bilməmişdir. Əksinə icra məmurunun izahatından da aydın olmuşdur ki, Şəxs icra sənədi üzrə tələbi hissə-hissə icra etmək istəmiş, lakin tələbkar borcu tam şəkildə tələb etdiyi üçün ona ödəniş üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmiş, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə qeyd edir ki, borclu Şəxs inzibati xətanın törədilməsində təqsirli olması və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar