Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1438/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 11 yanvar 2024-cü il tarixli, EQ/ seriyalı, 18934459 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 11 yanvar 2024-cü il tarixli, EQ/ seriyalı, 18934459 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət vermiş, həmin məhkəmənin 28 fevral 2024-cü il tarixli 3(008)-1628/2024 nömrəli qərardadı ilə şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun sürücülük hüququna Xətai Rayon Məhkəməsi heç nədən məhdudiyyət qoymuşdur. O, bununla bağlı apellyasiya məhkəməsinə şikayət vermiş, həmin məhkəmənin qərarı ilə sürücülük hüququnu məhdudiyyətdən çıxarmışdır. Onun heç nədən xəbəri olmadan, heç bir bildiriş gəlmədən Xətai Rayon Məhkəməsi sürücülük hüququna məhdudiyyət qoymuş və o, maşın idarə etməmişdir. Onun adına axırıncı etibarnamə var idi deyə dayanma-durmaya görə 20 manat cərimə yazılmış, sürücülük hüququ olmadığına görə 300 manat da cərimə gəlmiş, EQ/18934459 nömrəli protokol yazılmışdır. Özü ikinci qrup Qarabağ müharibəsi iştirakçısıdır, iki övladı var, yoldaşı birinci qrup gözdən əlildir. Qanunsuz yazılan cəriməni ödəməyə gücü çatmır. Bu barədə tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, şikayətinin təmin olunaraq 11 yanvar 2024-cü il tarixli, EQ/ seriyalı, 18934459 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi və ya səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işin faktiki hallarını nəzərə almaqla həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X1 11 yanvar 2024-cü il tarixdə saat 16:18-də Nizami rayonu, Q.Qarayev prospektində “Toyota Prius (Hibrid) minik” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “dayanma və ya durma qaydalarını pozmağa; nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə” Azərbaycan Respublikası İXM-nin müvafiq olaraq 342.6 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar toplanıb tədqiq edilmədən işə baxılmış və o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuşdur. Belə ki, şikayətin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 3(011)-4448/2023 nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılmış, Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 3(103)-340/2024 nömrəli qərarı ilə X1 apellyasiya qaydasında verdiyi şikayət təmin edilmiş, Xətai Rayon Məhkəməsinin onun barəsindəki 14 noyabr 2023-cü il tarixli qərarı və həmin qərarla təyin olunmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair inzibati tənbeh tədbiri dəyişdirilərək barəsində 300 manat cərimə tətbiq edilmişdir. Xətai Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli məktubundan isə məlum olmuşdur ki, həmin məhkəmənin 14 noyabr 2023-cü il tarixli 3(011)-4448/2023 nömrəli qərarı məlumat üçün tərəflərə göndərilmiş, lakin qərarın icrası ilə bağlı hər hansı quruma məktub göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir; 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur; 153.4-cü maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır; 153.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 tərəfindən mübahisələndirilən 11 yanvar 2024-cü il tarixli, EQ/ seriyalı, 18934459 nömrəli qərar elektron qaydada qəbul edilmişdir, hansı ki, onun iddia etdiyinə görə İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh tətbiq edilməsi barədə qərar, yalnız nəqliyyat vasitəsinə dair etibarnamə sonuncu onun adına verildiyindən onun barəsində qəbul edilmişdir. Burada, sübutetmə yükü üzərinə düşməsinə və dəfələrlə dəvət olunmasına baxmayaraq, inzibati orqanın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və ya sübutlarını, şikayətin əsassızlığına dair dəlillərini, əsaslarını təqdim etməmişdir. Bundan başqa, X2 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsinin idarə edilməsinə görə də tənbeh edilmişdir. Hansı ki, X1 nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 3(011)-4448/2023 nömrəli qərarı Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 3(103)-340/2024 nömrəli qərarı ilə dəyişdirilərək onun barəsində 300 manat cərimə tətbiq edilmişdir, rayon məhkəməsinin nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair 14 noyabr 2023-cü il tarixli 3(011)-4448/2023 nömrəli qərarı isə apellyasiya qaydasında dəyişdirilənədək icra olunmamışdır. Yuxarıda qeyd olunduğu kimi, sübutetmə yükü üzərinə düşməsinə və dəfələrlə dəvət olunmasına baxmayaraq, inzibati orqanın nümayəndəsi müvafiq sübutlarını təqdim etmədiyinə görə qüvvəyə minməmiş və icraya yönəldilməmiş qərar əsasında X1 “nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə” Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh olunmasının hüquqi əsaslarının müəyyən edilməsi mümkün olmamışdır. Bu zaman nəzərə alınmalıdır ki, X1 nəqliyyat vasitəsini idarə etmək hüququnun digər əsaslarla və ya qərarla məhdudlaşdırılması barədə sübutlar olmadığından və ya bunun əksini müəyyən etmək mümkün olmadığından mübahisələndirilən qərarın həmin hissədə tamamilə ləğv edilib işin icraatına xitam verilməsi barədə hüquqi nəticəyə gəlinməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, inzibati xətalar qanunvericiliyinin (İXM-nin 8-ci maddəsi) tələblərinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, X2 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, inzibati qərar qəbul edilərkən müvafiq prosessual pozuntuya da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. X2 mübahisələndirilən qərar əsasında Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsə də, İnzibati Xətalar Məcəlləsinin Ümumi hissəsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərkən həmin Məcəllənin 34.3-cü maddəsinə istinad olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 11 yanvar 2024-cü il tarixli, EQ/ seriyalı, 18934459 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və material üzrə yenidən araşdırma aparılaraq, icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 11 yanvar 2024-cü il tarixli, EQ/ seriyalı, 18934459 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, material üzrə yenidən araşdırma aparılaraq, icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1438/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1438/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver