Məhkəmə qərarları › İş №3(007)-1488/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1488/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1488/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-yə məxsus ünvan 1nvanında yerləşən “Grandmart” marketdə vitrində endirimli qiyməti 2,09 manat olan “X9” adlı məhsul kassada 3,25 manatdan hesablanaraq satılmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, etiketdəki “Umico-keşbek” ifadəsindən endirimin yalnız “Umico” kart istifadəçilərinə aid olduğunu müəyyən etmək mümkün deyil, aşkar surətdə bu barədə etiketdə qeyd göstərilməmişdir. Sadə vətəndaşlar üçün bu halı müəyyən etmək qeyri-mümkündür. Bütün bunları nəzərə alaraq hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, vətəndaş qərəzli olaraq onların barəsində şikayət etmişdir. Belə ki, vitrində “X9” adlı məhsulun etiketində endirimin yalnız “Umico” kart istifadəçiləri üçün olduğu göstərilmişdir. Lakin müştəri kassada bununla razılaşmamış, kartı olmadığı üçün ödənişi nağd şəkildə etmişdir. Bu səbəbdən ona endirim tətbiq oluna bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçı hüquqlarının müdafiəsi şöbəsinin aparıcı məsləhətçisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1nvanında yerləşən “Grandmart” marketdə endirimli qiyməti 2,09 manat olan “X9” adlı məhsul kassada 3,25 manatdan hesablanaraq satılmışdır. X6 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, ünvan 1nvanında yerləşən “Grandmart” supermarketdə satılan əksər məhsulların üzərində qeyd olunan qiymətlər kassada ödəniş zamanı kassa çekində qeyd olunan məbləğ ilə əksər hallarda düz gəlmir. Qeyd olunan supermarketin müştərisi kimi belə hallarla dəfələrlə rastlaşdığını bildirmiş, bu barədə market rəhbərliyinə dəfələrlə irad bildirməsinə baxmayaraq dəyişən vəziyyətin olmadığını hər gün müşahidə etmişdir. Adı çəkilən supermarketdə istehlakçıların və ərazidə yerləşən digər supermarketlərin hüquqları bu kimi süni və yalançı qiymət etiketləri ilə pozulur. Şəxs MMC-nin 592 nömrəli ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 01 ədəd “X9” adlı məhsul 3.25 manata satılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında xx.xx.1995-ci il tarixli 1113 nömrəli Qanununun 18.0.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını ehtiva edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC-yə məxsus ünvan 1nvanında yerləşən “Grandmart” marketdə endirimli qiyməti 2,09 manat olan “X9” adlı məhsul kassada 3,25 manatdan hesablanaraq satılmış və bununla da Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə istehlakçının hüquqları pozulmuşdur. Məhsulun etiketində “Umico-keşbek” ifadəsinin olmasından məhsulun endiriminin yalnız “Umico” kart istifadəçilərinə aid olduğunu müəyyən etmək mümkün deyildir və bu hal hüquqi şəxsin inzibati məsuliyyətini aradan qaldırmır. Həmçinin “Keşbek” ifadəsi özlüyündə endirimi deyil, alınmış məhsulun dəyərinin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar