Məhkəmə qərarları › İş №3(007)-1439/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1439/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1439/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, 18 avqust 1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR, Şərur rayonu, Danyeri kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu, ünvansız yeni tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 31 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 31 mart 2022-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi “BMW 528” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə şəhər istiqamətində hərəkətdə olarkən həmin prospektdə yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs sol tərəfindən idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq, ona dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 31 mart 2022-ci il tarixdə saat 20:30 radələrində etibarnamə ilə idarə etdiyi “BMW 528” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə şəhər istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin prospektdə şəhər istiqamətində soldan birinci zolaqda hərəkətdə olan zaman, keçmiş “Sevinc” kinoteatrının yaxınlığında qarşısına sağ tərəfdən anidən piyada qadın çıxmışdır. Sürətini azaltsa da, ara məsafəsi az olduğundan hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq sağ tin hissəsi ilə həmin qadının sol tərəfindən vurmuş, qadın yerə yıxılmışdır. O, dərhal düşüb qadına yaxınlaşmış, onu avtomobilinə mindirib X3 aparmışdır. Orada həmin qadına, yəni Zərərçəkmiş şəxs müayinə olunmuş, tibbi yardım göstərilərək evə buraxılmışdır. Rəhim adlı şəxs demişdir ki, xanım onun sinif yoldaşıdır, ona görə zərərçəkmişə kömək üçün 200 manat vermişdir. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 31 mart 2022-ci il tarixdə saat 20:00 radələrində şəxsi işləri ilə əlaqədar qonşusu Aygünlə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinə gəlmişdir. İşlərini bitirib yekunlaşdırdıqdan sonra evə qayıtmaq üçün Q.Qarayev prospektində təxminən “Sevinc”in yaxınlığından yolu şəhər istiqamətində sağdan sola keçməli olmuşlar. Yola daxil olmuş, həmin yolda şəhər istiqamətində hərəkətdə olan avtomobillər onlara yol vermişdir. Təxminən üçüncü zolaqda iki addım atmışdı ki, Q.Qarayev prospektində şəhər istiqamətində hərəkətdə olan göy rəngli “BMW” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili qabaq sağ tin hissəsi ilə bədən nahiyəsinin sol tərəfindən vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra həmin avtomobili idarə edən şəxs onları öz idarə etdiyi avtomobilə mindirib yaxınlıqda yerləşən X3 aparmışdır. Orada ilkin tibbi müayinə olunduqdan sonra evə buraxılmışdır. Bədənindən sınıq olmasa da, möhkəm əzilmə olmuşdur. Buna görə iki ay işə çıxa bilməmişdir. Hadisəni törədən Şəxs sonradan onunla maralanmamışdır. Ona görə həmin şəxsdən şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 18 aprel 2022-ci il tarixli 247 nömrəli rəydən görünür ki, X1 gözətrafı nahiyənin qançırı, sol budun hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 may 2022-ci il tarixli 8/1028 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məliumatlara əsasən “BMW 528” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, HK1-193 nömrəli araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DPYŞ vasitəsi ilə Nizami rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsi barədə tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar