Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1453/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 27 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14193413 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 27 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14193413 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 17 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətinə getmiş və 06 fevral 2024-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Əvvəllər Bakı şəhərində yaşayan zaman atası X2 məxsus olan “Mersedes S” markalı **-LH-*** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün atası etibarnamə vermiş, lakin o, həmin avtomaşını əvvəllər də idarə etməmişdir. Bu ilin fevral ayında Azərbaycan Respublikasına qayıdanda ona məlum olmuşdur ki, Rusiya Federasiyasında olduğu müddətdə atasına məxsus yuxarıda qeyd etdiyi avtomobili idarə etmədiyi halda barəsində əsassız və qanunsuz olaraq xx.xx.2023-cü il tarixli EQ 14193413 inzibati protokol tərtib edilərək 60 manat cərimə edilmişdir. Atası tərəfindən ona avtomobili idarə etmək üçün etibarnamə verilsə də 17 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasına getmiş və 06 fevral 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Qeyd etdikləri PC AZE C03548602 nömrəli pasportunun 2-3 və 48-ci səhifələrinin kserosurətlərində aparılmış müvafiq sərhədkeçmə qeydləri ilə sübut olunur. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Eyni zamanda qeyd edir ki, mübahisələndirdiyi inzibati qərarın surətini Bakı şəhəri Yasamal rayon DYP idarəsinə ünvanladığı müraciəti əsasında xx.xx.2024-cü il tarixdə əldə eləmişdir, ona görə də inzibati qərardan şikayət müddəti buraxmamış hesab edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 27 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14193413 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat verərək, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 27 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14193413 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 27 aprel 2023-cü il tarixdə saat 15:33-də AzPetrol YDM ist 1 ünvanında “Mercedes S320 CDİ minik” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanı törətməyə görə barəsində 60 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -X3 məxsus PC AZE C03548602 nömrəli pasportun 3-cü və 48-ci vərəqələrində aparılmış və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid ştampla təsdiq edilmiş qeydlərdən, eləcə də “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə aparılmış yoxlama zamanı həmin şəxsə aid “Sərhədkeçmə məlumatları”ndan əldə edilmiş çıxarışdan görünür ki, X4 17 dekabr 2021-ci il tarixdə “Heydər Əliyev” Beynəlxalq Aeroportundan keçməklə Yekaterinburq istiqamətində ölkə sərhədindən çıxmış, 06 dekabr 2024-cü il tarixdə Yekaterinburq istiqamətindən “Heydər Əliyev” Beynəlxalq Aeroportundan keçməklə ölkəyə gəlmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 327.2-ci maddəsinə əsasən (17 iyul 2023-cü il tarixədək qüvvədə olmuş) svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X4 tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 27 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14193413 nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununa görə, X4 27 aprel 2023-cü il tarixdə saat 15:33-də AzPetrol YDM ist 1 ünvanında “Mercedes S320 CDİ minik” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə inzibati xətanı törətməyə görə barəsində inzibati qaydada tənbeh tətbiq edilmişdir. Halbuki, X4 17 dekabr 2021-ci il tarixdə “Heydər Əliyev” Beynəlxalq Aeroportundan keçməklə Yekaterinburq istiqamətində ölkə sərhədindən çıxmış, 06 dekabr 2024-cü il tarixdə Yekaterinburq istiqamətindən “Heydər Əliyev” Beynəlxalq Aeroportundan keçməklə ölkəyə gəlmişdir. Bununla da, müəyyən olunmuşdur ki, X4 17 dekabr 2021-ci il tarixdən 06 dekabr 2024-cü il tarixədək olan müddətdə, o cümlədən inzibati xətanın törədildiyi hesab olunan 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasında olmamış, ölkə sərhədlərindən kənarda olmuşdur, ona görə o, inzibati xəta törətmiş şəxs hesab oluna, buna görə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, o, ölkə sərhədlərindən kənarda olduğu halda ölkə daxilində 27 aprel 2023-cü il tarixdə inzibati xəta törətmiş şəxs hesab oluna bilməz, ona görə də X4 həmin xətaya münasibətdə inzibati xəta hadisəsi törətməmiş sayılmaqla mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilməsinə dair 27 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14193413 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1453/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1453/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver