Məhkəmə qərarları › İş №3(007)-1489/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1489/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1489/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X5 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X2 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi M.A.Həsənli tərəfindən xx.xx.2023-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X8 izahat verərək bildirmişdir ki, X6 Şəxs MMC-də işçi olaraq işləməyib və onunla əmək müqaviləsi bağlanmamışdır. X6 ilə fərdi sahibkar kimi xx.xx.2023-cü il tarixdə XM-01 saylı xidmət müqaviləsi bağlanmış və bu xidmət müqaviləsinə əsasən göndərilmiş elektron qaimələrə əsasən ona ödənişlər edilmişdir. Şəxs MMC-nin X3 borcu yoxdur. Məhkəmədən göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3011/2023 nömrəli məktubdan görünür ki, X1 "xxxx" MMCdə hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciəti ilə əlaqədar “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq A.C.Qaçayevə aid olan sənədlərin 7 iş günü müddətində X9 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunması xahiş olunmuşdur. - Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 02/AZ nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3011/2023 saylı məktuba cavab olaraq bildirilmişdir ki, X6 Şəxs MMC-də işçi olaraq işləməmiş və onunla əmək müqaviləsi bağlanılmamışdır. X6 ilə xx.xx.2022-ci il tarixdə XM-01 saylı Xidmət Müqaviləsi əsasında fərdi sahibkar kimi xidmət müqaviləsi bağlanmış və bu xidmət müqaviləsinə əsasən göndərilmiş elektron qaimələrə əsasən ona ödənişlər edilmişdir. - xx.xx.2022-ci il tarixli, XM-01 saylı xidmət müqaviləsindən görünür ki, “Sifarişçi” Şəxs MMC-nin direktoru X8 ilə “İcraçı” X6 arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin tapşırığı ilə hazırkı müqavilənin 1.2-ci bəndində göstərilmiş işlərin icrasını və işlərin nəticəsini Sifarişçiyə, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq təhvil verməyi öhdəsinə götürür, Sifarişçi isə həmin işin nəticəsini qəbul etməyi və ödənilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən İcraçı tikinti layihəsinə uyğun olaraq “Royal Park” villaların suvaq işlərinin icrasını öhdəsinə götürür. - xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 590177 nömrəli; xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 289976 nömrəli; xx.xx.2022-ci tarixli, EBBW seriyalı, 845383 nömrəli; xx.xx.2022ci il tarixli, EBBX seriyalı, 027577 nömrəli; xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 157550 nömrəli; xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 279329 nömrəli və xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 239428 nömrəli elektron qaimələrdən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, XM-01 saylı xidmət müqaviləsinə əsasən X3 müvafiq olaraq 29200,02 manat, 13000,20 manat, 6400,02 manat, 9150 manat, 5001 manat, 1000,20 manat,15000 manat məbləğində pul vəsaiti ödənilmişdir. - X6 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Şəxs MMC ilə xx.xx.2022-ci il tarixdə, XM-01 saylı xidmət müqaviləsi əsasında fərdi sahibkar kimi xidmət müqaviləsi bağlamış və bu xidmət müqaviləsinə əsasən həmin şirkətə xidmət göstərmişdir. Xidmət müqaviləsinə əsasən elektron qaimələr Şəxs MMC tərəfindən tam ödənilmiş və ona heç bir borcu yoxdur. Onun Şəxs MMC-yə qarşı heç bir tələbi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş sənədlərlə Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin hallarını tam və hərtərəfli araşdıraraq qeyd edir ki, inzibati xəta haqqında protokolda göstərilən X1 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən edilmir. Belə ki, iş üzrə tədqiq edilmiş xx.xx.2022ci il tarixli xidmət müqaviləsi ilə müəyyən edilmişdir ki, Şəxs MMC (Sifarişçi) ilə X6 (İcraçı) arasında əmək müqaviləsi (kontraktı) deyil, xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə İcraçı Sifarişçinin tapşırığı ilə tikinti layihəsinə uyğun olaraq “Royal Park” villaların suvaq işlərinin icrasını və işlərin nəticəsini Sifarişçiyə, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq təhvil verməyi öhdəsinə götürür, Sifarişçi isə həmin işin nəticəsini qəbul etməyi və ödənilməsini öhdəsinə götürür. İş üzrə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli elektron qaimələr ilə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, XM-01 saylı xidmət müqaviləsinə əsasən X3 xidmət haqqı ödənilmişdir. Qeyd olunanlardan başqa, məhkəmə, həmçinin qeyd edir ki, X6 məhkəməyə ərizə ilə müraciət edərək Şəxs MMC ilə fərdi sahibkar kimi xidmət müqaviləsi bağladığını, həmin müqavilə əsasında şirkətə xidmət göstərdiyini və göstərdiyi xidmət haqqının Şəxs MMC tərəfindən tam ödənildiyini göstərmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş MN seriyalı, ******* nömrəli, 02 mart 2023-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar