Məhkəmə qərarları › İş №3(007)-1486/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1486/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1486/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 25 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 15 sentyabr 2024-cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində yerləşən “Grand Neon” restoranının qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Ravon” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısına təpik ilə vurub, avtomobilin ön sağ qapısını qəsdən zədələyərək Zərərçəkmiş şəxs az miqdarda - 675 manat məbləğində maddi zərər vurmuşdur. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bundan başqa, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə (o cümlədən elektron qaydada sms bildirişlər göndərilməsinə və məcburi gətirilməsi barədə qərar çıxarılmasına) baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclaslarında iştirak etməmiş və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə uyğun olaraq, məhkəmə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, özünə məxsus 2017-ci il istehsallı “Chevrolet Ravon R3” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 15 sentyabr 2024-cü il tarixdə təxminən saat 01:30 radələrində idarə etdiyi avtomaşınla Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində hərəkətdə olan zaman yolun kənarında bir nəfər şəxs ona saxla işarəsi vermiş, həmin şəxsi Nizami rayonu ərazisində yerləşən “Grand Neon” restoranının həyətinə aparmalı olmuşdur. Yolda hərəkətdə olan zaman həmin şəxs ona məxsus, avtomaşının ön alın şüşəsinin yanındakı papağı ondan icazə almadan götürüb başına qoymuş, papaqdan xoşu gəldiyini, papağı ona hədiyyə verməyini demişdir. O, papağın onun özünə hədiyyə olduğunu bildirmiş, həmin şəxs papağı çıxarıb alın şüşənin yanına qoymuşdur. “Grand Neon” restoranın həyətinə həmin şəxsi çatdırmış, həmin şəxs 10 manat ödəniş edib avtomaşından enən zaman alın şüşənin yanındakı papağını yenidən götürüb başına taxıb avtomaşından enərək papağı ona hədiyyə verməyini bir daha demişdir. O, sükan arxasından enmədən papağı vermək istəmədiyini bildirsə də, həmin şəxs israrla papağı götürmək istədiyini bildirmişdir. Papağını başına taxan şəxs “sən nə deyirsənə” deyib ayağı ilə bir dəfə avtomaşının sağ ön qapısına qəsdən vurmuşdur. O, avtomaşını hərəkətə etdirib həmin şəxsin yanından bir qədər uzaqlaşıb, kənarda dayanmışdır. Həmin şəxs dayandığını görüb ona tərəfə gələn zaman avtomaşınla oradan uzaqlaşıb getmiş, baş verən hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Polisdə aparılan araşdırma zamanı həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Həmin şəxsin avtomaşına ayağı ilə vuraraq zədələməsi nəticəsində ona 675 manat maddi ziyan dəyməsi avtomobil servisindən verilmiş zərər aktı ilə təsdiq olunmuşdur. Qüsur aktının alınması üçün 50 manat ödəmişdir. Lakin ona dəymiş zərər ödənilməmişdir, buna görə şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təhqiqat zamanı verdiyi izahatından görünür ki, o, özünə məxsus “Ravon” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla mütəmadi ünvan 1 ünvanında yerləşən “Grand Neon” restoranının qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olur, bununla yanaşı ayıq sürücü işləyir. xx.xx.2024-cü il tarixdə təxminən saat 00:30 radələrində adı çəkilən restoranın qarşısında dayanıb müştəri gözləyən zaman bir nəfər şəxs ayıq sürücü axtardığı üçün həmin şəxsi idarə etdiyi avtomaşını ilə Nəsimi rayonu Azadlıq prospektində dəqiq bilmədiyi ünvana aparmışdır. Oradan restorana qayıtmaq üçün Azadlıq prospektində yoldan keçən əvvəlcədən tanımadığı üzərində taksi işarəsi olan “Ravon” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına əl işarəsi edərək saxlatdırmışdır. Avtomaşına əyləşib sürücüsü ilə, yəni polis şöbəsində adının Zərərçəkmiş şəxs bildiyi şəxslə “Grand Neon” adlı restoranın qarşısına 10 manat qiymətinə aparacağı barədə razılaşıb oradan adı çəkilən restorana tərəf hərəkət etmişlər. Restoranın qarşısına çatdıqda sürücü özünə məxsus idman papağını salonda ön alın şüşəsinin önünə qoyduğu üçün papağından xoşu gəldiyini bildirib papağı ona verməsini xahiş etmişdir. Lakin, həmin şəxs papağı ona verə bilməyəcəyini bildirdikdə israrla papağı verməsini bir daha xahiş edib papağı götürüb avtomaşından enmişdir. Həmin səxs sükan arxasında papağını verməsini tələb etdikdə, ön sağ qapının şüşəsi açıq olduğu üçün papağı avtomaşının ön sağ oturacağının üzərinə qoymuş və əsəbiləşib ayağı ilə ön sağ qapısına qəsdən təpik zərbəsi endirmişdir. Ayağı ilə avtomaşının ön sağ qapısına qəsdən təpik zərbəsi endirib zədələdikdə sürücüsü dərhal avtomaşını işə salıb oradan uzaqlaşıb getmiş və hadisə orada başa çatmışdır. Həmin şəxsi ilk dəfə görmüş, onunla qərəzliyi, ədavəti olmamış, sadəcə sürücüdən idman papağını ona verməsini xahiş etdikdə, papağı verməməsindən əsəbiləşib ayağı ilə sürücünün idarə etdiyi avtomaşının ön sağ qapısına qəsdən vuraraq zədələmişdir. Etdiyi əmələ görə peşmandır, hazırda maddi imkanı zəif olduğu üçün Zərərçəkmiş şəxs avtomaşınına yetirmiş olduğu zədə ilə bağlı zərəri ödəyə bilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, “Chevrolet Ravon R3” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrinin və texniki xidmətin ümumi dəyəri 675 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısının 19 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün 24-cü polis şöbəsinə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz onun tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs az miqdar hesab olunan 675 manat dəyərində maddi ziyan vurmuşdur və o, vurduğu həmin maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışmamışdır. Belə olan halda, İXMnin 39.2-ci maddəsində müəyyən edilən qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi ziyan ödənilmədiyindən, zərərçəkmiş hüquqi şəxsin mülki icraat qaydasında (qüsur aktında əksini tapmış və digər xərclərin ödənilməsi üçün) belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, 675 (altı yüz yetmiş beş) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar