Məhkəmə qərarları › İş №3(007)-1496/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1496/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1496/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 29 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 29 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29 aprel 2021-ci il tarixdə istifadəsində olan ** UL *** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobili idarə edərkən Nizami rayon DYPŞ YPX inspektoru X2 tərəfindən saxlanılmışdır. İnspektor mobil telefondan istifadə etdiyini bildirərək barəsində İXM-nin 342.6-cı maddəsi ilə İXP ******* nömrəli protokol tərtib etmiş və həmin protokol əsasında yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. O, protokol və qərarla razı olmadığı üçün həmin sənədlərə imza etməmişdir. Qərarda olan imza qrafasında onun yerinə inspektor özü imza etmişdir. Hesab edir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə protokol tərtib edilməsi və müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün əsaslar mövcud deyil, ona görə də inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Onun əməlində İXM-nin 342.6-cı maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın, ümumiyyətlə İXMnin heç bir maddəsinin tərkib əlamətləri mövcud deyil. O, mobil telefonu əldə saxlamaqla deyil, xüsusi vasitə ilə istifadə etmişdir. Bu barədə inspektora təkidlə bildirsə də, inspektor ona məhəl qoymamışdır. Beləliklə, səlahiyyətli orqan tərəfindən barəsində qəbul edilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. AR DİN Nizami rayon DYPŞ YPX inspektoru X2 tərəfindən qəbul edilmiş TP 4341802, 29 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində AR İXM-nin 342.6-cı maddəsi ilə başlanmış inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun maddi imkanı cərimə ödəməyə yol vermədiyinə görə YPX inspektorundan xahiş etmişdir ki, barəsində protokol tərtib etməsin. O, əlində mobil telefon tutaraq deyil, “blutuz”dan istifadə edərək danışmışdır. Ümumiyyətlə, polisin hər hansı sübutu yoxdur ki, o, avtomobili idarə edərkən əlində telefon tutaraq danışmışdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru X2 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, 29 aprel 2021-ci il tarixdə saat 11:56-da “Toyota Prius” markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Bakı şəhəri, Məmmədəli Şərifli küçəsində hərəkətdə olarkən mobil telefonu əlində saxlayaraq ondan istifadə etdiyi müəyyən olunmuşdur. Nəqliyyat vasitəsi buna görə saxlanıldıqda, şəxsiyyəti sonradan müəyyən olunan sürücü X3 mobil telefon əlində olduğu vəziyyətdə düşmüş, qayda pozuntusu barədə izah edildikdə, o, xəstəsi olduğunu, buna görə telefonla danışdığını bildirmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmamasını xahiş etmişdir. Lakin yol verilmiş xətaya görə protokolun tərtib edilməsinin zəruriliyi sürücüyə izah edilmişdir. Bununla da, X3 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanö törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 29 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 29 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 29 aprel 2021-ci il tarixdə saat 11:56-da Bakı şəhəri, Məmmədəli Şərifli küçəsində “Toyota Prius minik” markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Həmin Məcəllənin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin V hissəsinin 2-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağandır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 29 aprel 2021-ci il tarixdə saat 11:56da Bakı şəhəri, Məmmədəli Şərifli küçəsində “Toyota Prius minik” markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən telefonu əldə saxlamaqla ondan istifadə etmişdir ki, onun bu xətaya yol verməsi İXM-nin 342.6-cı maddəsinin təsiri altına düşmüşdür, ona görə də X1 barəsində həmin maddə ilə inzibati icraat başlanılaraq protokolun tərtib edilməsi, barəsində inzibati tənbeh tətbiq olunması qanuni və əsaslı olmuşdur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 29 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 29 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar