Məhkəmə qərarları › İş №3(007)-1455/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1455/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1455/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X4, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X4 Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin 20 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin 20 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X15 İdarəsinin polis kapitanı X5 xx.xx.2024-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Gəncə şəhəri, Qaraməmmədli Massivi, mənzil 755, sahə 15-də qeydiyyatda olan X8 barəsində onun 20 fevral 2024-cü il tarixdə saat 23:35 radələrində “Opel Astra” minik markalı **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törtəməsi barədə 20 fevral 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edib. Sonra polis kapitanı X5 qeyd olunan protokola və inzibati xəta haqqında işin digər matariallarına baxaraq müəyyən edib ki, X8 20 fevral 2024-cü il tarixdə saat 23:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində “Opel Astra” minik markalı **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədib. Daha sonra polis kapitanı X5 20 fevral 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən X6 40 manat məbləğində cərimə edib. 20 fevral 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin tarixli TP ******* saylı qərar ona 27 fevral 2024-cü il tarixdə verilmişdir. Aşağıdakılara görə Bakı şəhər X15 İdarəsinin polis kapitanı X2 20 fevral 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunu və həmin tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını əsassız, qanunsuz və qərəzli hesab edir. Protokol və qərardan da görünür ki, polis kapitanı X5 20 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində baş vermiş yol nəqliyyat hadisəsi barədə lazımi araşdırma aparmamaqla onun zərərçəkmiş kimi hüquqlarını pozub. Hadisə barədə izahatında ətraflı məlumat versə də polis kapitanı Azad Cəbrayılov sadəcə olaraq X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə etməklə kifayətlənib. 20 fevral 2024-cü il tarixli protokolda hadisənin baş vermə səbəblərini, hadisə nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsini, yol nəqliyyat hadisəsini törətmiş şəxsin hərəkət zamanı etdiyi manevr qaydalarını pozan halları göstərməməklə ona qarşı qərəzli mövqedə olmasının sübutudur. Polis kapitanı X5 20 fevral 2024-cü il tarixdə baş vermiş hadisə zamanı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə deyil, avtoxuliqanlıq maddəsi ilə tənbeh etməklə inzibati xəta haqqında protokol tərtib edərək qərar qəbul etməli idi. Polis kapitanı Azad Cəbrayılov nəzərə almayıb ki, X3 avtoxuliqanlıq hərəkətləri nəticəsində onun avtomobili tamamilə yararsız hala düşüb, ona 4000 manat maddi ziyan dəyib. Polis kapitanı Azad Cəbrayılov nəzərə almayıb ki, avtoxuliqanlıq hərəkətləri nəticəsində avtomobilini yararsız hala salan X3 idarə etdiyi **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunmayıb. Həmin avtomobil sığorta olunmadığı üçün X8 buna görə də inzibati qaydada cərimələnməli idi. Lakin polis kapitanı Azad Cəbrayılov bu fakta da göz yumub. Polis kapitanı Azad Cəbrayılov hadisə baş vermiş ərazidə müşahidə və təhlükəsizlik kameralarını müəyyənləşdirib yol nəqliyyat hadisəsinin görüntülərini incələməyib, həmin görüntülərə hüquq qiyməti verməyib. Əslində yol nəqliyyat hadisəsindən sonra araşdırma işi üzrə avtomobilinə dəyən ziyanın müəyyən olunmasından ötrü hadisə yerinə gələn müfəttiş avtomobilinə dəyən ziyanla bağlı akt tərtib etməklə bunu müəyyən etməli idi. Polis kapitanı Azad Cəbrayılova dəfələrlə müraciət etsə də zəruri sənədləri, o cümlədən hadisə yerinin plan-cizgisini verməyib və bildirib ki, zərurət olduğu halda yol nəqliyyat hadisəsinin sənədləri məhkəməyə təqdim olunacaq. Göstərilənlərə əsasən Bakı şəhər X15 İdarəsinin polis kapitanı X2 20 fevral 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun və həmin tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 469.3, 511.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X9 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı maşınını yararsız hala qoyublar, sığorta tam ödəniş vermir, yol polisi isə yalnız manevr qaydasını pozmağa görə cərimə edib. Qəzanı törədən sürücünün sığortası yoxdur, avtoxuliqanlıq edib, ancaq ona 40 manat cərimə yazılıb. Hesab edir ki, həmin sürücü maşınını sığorta olunmadan idarə etdiyi və avtoxuliqanlıq əməli etdiyi üçün şikayət verdiyi qərar ləğv olunmalıdır. Sürücü maşınını avtoxuliqan kimi sürüb. Kameralara baxsınlar, onda aydın olacaq. Hadisə baş verəndə o, maşında olmuş, su içmişdir. Digər maşın onun maşınını dayandığı yerdə arxadan vurub tamamilə əzmişdir. Toqquşma zamanı başı da dəymişdir. Sürücünün avtoxuliqanlıq törətməsi, sığortasız maşın sürməsi protokola yazılmalıdır. Bundan sonra mülki qaydada məhkəmədə iddia qaldıracaqdır. Qeyd etdiklərini nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin nümayəndəsi X7 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, hesab edirlər ki, qərardan şikayət əsassızdır. Yol-nəqliyyat hadisəsi baş verib, sürücü təqsirli bilinib, cərimə olunub. Həmin sürücü manevr qaydasını pozub. Özü izahatında göstərir ki, qarşısına maneə çıxmış, ona görə çıxıb digər maşının arxasından vurmuşdur. Avtoxuliqanlığın tərifi var, orada göstərilən əməlin tərkib əlamətləri sürücü X3 əməlində yoxdur. Şikayətçinin məhkəmədə qeyd etdiklərinin bu işə aidiyyatı yoxdur, o, mülki qaydada iddia verilməlidir. Qərardan şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; hüquqi yardımdan istifadə etmək; iş üzrə qəbul edilmiş qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. X4 zərərçəkmiş olduğu, 20 fevral 2024-cü il tarixdə X3 törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş inzibati xəta haqqında protokola dair işə həmin zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmış, bu zaman İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hüquqlarını həyata keçirməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir; 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır; 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 77.1-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 20 fevral 2024-cü il tarixdə “Opel Astra minik” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X8 qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibi kimi sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. Buna baxmayaraq, həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib olunarkən və protokol əsasında işə baxılarkən həmin hala qiymət verilməmiş, müvafiq əsaslar müəyyən edildiyi halda həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunaraq təqsirlilik məsələsi həll edilməmişdir. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrində nəzərdə tutulmuşdur ki, şəxs eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. X9 şikayətində X3 yol-nəqliyyat hadisəsini törədən vaxt eyni zamanda avtoxuliqanlıq hərəkətlərinə yol verdiyini qeyd etsə də, hazırkı məhkəmə araşdırması ilə həmin hala hüquqi qiymət verilməsi mümkün deyildir, ona görə həmin məsələ müvafiq səlahiyyətli orqan tərəfindən araşdırılmaqla hüquqi qiymət verilməlidir. Bundan başqa, iş üzrə inzbati xəta haqqında protokolda zərərçəkmiş şəxsin adı, atasının adı, soyadı və yaşadığı yerin ünvanı göstərilməməklə İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinin tələbləri, inzibati tənbeh vermə haqqında qərarda işə baxılarkən müəyyən edilmiş hallar, yəni “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” qaydasının pozulmasının nəticələri göstərilməməklə İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Bu halın araşdırılaraq öz təsdiqini tapıb-tapmadığının müəyyən edilməsi isə hazırkı halda müşahidə kameraları ilə qeydə alınmış görüntülərin götürülərək onlara baxış keçirilməsi, şikayət vermiş zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş inspektorun və mümkün şahidlərin izahatlarının alınması və sair sübutların araşdırılması yolu ilə mümkündür. Məhkəmə hesab edir ki, X4 zərərçəkmiş şəxs olduğu iş üzrə X8 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təqsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, 20 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 20 fevral 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırkı icraatda inzibati xəta haqqında protokola deyil, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması nəzərdə tutulduğundan şikayət yalnız inzibati tənbeh vermə haqqında qərarın əsaslılığı hissəsində yoxlanılmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 zərərçəkmiş şəxs olduğu iş üzrə X3 barəsindəki 20 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 20 fevral 2024cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar