Məhkəmə qərarları › İş №3(007)-1492/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1492/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1492/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 ünvanında xx.xx.2024-cü il tarixdə, saat 11:10-da keçirilən səyyar yoxlama zamanı X2 və X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işəgötürən - "xxxx" MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəi törədilmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 çıxış edərək barəsində inzibati xətaya dair icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qeyd olunan şəxslərlə bağlı əmək bildirişi sistemə X5 Xidmətinin əməkdaşları tərəfindən müvafiq yoxlama aparıldıqdan və pozuntu halları aşkar edildikdən dərhal sonra yerləşdirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Əmək və Məşğulluq” (ƏMAS) altsistemindən əldə olunmuş məlumatlardan görünür ki, X4 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bildirişi imzalanmışdır. X1 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bildirişi imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş yoxlama aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus tikinti obyektində keçirilən yoxlama zamanı ümumi 9 nəfər şəxs yoxlanılmış, onlardan 4 nəfər şəxsin "xxxx" MMC tərəfindən əmək müqavilələri hüquqi qüvvəyə mindikdən sonra, 2 nəfər şəxsin isə əmək müqaviləsi bağlanılmadan işə cəlb olunduğu müəyyən edilmiş, tikinti obyektində 3 nəfər kənar şəxs aşkar edilmiş və izahatları alınmışdır. İş materiallarında olan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən təqdim edilmiş diskə baxış keçirilərkən müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus tikinti obyektində keçirilən yoxlama zamanı yoxlanılan şəxslərdən iki nəfər şəxsin - X2 və X3 əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb olunması aşkar olunmuş, X4 öz izahatında 15 gündür ki, həmin obyektdə bənna kimi işlədiyini, X6 isə 1 həftədir ki, həmin obyektdə bənna kimi işlədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 və X6 əmək müqaviləsi olmadan "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 ünvanında yerləşən tikinti obyektində bənna kimi əmək fəaliyyətinə cəlb edilmişdir. Bu səbəbdən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, iş üzrə şahidlərin izahatı və yuxarıda sadalanan sənədlər ilə "xxxx" MMC rəhbərliyi tərəfindən əmək müqaviləsi olmadan qeyd olunan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi halı öz təsdiqini tapır. "xxxx" MMC işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmişdir və bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN:**********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar