Məhkəmə qərarları › İş №3(007)-146/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-146/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-146/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, müdafiəçi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi ev 16/1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 16 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(007)-206/2021 nömrəli icra sənədi üzrə Şəxs 5333 manat dəyişilməli hissənin qiyməti, 189,38 manat təmir işlərinin qiyməti və 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs Oqtay oğlunun xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 3(103)-2863/2021 nömrəli qərarı ilə həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021ci il tarixli 3(007)-2923/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. 13 yanvar 2022-ci il tarixdə işin məhkəməyə daxil olmasından sonra, qanunla müəyyən edilmiş tədbirlər görülməsinə baxmayaraq, Şəxs təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, bununla əlaqədar işə baxılması mümkün olmamış, məhkəmənin 08 fevral 2022-ci il tarixli qərardadına əsasən onun gətirilməsi qərara alınmış, qərarın icrası Bakı şəhəri Nizami rayon icra şöbəsinə tapşırılmışdır. Əlavə müraciətlər edilməsinə baxmayaraq, həmin orqan tərəfindən qərarın icrası təmin edilməmişdir. Lakin hazırda müəyyən edilmişdir ki, Şəxs aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar vardır. Belə ki, Şəxs barəsində Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 22 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 22 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 22 aprel 2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan 3(007)-981/2022 nömrəli və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan 3(007)-982/2022 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-981/2022 nömrəsi saxlanılmışdır. 22 aprel 2022ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs, ondan 7196 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli 2(007)- 2185/2018 nömrəli icra sənədi üzrə 4286 manat borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədinin icrasını təmin etməmişdir. 22 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs, ondan 5522,38 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(007)-206/2021 nömrəli icra sənədi üzrə borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədinin icrasını təmin etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 3(007)-981/2022 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Göründüyü kimi, Şəxs aid eyni fakt üzrə, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(007)-206/2021 nömrəli icra sənədi üzrə borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin icrasını təmin etməməsi ilə bağlı xətaya görə inzibati tənbeh etmək haqqında qərar vardır, həmin qərar qanunla müəyyən edilmiş müddətdə apellyasiya qaydasında mübahisələndirilməmişdir, qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar olduğundan, o, həmin xətaya görə təkrarən inzibati qaydada tənbeh oluna bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar olduğundan, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar