Məhkəmə qərarları › İş №3(007)-149/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-149/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-149/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBdən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2024-cü il tarixdə Şəxs narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X2 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində qurudulmuş marixuana almaq üçün Keşlə qəsəbəsinə getmişdir. Polis əməkdaşı onun narkotik vasitə istifadəçisi olmasından şübhələnib 23-cü PB-nə dəvət etmişdir. Narkotik vasitə istifadə edib-etməməsini müəyyən etmək üçün müayinə olunmuş və müayinə nəticəsində narkotik vasitə istifadə etməsi aşkar olunmuşdur. Bir neçə gün əvvəl toyda qurudulmuş marixuana istifadə etmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 143 nömrəli aktdan görünür ki, müayinə zamanı Şəxs götürülmüş sidik nümunəsində THC(+) aşkar olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 223 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilməli, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar