Məhkəmə qərarları › İş №3(007)-1451/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1451/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1451/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/19056416 saylı qərarından verdiyi şikayətə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/19056416 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, 17 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətinə getmiş, 06 fevral 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Əvvəllər Bakı şəhərində yaşayan zamanı atası X6 məxsus olan «Mersedes S» markalı, ** LH *** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün atası ona etibarnamə vermiş, lakin o, həmin avtomaşını əvvəllər də idarə etməmişdir. Bu ilin fevral ayında Azərbaycan Respublikasına qayıdanda ona məlum olmuşdur ki, Rusiya Federasiyasında olduğu müddətdə atasına məxsus yuxarıda qeyd etdiyi avtomobili idarə etmədiyi halda barəsində əsassız və qanunsuz olaraq xx.xx.2024-cü il tarixli EQ/19056416 inzibati protokol tərtib edilərək 20 manat cərimə edilib. Atası tərəfindən ona avtomobili idarə etmək üçün etibarnamə verilsə də, 17 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasın getmiş və 06 fevral 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Qeyd etdikləri PC AZE C03548602 nömrəli pasportunun 2-3 və 48-ci səhifələrinin kserosurətlərində aparılmış müvafiq sərhədkeçmə qeydləri ilə sübut olunur. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Eyni zamanda mübahisələndirdiyi inzibati qərarın surətini Bakı şəhəri Yasamal rayon DYP idarəsinə ünvanladığı müracəiti əsasında xx.xx.2024-cü il tarixində əldə etmişdir. Bütün bunları nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19056416 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/19056416 saylı qərara əsasən X7 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 469.3, 332.3-cü maddələri ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan PC AZE C03548602 nömrəli pasportun səhifələrindən edilmiş çıxarışdan görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş, xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikasına geri qayıtmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə iclası zamanı müəyyən edildi ki, şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının ərazisində olmadığı halda, xx.xx.2024-cü il tarixdə onun barəsində İXM-nin 346.1-ci maddəsinə nəzərdə tutulan əməli törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 inzibati xəta baş verdiyi zaman ölkə hüdudlarından kənarda olması qeyd olunan inzibati xətanın onun tərəfindən törədilməsini istisna edir. Belə olan halda məhkəm əhesab edir ki, X5 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində İXM-in 469.3, 332.3-cü maddələri ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/19056416 saylı qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar