Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1496/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonunun Dövlətyarlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, DSK-2, ev 6, mənzil 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 10 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda, “xx.xx.2023-cü ildə Nizami rayonu, “Xəmsə” şadlıq sarayının yaxınlığında olan 11 saylı dayanacaqda DYP-nin əməkdaşlarına qarşı kobudluq edərək yumruq vuraraq tabesiz etmişdir” göstərilməklə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə saat 13:30 radələrində Babək prospektində avtomobili ilə hərəkətdə olarkən yol polisləri onu saxlatmış, avtomobilin arxa yayının kəsik olduğunu pozuntu kimi qeyd edərək avtomobilin duracağa getməli olduğunu demişlər. Polislərin avtomobilin arxa yayının kəsik olması barədə göstərdikləri ilə razı olmasa da, avtomobilin duracağa aparılmasına hər hansı etiraz etməmişdir. Lakin onun fikri soruşulmadan və ya evakuator çağırılmadan avtomobilini yol polislərindən biri idarə etmiş, o da avtomobildə oturmuşdur. Yolda olarkən o, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi olduğunu bildirib ona hörmət etmələrini demişdir. Yol polisi “yaxşı” desə də, onu aldadaraq heç bir hörmət qoymamışdır. “Xəmsə” adlanan duracağa çatmışlar, yol polisi onun avtomobilini duracaqda yolun ortasında “parkovka” etmiş və ona göstəriş vermişdir ki, avtomobili sürüb qıraq bir yerdə saxlasın. O isə yol polisinə demişdir ki, evakuator çağırmadan, onun razılığını soruşmadan avtomobilini buradək özü idarə edib gətirmişdir, burada da özü qırağa sürüb saxlasın. Yol polisi isə eyni tələbi irəli sürərək avtomobili onun qırağa çəkib saxlamasını dediyinə görə o, evakuator çağırılmasını tələb etmişdir. Bu vaxt yol polisləri onun üstünə əl ataraq bir az əvvəl verdikləri avtomobilin açarını cibindən məcbur götürməyə çalışmış, onun duracağın ərazisindən çıxmasına isə imkan verməmişlər. Qeyd etdiklərindən də görünür ki, o, polislərin hansısa tələbinə tabe olmaqdan yayınmamış, kobudluq etməmiş, polisi yumruqla vurmamışdır. Sadəcə olaraq üstünə gələn polis əməkdaşını əli ilə kənara irələmiş və duracaqdan çıxmağa çalışmışdır, belə ki, ümumiyyətlə onun duracağa getməsinə və ya orada qalıb gözləməsinə də əsas olmamışdır. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X4 izahatında göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə xidməti ərazidə xidmətdə olarkən **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yol nişanının tələbini pozduğunu müşahidə edərək onu saxlamış, yaxınlaşaraq özlərini təqdim etməklə qayda pozuntusunu izah etmişlər. Bu vaxt müəyyən etmişlər ki, nəqliyyat vasitəsinin arxa yayları kəsilmişdir. Buna görə nəqliyyat vasitəsini Nizami rayonu ərazisində yerləşən 11 saylı “Xəmsə” duracağına təmin etmişlər. Duracaqda olarkən sürücü Şəxs nəqliyyat vasitəsini ortadan götürməkdən imtina etmiş, onlara qarşı nalayiq ifadələrdən istifadə etmiş, nizam-intizama dəvət etmələrinə baxmayaraq o, qanuni tələblərinə tabe olmamış, onlara əl-qol atmış, qazi olduğunu bildirmişdir. Sürücü Şəxs onların qanuni tələblərinə tabe olmadığını görüb idarəyə məlumat verməklə onu aparıb aidiyyəti üzrə 23-cü polis bölməsinə təhvil vermişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin guya, 10 mart 2023-cü il tarixdə yol polisi əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə inzibati məsuliyyət nəzərdə tutulur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı belə xətaya yol verilməsi müəyyən olunmamış, Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 5.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs məxsus nəqliyyat vasitəsi YPX inspektoru tərəfindən yol hərəkətindən kənarlaşdırıldıqdan sonra nəqliyyat vasitəsi həmin sürücü tərəfindən və ya evakuatorla deyil, YPX inspektorunun öz təşəbbüsü ilə özü tərəfindən idarə olunaraq duracağa aparılmışdır, bu zaman Şəxs YPX inspektoruna qarşı hər hansı tabesizlik göstərməmiş, nəqliyyat vasitəsinin duracağa aparılmasına maneçilik etməmişdir. İnzibati xəta haqqında protokolda da Şəxs konkret olaraq polis əməkdaşının məhz hansı qanuni tələbinə və məhz hansı qaydada tabe olmaması öz əksini tapmamışdır. Yalnız duracağın daxilində Şəxs nəqliyyat vasitəsinin idarə edilərək kənara çəkilməsi tələb olunmuşdur ki, yuxarıda qeyd olunanlar baxımından artıq burada Şəxs əməli polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz, ona görə İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsi ilə təsbit olunmuş qaydada, inzibati məsuliyyətə cəlb olunan Şəxs təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1496/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1496/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver