Məhkəmə qərarları › İş №3(007)-1492/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1492/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1492/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 11 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 12 mart 2025-ci il tarixdə istifadəsində olan VAZ 21154 minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gedən zaman Məhsəti Gəncəvi küçəsində olan kəsişmədən keçmişdir. Kəsişmənin uzunluğu beş metr, tək xəttin uzunluğu isə 3 metrə yaxın təşkil edir. O, sola döndüyündən 150 metr sonra onu Bakı şəhər DYPİ-nin əməkdaşları saxlamış və əsassız olaraq AR İXM-nin 327.2-ci maddəsinə əsasən protokol tərtib etmişdir. DYPİ-nin əməkdaşı ona qoşa xətti tapdaladığını söylədiklərinə baxmayaraq foto və ya video görüntülü şəkildə ona göstərməyi imtina etmişlər. Göstərilənlərə əsasən, məhkəmə araşdırması aparılmaqla kamera görüntüsünə məhkəmə iclasında baxış keçirilib hüquqi qiymət verilməsini, Bakı şəhəri DYPİ-nin 12 mart 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 10 metrlik yolda 5 metrədək xətt vardır. Onu polis əməkdaşları 200 metr sonra, gedib o biri yola çatandan sonra saxlamışlar. Ora elə bir yoldur ki, xətləri tapdalamadan keçmək mümkün deyildir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, inzibati xəta yerində aşkar olunaraq sürücü barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmçinin araşdırma zamanı görüntülərlə xətanın törədildiyi sübuta yetirilmişdir. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 11 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “VAZ 21154 minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 ünvan 1 ünvanında 11 mart 2025-ci il tarixdə saat 14:14-də “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə” Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 69-cu maddəsinin Vİ hissəsinə əsasən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 11 mart 2025-ci il tarixdə saat 14:14də “VAZ 21154 minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyib, üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçərək qayda pozmuşdur ki, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin izahatı, o cümlədən məhkəməyə təqdim olunmuş video görüntülərlə şikayətdə irəli sürülən dəlillər təkzib olunmuşdur. Müəyyən edilmişdir ki, X2 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçmişdir ki, bu da yuxarıda göstərilən qaydada məsuliyyətə səbəb olmuşdur. Qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati tənbeh verilməsinə mane olan, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, həmin şəxsin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 11 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar