Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1459/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 mart 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC 33967.06 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 10 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait 24121.93 ABŞ dolları hissəsi hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 11 fevral 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilən və hüquqi əsası olmayan xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs MMC tərəfindən 33967.06 ABŞ dolları (#006VS**********3) məbləğində olan pul vəsaiti bank vasitəsilə avans olaraq ölkə xaricinə köçürülmüş və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinə baxmayaraq guya 2 il müddətində 24121.93 ABŞ dolları məbləğində hesabına alınan mallar (xidmətlər) ölkəyə idxal edilməmiş və həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İş materiallarına əlavə etdikləri **********8785 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi və ona əlavə olunan qoşma vərəqlərə əsasən məhkəmənin diqqətinə çatdırırlar ki, cəmiyyətləri ilə “Укрфармескпорт” şirkəti arasında olan xx.xx.2016-cı il tarixli, 15/A3-2016 saylı dərman və kosmetik vasitələrinin alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 4939 nömrəli invoysla təsdiq edilmiş müvafiq dərman vasitələrinin alınması məqsədilə cəmiyyətləri tərəfindən 10 fevral 2023-cü il tarixdə 33967.06 ABŞ dolları (#006VS**********3) məbləğində pul vəsaiti "xxxx" ASC vasitəsilə ölkə xaricinə köçürülmüş və qanunla müəyyən edilmiş 2 il müddət heç keçmədən, yəni xx.xx.2023-cü il tarixdə 33967.06 ABŞ dolları (#006VS**********3) məbləğində olan malların hamısı tam səkildə ölkəyə idxal olunmuşdur. Bu hüquqi faktı sübut edən digər bir mötəbər sənəd kimi iş materiallarına əlavə etdikləri Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “X1” X4 tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023cü il tarixdə ünvanlanan malların idxalına dair icazə məktubunu da təqdim edə bilərlər. Bununla da həqiqətən sübut olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi tövsifi üzrə cəmiyyətləri tərəfindən hər hansı bir inzibati xəta hadisəsi törədilməmişdir. Əksinə cəmiyyətləri tərəfindən iş materiallarına əlavə edilən **********8785 saylı gömrük bəyannaməsi və ona əlavə olunan qoşma vərəqlərinə əsasən 10 fevral 2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə ölkə xaricinə köçürülmüş 33967.06 ABŞ dolları (#006VS**********3) məbləğində olan pul vəsaiti müqabilində olan malların hamısı qanunla müəyyən edilmiş 2 il müddət heç keçmədən, yəni xx.xx.2023-cü il tarixdə və tam səkildə ölkələrinə idxal olunmuşdur. Beləliklə də yuxarıda qeyd olunanlara əsasən cəmiyyətin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tövsif dairəsinə düşən inzibati xəta, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsinə dair pozuntunun mövcud olmaması, əksinə cəmiyyət tərəfindən vaxtında və tam şəkildə malların ölkə hüdudlarına idxal edilməsinə dair hüquqi faktın mövcud olması və bu hüquqi faktın əsas mötəbər sübutlar hesab edilən xx.xx.2023-cü il tarixli, **********8785 saylı gömrük bəyannaməsi və ona əlavə olunan qoşma vərəqlərlə öz hüquqi təsdiqini tapması bir daha ona dəlalət edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbi üzrə məhkəmə tərəfindən həmin məcəllənin 105.1-ci maddəsi rəhbər tutularaq Şəxs MMC barəsində aparılan inzibati xətava dair icraata mütləq qaydada xitam verilməlidir. Qeyd olunan xüsusatları nəzərə alaraq, icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən təqdim olunan **********8785 nömrəli gömrük bəyannaməsi ilə hansısa avansın yeri dəyişik düşmüş ola bilər. Amma hazırda təqdim edilən yük gömrük bəyannaməsini qəbul edə bilmirlər. Bu bəyannamə başqa avanslara bağlanıb, bu səbəbdən həmin bəyannaməni qəbul edə bilmirlər. Müqavilə çərçivəsində bir çox mal gəlib-gedə bilər, bu müqavilə ilə bəyənnamənin eyniləşməsi invoys əsasında olur. Dəqiq olmasa belə bəyannamələr avansa bağlansın deyə çalışırlar. İnvoyslarda problem yarandığı üçün müqavilə çərciçəsində mal gəlibsə bağlayırlar. Təqdim edilmiş **********6133 nömrəli yük gömrük bəyannaməsinə münasibətdə qeyd edilməlidir ki, yük gömrük bəyannaməsi avans (qabaqcadan ödənilən vəsait) köçürməsinin təyinatında müqavilə uyğunluq təşkil etsə də, çatdırılma şərti 120 (malın dəyəri ödənilməmişdir) kimi qeyd edilmişdir. Bu bəyannamə heç bir avans bağlanmasında istifadə edilməmişdir. Bununla əlaqədar tərəflərindən Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında 33967.06 ABŞ dolları avans köçürməsinin 24121.93 ABŞ dolları qalıq məbləğinə münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxırlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 yazılı etirazın dəlillərini müdafiə etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, gömrük bəyannaməsindən də görünür ki, dərman vasitələri ölkəyə daxil olmuşdur. 4 növ dərman vasitəsinin adları qeyd olunub. "xxxx" ASC-nin özünə də bununla bağlı məlumat vermişlər. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, "xxxx" ASC-də bu işlə bağlı məlumat yoxdur, protokolu tərtib etmiş orqan tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 10 fevral 2023-cü il tarixdə 33967.06 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsaitin 24121.93 ABŞ dolları hissəsi hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Halbuki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC 33967.06 ABŞ dolları məbləğində olan vəsaitin bank hesabından 10 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən, ödəniş aparıldıqdan sonra qanunla müəyyən edilmiş müddət daxilində həmin pul vəsaitinin qalıq 24121.93 ABŞ dolları hissəsi hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan işə münasibətdə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1459/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1459/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver