Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-144/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 04 iyul 1987-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında icraat materiallarından və Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli 3935/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 3000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməlidir. İnzibati işdə olan 18.09.2018-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli 3935/2018 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 18.09.2018-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 11 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli 3935/2018 saylı icra vərəqəsi üzrə borcu ödəməkdən yayınmış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli 3935/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 3000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməlidir. Lakin, edilmiş xəbərdarlıqlara baxmayaraq Şəxs borcunu ödəməmişdir. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli 3935/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 3000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. Lakin, borclu Şəxs həmin məbləği ona ödəməmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli 3935/2018 saylı icra vərəqəsinə əsasən, 3000 ABŞ dolları məbləğində pul vəsaiti ondan tutularaq iddiaçı X3 ödənilməlidir. Hal hazıradək 3000 ABŞ dolları məbləğində borcundan ümumilikdə 970 manat pulu tələbkar X3 ödəmişdir. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli 3935/2018 saylı icra vərəqəsi üzrə cavabdeh Şəxs 3000 ABŞ dolları məbləğində pul vəsaitindən tələbkar X3 ümumilikdə 970 manat ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli 3935/2018 saylı icra vərəqəsi üzrə tələbkara müəyyən məbləğdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 11 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-144/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-144/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver