Məhkəmə qərarları › İş №3(007)-1456/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1456/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1456/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli şəhəri, Muğan küçəsi ev 52-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 19 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 21 oktyabr 2023-cü il tarixdə saat 10:00 radələrində idarə etdiyi “Khazar LX minik” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edib sağ köməkçi yolla təxminən 30 km/saat sürətlə Ş.Mirzəyev küçəsi ilə kəsişmədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla işıqforun sarı işığında kəsişməyə sol tərəfdən daxil olaraq Ş.Mirzəyev küçəsindən sağ tərəfdən yol ayrıcına daxil olan “Mersedes Benz C220” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsi ilə toqquşmuş, nəticədə Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs və X4 dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. İşə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə (o cümlədən elektron qaydada sms bildirişlər göndərilməsinə və mobil telefonuna zənglər edilməsinə) baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclaslarında iştirak etməmiş və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə məhkəmə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həmçinin, işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsinin və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. O, həmin izahatında göstərmişdir ki, o, “Khazar LX” markalı **- LF-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 21 oktyabr 2023-ci il tarixdə saat 10 radələrində həmin avtomobili idarə edib Q.Qarayev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edərək sağ, yəni avtobus zolağı ilə təxminən 30 km/saat sürətlə Ş.Mirzəyev küçəsi ilə kəsişməsində işıqforun sarı işığında kəsişməyə daxil olan zaman Ş.Mirzəyev küçəsindən sağ tərəfdən yol ayrıcına daxil olan “Mersedes Benz” markalı avtomobilin qabaq sol yan hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq hissəsi toqquşmuşdur. Həmin vaxt avtomobildə iki nəfər sərnişin qadın olmuş və onlar hadisə zamanı xəsarət almışlar. O, avtomobili idarə edərkən ayıq olmuş, özü xəsarət almamışdır. İşdə olan canlı şəxsin ekspertizasına dair 28 oktyabr 2023-cü il tarixli 1065 nömrəli rəydən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş alın-təpə sərhəddinin sağ yarısının əzilmiş yarası və sağ gözaltı nahiyənin şişkinlik halında əzilməsi - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan canlı şəxsin ekspertizasına dair 28 oktyabr 2023-cü il tarixli 1065 nömrəli rəydən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş sol baldırın ön səthinin hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 noyabr 2023-cü il tarixli 8/3274 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Khazar LX” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mersedes-Benz C220” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İşdə olan 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, HK/1-722 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təhqiqat orqanı tərəfindən aparılan araşdırma zamanı Şəxs əməlində cinayət tərkibinin olmaması, lakin inzibati xəta tərkibinin bütün əlamətləri olması müəyyən edilmişdir, məhkəmədə işə baxılarkən də həmin hal öz təsdiqini tapmışdır. Lakin 05 dekabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul edildikdən sonra inzibati tənbeh edilməsinə imkan verən üç aylıq müddət artıq başa çatmışdır, belə olan halda Şəxs inzibati qaydada təqsirli bilinərək barəsində tənbeh tətbiq oluna bilməz, inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslərlə razılıq əldə edilməsinə dair sübut təqdim edilməmişdir, ona görə həmin şəxslərin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə, xitam verilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxslərə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar