Məhkəmə qərarları › İş №3(007)-1442/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1442/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1442/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Yevlax rayonu, Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 83, mənzil 19-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Fuad oğlu Bakı Şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 1794 manat aliment borcunu ödəməkdən yayınmış və icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Bakı Şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs X4 xeyrinə xx.xx.2023-cü il tarixdən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq göndərilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən yayınır. Bakı Şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-221/2024 saylı qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək bildirdi ki, Şəxs müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınır. Hər dəfə bildirir ki, işləyir, ödəniş edəcəkdir, lakin ödəniş etməkdən yayınır. Şəxs istifadəsində maşını vardır, bilindiyi kimi maşını sürmək üçün benzin lazımdır, benzinidə almaq üçün pul lazımdır. Bu isə onu göstərir ki, qərəzli olaraq ödəniş etməkdən yayınır. Maşın mülkiyyətində olmasa da, istifadəsindədir, AR DİN DYPİ-dən əldə edilmiş məlumata əsasən cərimələrin Şəxs tərəfindən ödənildiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən verilmiş vaxt ilə əlaqədar söz verdiyi məbləği deyil, qismən ödəniş etməsi də, onun məsuliyyətdən yayınmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, əvvəllər Müdafiə Sənayəsi Nazirliyində işləmişdir. Aliment borcu üzrə tutmalar onun əmək haqqısından tutulurdu. 410-430 manat aliment tutulurdu. 2023-cü ilin may ayında işdən çıxdıqdan sonra qapı-pəncərə sexində işləməyə başlamışdır. Həmin iş yerindən dekabr ayında çıxmışdır. Hazırda 10 gündür ki, əvvəlki iş yerində işləməyə başlamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs kartının blokda olduğu üçün ödəniş edə bilmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs qərəzli olaraq ödəniş etməkdən boyun qaçırmır, işdən çıxdığı üçün ödəniş edə bilməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, himayəsində iki övladı var. Uşaqlardan biri asma bronxitdir, digər uşağın loqoped problemi vardır. Şəxs neçə aydır ki, hər dəfə müxtəlif bəhanələr gətirərək dünən, bugün ödəyəcəyini deyir, lakin ödəniş etmir. Şəxs artıq pul istəmədiyini, uşaqlarının pulunu istədiyini bildirmişdir. Şəxs içkili halda ona zəng edərək təhqir etmişdir. Bugünə qədər o uşaqları üçün demək olar ki, heç nə almamışdır. Şəxs artıq neçə dəfədir ki, ödəniş etməsi üçün möhlət verir ki, uşaqların atasıdır inzibati məsuliyyətə cəlb edilməsin, lakin o hər dəfəsində bugün sabah ödəniş edəyəcəyini bildirib ödəniş etmir. Ehtiyacı olduğundan aliment borcunun tam şəkildə ödənilməsini tələb edərək Şəxs barədə qanunvericiliyə uyğun tədbirlər görülməsini, inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Bakı Şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-221/2024 nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə xx.xx.2023cü il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı şəhəri Nizami rayon İcra şöbəsinə verdiyi xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli izahatlara əsasən müəyyən olunur ki, icra sənədinin icrasını təmin etmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı Şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış aliment borcunu üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs borcunu icra sənədi ilə müəyyən edilmiş qaydada ödəməyərək icra sənədinin icrasından yayınmış və tələbkarla borcunun ödənilməsi ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Bakı Şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-221/2024 saylı qərarına əsasən müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında verdiyi izahatında əvvəlki işindən çıxdığını, başqa yerdə işə başladığını, aylıq əmək haqqının 900 manat təşkil etdiyini və ayın sonunda aliment borcundan 700-800 manat ödəniş edəcəyini bildirmişdir. Lakin işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən aliment borcundan ödəniş edilməmişdir. Hazırki məhkəmə iclasında da əvvəlki məhkəmə iclasında qeyd etdiyi kimi, eyni bəhanələri gətirərək yeni işə düzəldiyini hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işin məhkəmənin icraatında olduğu dövrdə borcundan 300 manat ödəniş etməsini onun məsuliyyətdən yayınmaq üçün edilmiş hərəkət olaraq qiymətləndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Repubilkası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işin məhkəmənin icraatında olduğu dövrdə borcundan 300 manat ödəniş etməsini ona inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən nəzərə almışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 8 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara Aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 8 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil 48 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar