Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1457/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X5 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci PŞ-dən daxil olmuş 07 mart 2024-сü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 07 mart 2023-сü il tarixdə saat 02:00 radələrində DYPX-nin əməkdaşlarına qarşı kobudluq edərək nalayiq ifadələr işlətmiş və PŞ-nə gəlməkdən imtina edərək qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verdi və bildirdi ki, xidmətdə olarkən Şəxs yol polisinin onun idarə etdiyi avtomobilini duracağa aparmasına etiraz etmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Qeyd edilənlərə əsasən protokol tərtib edilmiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 07 mart 2024-cü il tarixdə Q.Qarayev prospektində ona məxsus olan ** SH *** dövlət qeydiyyat nömrəli avtomobili yol patrul xidməti saxlamış və avtomobildə yaxın vuran işıq cihazında led lampalar olduğunu bildirmişlər, onlarla razılaşmadığını, polis əməkdaşları avtomobili duracağa yerləşdirəcəklərini bildirmişlər, sonra kənar bir şəxs həmin polis əməkdaşlarından söz soruşarkən başları qarışıq olduğundan maşına əyləşib hadisə yerindən uzaqlaşdığını daha sonra DYP əmədaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Əməlindən peşman olduğunu, az yaşlı övladı xəstə olduğuna görə evə tələsdiyindən belə bir hərəkətə yol verdiyini bildirdi. Qeyd etdiklərinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis baş serjantı X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01:54 radələrində Q.Qarayev prospektində xidmətdə olan zaman ** SH *** dövlət qeydiyyat nişanlı avtomobili qabaq yaxın vuran işıq cihazında led lampadan istifadə etdiyi üçün tərəfləindən saxlanılmışdır. Yoxlama zamanı sürücü Şəxs sürücülük hüququnun məhdudlaşdığını aşkar etmişlər. Həmin nəqliyyat vasitəsini duracağa təmin etmək istəyəndə sürücü dəfələrlə polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək uca səslə onlara qışqırmağa başlamışdır. Onlar dəfələrlə sürücüyə bu qanunsuz əməlini dayandırmağı xahiş etsələr də həmin şəxs onların qanuni tələblərinə tabesizlik nümayiş etdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin tam sübuta yetirilmədiyindən, danışıqlara əsasən inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, və şahidin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Şəxs əlavə qurğu quraşdırdığı və sürücülük hüququ məhdudlaşdırıldığı halda DYP əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək avtomobili duracağa təmin etməkdən imtina etmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin məhkəmə iclasında və izahatında Şəxs DYP əməkdaşlarının başları digər vətəndaşa qarışan zaman avtomobilə minərək polis əməkdaşlarından qaçdığını etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən xx.xx.2024-cü il tarixdən etibarən Şəxs sürücülük hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. “Elektron məhkəmə” informasiya sistemindən sorğulanmış çıxarışdan görünür ki, Şəxs himayəsində 1 azyaşlı uşağı vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşaq olmasını, Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən məhkəmə iclasındakı davranışını nəzərə alaraq və onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırki iş üzrə 07 mart 2024-cü il tarixdə saat 02:45-də inzibati qaydada tutulmuşdur, məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 07 mart 2024-cü il tarixdə saat 02:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №3(007)-1457/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1457/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver