Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1490/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsi, dalan 1, ev 6-da qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 42A-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 27 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda, “Nizami RPİ-nin DYPŞ-nin inspektoru polis b/s Asifbəy Bayramovun və Nizami RPİ PPXB-nün polis nəfərləri İ.Cəfərov və E.Qurbanovun raportlarına əsasən küçədə ictimai asayişi pozması” göstərilməklə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş, izah etmişdir ki, Şəxs polislər tərəfindən bölməyə gətirilmiş, bildirmişlər ki, avtomobili anidən hərəkətə gətirmiş, sonra saxlayaraq polisləri görmədiyini demiş, həmin vaxt nalayiq ifadələr işlətmişdir. Sonra post-patrul əməkdaşları çağırılaraq o, bölməyə gətirilmişdir. Anlaşılmazlıq olmuşdur, lakin Şəxs hərəkətləri davam etməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, H.Əliyev prospektində, “Alov park“ın yaxınlığında avtomobili ilə dayanaraq sərnişin gözləmişdir. Həmin vaxt avtomobilin yerini daha əlverişli yerə dəyişmək üçün hərəkətə gətirəndə istəmədən təkərlər yerində eşilmişdir. Sonra ətrafda polislərin olduğunu görüb onlardan üzrxahlıq etmiş, qəsdən olmadığını demişdir. Lakin polislər demişlər ki, barəsində protokol yazılmalıdır. Buna görə əsəbləşərək bir dəfə söyüş söymüşdür. Lakin onun söyüşü konkret olaraq həmin polislərə qarşı olmamış, ümumi formada, gileylənmək kimi olmuş, eyni zamanda ətrafda başqa şəxslər olmamışdır. Polislər ondan hansısa tələb etməmişlər ki, o da yerinə yetirməsin. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru Asifbəy Bayramovun 27 iyun 2022-ci il tarixli raportundan görünür ki, 27 iyun 2022-ci il tarixdə H.Əliyev prospektində Kia markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğuna görə tərəfindən saxlanılmışdır. Ünsiyyət zamanı sürücü Şəxs barəsində tərtib olunacağı protokola etiraz olaraq ünvansız söyüşlər işlətməyə başlamışdır. Sürücünü sakitləşdirməyə çalışsalar da sonuncu söyüşləri davam etdirərək səs-küy salıb cəmiyyətin diqqətini cəlb etdiyindən o, 23-cü PB-yə gətirilmişdir. İşdə olan Nizami RPİ-nin PPXB-nün polis nəfərləri İ.Cəfərov və E.Qurbanovun 27 iyun 2022-ci il tarixli birgə raportlarından görünür ki, 27 iyun 2022-ci il tarixdə 4 saylı P/Sda xidmət apararkən 21:35 radələrində 279 çağırışlı YPX əməkdaşları efir vasitəsi ilə onları Heydər Əliyev prospekti “Alov parkı”nın qarşısına köməyə çağırmışdır. Onlar dərhal həmin yerə yaxınlaşmışlar, yaxınlaşan zaman bir nəfər şəxsin ictimai yerdə nalayiq söyüşlər söyərək ictimai asayişi pozaraq vətəndaşların istirahətinə maneçilik törətdiyini görüb həmin şəxsə irad bildirmiş və 23-cü PB-nə dəvət etmişlər. Həmin şəxs Şəxs olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin guya, 27 iyun 2022-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı belə xətaya yol verilməsi müəyyən olunmamış, Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs konkret olaraq polis əməkdaşının məhz hansı qanuni tələbə və hansı qaydada tabe olmaması öz əksini tapmamışdır. İnzibati icraatın başlanmasına əsas olan YPX əməkdaşı Asifbəy Bayramovun izahatının təhlili ilə də Şəxs həmin polis əməkdaşının qanuni tələbinə tabe olmaması ilə müşayiət olunan inzibati xətanın əlamətləri müəyyən olunmamışdır. Bu hal, digər polis əməkdaşlarının raportuna münasibətdə də həmin qaydadadır. Eyni zamanda, raportla müraciət etmiş həmin polis əməkdaşları çağırışlardan yayınaraq məhkəməyə gəlməmiş, işin faktiki halları ilə bağlı məlumatların aydınlaşdırılmasında maraqlı olmamışlar. Məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusuna görə isə məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməli polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz, ona görə İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsi ilə təsbit olunmuş qaydada, inzibati məsuliyyətə cəlb olunan Şəxs təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1490/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1490/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver