Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1498/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin məsləhətçi əmək müfəttişi Nümayəndə, həmin orqanın nümayəndələri X7 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X8, MMC-nin nümayəndələri X2 və X9 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 29 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi ev 16, mənzil 68 olan Şəxs MMC tərəfindən Şahid1 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayınadək Azərbaycan Respubikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmət rəisi vəzifəsində çalışaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin məsləhətçi əmək müfəttişi Nümayəndə protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şahid1 müraciəti araşdırılarkən Şəxs MMC-yə sorğu göndərmişlər. Sonra vətəndaşdan soruşmuşlar ki, onda sübut və şahid varsa, təqdim etsin. Vətəndaş yanvar ayında öz izahatını vermiş, sonra demişdir ki, sübut qismində şahidlər təqdim edəcəkdir. Üstündən vaxt keçdikdən sonra Xəqani və Şəhriyarı gətirmiş, onların izahatları alınmışdır. Həmin şahidlərin izahatlarını aldıqdan sonra sistemə baxış keçirmiş, müəyyən etmişlər ki, həqiqətən orada işləyiblər. Onlarda şahidlər tərəfindən verilən izahatlar xüsusi əhəmiyyət kəsb edir, həmin ifadələr əsasında iş başlaya bilirlər. Həmin şahidlərin izahatlarını əsas kimi götürüb protokol tərtib etmişlər. Protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X17 izahatında göstərmişdir ki, Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada işləmiş şəxsin izahatı əsasında inzibati xətanın törədilməsi təsdiq olunur, həmçinin, Şəxs MMC-nin öz işçilərinin izahatlarında da ziddiyyət vardır. Həmin ziddiyyətlərə baxanda inzibati xəta hadisəsi təsdiq olunur. O, iddia edir ki, Şəhriyar və Xəqaninin izahatı ilə təsdiq edilir ki, Şahid1 orada işləyib. Şahid1 2023-cü il yanvarın 5dən artıq orada Şəxs MMC-də işləyib. İşə götürmə səlahiyyəti MMC-nin direktoru Xalis Talıbovdadır, lakin Şahid2 başqa vəzifə sahibi olsa da onun götürdüyü şəxsə görə direktor Xalis Talıbov məsuliyyət daşıyır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X3 yuxarıda göstərilən dəlilləri müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Şahid1 sonradan Şahid2 ilə aralarında olan mübahisəli pul məsələsini həll etdiyini yazsa da əgər hüquq pozuntusu varsa, hüquqları pozulmuş şəxsin şikayət etməyəcəyi barədə verdiyi iltizamın heç bir əhəmiyyəti yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X18 izahatında göstərmişdir ki, Şəxs MMC Elm və Təhsil Nazirliyi ilə bağladığı müqaviləyə uyğun olaraq, 06 yanvar 2023-cü il tarixdən etibarən Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada mühafizə xidmətini həyata keçirmişdir. Həmin dövrdən 2023-cü ilin may ayının sonunadək, eləcə də sonrakı dövrdə Şahid1 MMC-nin işçisi kimi həmin internat gimnaziyasında mühafizə işinə cəlb edilməmişdir. Həmin şəxs onun qəbulunda olmamışdır və onun işə qəbul olunması və ya hansısa xidmətə cəlb edilməsi ilə bağlı əmr verməmişdir. O, Şahid2 elə bir səlahiyyət verməmişdir ki, işçi işə götürsün. Şəxs MMC-də ümumiyyətlə mühafizəyə nəzarət rəisi və ya xidmət rəisi vəzifələri yoxdur. Xidmət rəisi başqa anlayışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şahid1 ümumiyyətlə Şəxs MMC-yə aidiyyəti olmayıb, Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada MMC-nin işçisi kimi işləməyib. Şəxs MMC həmin gimnaziyada protokolda göstərilən 2022-ci il dair tarixdə fəaliyyət göstərməyib. MMC orada fəaliyyət göstərməyə-göstərməyə necə pul istəyirlər və ya məsuliyyətə cəlb edirlər. 06 yanvar 2023-cü il tarixdə qeyd olunan gimnaziya ilə müqavilə bağlanmışdır, həmin şəxs isə izahatında 2022-ci ilin oktyabr ayından orada işlədiyini bildirmişdir. Onların 500-dən çox işçiləri vardır, işçilərinin çoxu şəhid ailələri, qazilərdir. Onlarda əmək haqqı azdır, 350-400 manat arasında dəyişir. Lakin iş asandır. Məsələn, "xxxx"də ayaqları olmayan bir qazi işləyir. MMC-də əmək haqqını mühafizənin direktoru təsdiqləyir, bundan sonra ödəniş edilir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X19 yuxarıda qeyd olunanlara uyğun izahat vermiş və MMC-nin barəsindəki inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, o, daha əvvəl "xxxx" MMC-də işləmiş, həmin vaxtdan Şahid1 tanımışdır. Şahid1 Siyəzəndə nə işlədiyini o, bilmir. Lakin Elxan tez-tez Bakıya gəlmiş, bu zaman tanışı kimi onun yanına da gəlmişdir. Elxan onunla tez-tez əlaqə saxlamış, bayramlarda təbrik etmişdir. Özü Elxanın toyunda da iştirak etmişdir. Onlar Siyəzəndə yerləşən gimnaziyanın mühafizə işi üzrə tenderində qalib gəlmişlər, oraya nəzarəti ona vermişlər. Bu deyilənlər 2022-ci ilədək baş vemişdir. Sonra direktor onu çağırıb demişdir ki, onların fəaliyyətindən narazıdır. O da demişdir ki, özlərinin işçiləri varsa desinlər. Sonra o, Elxana demişdir ki, iki uşaq lazımdır, tanıdığı varsa gətirsin internata, Elxan da razılaşmışdır. Elxan Siyəzəndən işçi tapmış, onlar 2022-ci ilin son ayınadək gimnaziyada mühafizə işində işləmişlər. Lakin direktor onlardan da narazı olmuşdur. Ona görə Elxana demişdir ki, gimnaziyada mühafizə işinə yeni işçi tapsın. Bu qeyd etdikləri "xxxx" MMC-nin vaxtında olmuşdur, Şəxsnin vaxtında isə belə hal olmamışdır. Sonradan ona demişlər ki, ərizə yazıb işdən çıxsın, o da ərizəsini yazıb 2023-cü ilin may ayında işdən çıxmışdır. Sonra Etibar müəllim onu çağırıb Elxanın ondan ərizə yazdığını, ona problem olacağını demişdir. Elxan onun səsini yazmışdır. Lakin o, həmin səs yazısında demişdir ki, 3 nəfər mühafizəçi var, onlara necə rəis olar. Belə ki, Elxan qeyd olunan mühafizəçilərin üstündə xidmət rəisi təyin olunmasını istəmişdir. O, demişdir ki, kartları götürün, pulu 3 nəfər arasında bölüşün. Etibar müəllimin sözündən sonra o, Elxana 1000 manat vermişdir. Hansı ki, Elxan Şəxs MCM-də işləməmişdi. O, ancaq Elxana demişdir ki, işçi tapsın, o da işçi tapmışdır. Elxanın bir gözü olmadığı üçün onun özünü işə götürə bilməmişlər. 2023-cü ilin dekabr ayında özü Şəxs MMC-də işə girib orada işləmişdir. Sonra öyrənmişdir ki, Elxan şikayət etmişdir. Gedib Etibara demişdir ki, təzə işə düzəlib, amma Elxan onun başına iş açır. Sonra Elxanın özü gəlmiş, demişdir ki, o, iki nəfər işçi tapıb gətirmiş, onların qarşısında pis olmuşdur. Həmin iki işçi sonradan Şəxs MMC-yə işə götürülmüşdür. Hansı ki, indi üzlərinə durub səhv məlumat verirlər. Elxan ondan yenə, yəni 2500 manat pul almışdır. O, 2500 manat pulu verdikdən sonra Elxandan iltizam almışdır ki, ondan şikayət etməyəcəkdir. Etibar müəlllim ona iş də təşkil etmişdir. Amma Elxan mühafizə işləmək istəmir, ona rəis vəzifəsi verilməsini tələb edir. Şahid1 Şahid4 o, təqdim etməmişdir, əksinə, Şahid4 Şahid1 tapıb gətirmişdir. Şahid1 ondan xahiş etmişdir ki, onu 4-cü adam kimi işə götürsün, o da demişdir ki, orada 4-cü adam üçün yer yoxdur, o, digər 3 nəfər şəxsin payından götürsün. Sonra Şahid1 özü gəlib demişdir ki, onların haqqında girə bilməz, pulu götürməmişdir. O, Şahid1 1 il 6 ayın pulunu vermişdir. Bu pulu ona görə vermişdir ki, Şahid1 ondan əl çəksin, onu şantaj etməsin. Şahid1 mətbuata yazıb ki, o, dövlət büdcəsini dağıdır. Şahid1 onu şantaj etdiyi və hədəqorxu gəldiyi üçün ondan şikayət etmişdir, hazırda araşdırma aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, 2022-ci ildə Şahid2 ona zəng edib, deyib ki, Siyəzən rayonunda internat məktəbinə yaxınlaşsın. Onu 2022-ci il oktyabrın 15-də Şəxs MMC-də işə götürmüşlər. O, Şahid2lə iş müqaviləsi bağlamışdır. Siyəzən rayonunda internat məktəbində xidmət rəisi vəzifəsində işləyəcəkdi. Həmin məktəbdə 3 nəfər mühafizəçi işləmiş, o da həmin şəxslərin rəisi olmuşdur. Şahid2 müqavilənin surətini ona verməmişdir. Ona Şəxs MMC-nin rəisi Etibar Qasımov zəng etmiş, demişdir ki, dərhal Siyəzənə gəlməlidir və ona demişdir ki, uşaqların kartını alsın. Şahid2 ona demışdir ki, rəis kartları götürür, istəyir 100 manat, istəyir 200 manat verir. Ona demişdir ki, belə bir şey ola bilməz. O, Şahid2 demişdir ki, bu, onun səs yazısıdır, şikayət edəcəkdir. Ondan sonra Etibar Qasımov ona zəng etmişdir. O, Etibar Qasımovla görüşmüşdür. Etibar Qasımov ona demişdir ki, narahat olmasın, Rafiq Rzayevlə yarım milyon vergiləri var. Bunlar vergidən yarım milyon pul yeyiblər. Demişdir ki, narahat olmasın, pul da, iş də veriləcəkdir. Etibar Qasımov və onun müavini Qüdrət zəng etmiş, demişlər ki, sabah gəlsin. Sabahı gün getmiş, ona demişdir ki, narahat olmasın, işinə qayıdacaq, pul da alacaqdır. Bir həftə sonra heç nə olmamış, sonra Etibar Qasımova zəng etmiş, o, demişdir ki, müavini onunla əlaqə saxlayacaqdır. Müavini zəng vurmuş, ona demişdir ki, gözü aydın, İlqarı işdən çıxardılar. Onu 15 oktyabr 2022-ci il tarixdə xidmət rəisi olaraq Siyəzən rayonundakı internat məktəbində işə götürmüşlər. 15 oktyabr 2022-ci il tarixdə onun əmrini vermişlər, həmin vaxt Şahid2 Şəxs MMC-də işləmişdir. Özü Şəxs MMC-nin direktorunu tanımamışdır. O, Şəxs MMC-də 9 ay işləmiş, aldığı maaş onu qane etməmişdir. İşlədiyi müddətdə ona iş vəsiqəsi verilməmişdir. Yaşadığı yerlə internat məktəbi arasındakı məsafə uzaqdır, o, taksi ilə gedib-gəlmiş, taksiyə 7 manat pul vermişdir. Onun forması olmuş, özü almışdır. O, MMC-nin direktoru Xalis Talıbovu tanıyır, amma onunla görüşməmişdir. Onu işə Şahid2 təyin etmiş, funksiyası 3 nəfər mühafizəçiyə nəzarət etmək olmuş, xidmət rəisi olaraq işə götürülmüşdür. Onunla müqavilə bağlanmışdır, lakin sonra portala vurmamışlar. Şahid2 işçi tapmasını demiş, o da tapmışdır. Həm də Şahid2 ona demişdir ki, o işçilərin kartını alsın. Şəhriyarı da, Xəqanini də onun adamları olduğu üçün qəsdən işdən çıxarmışlar. Sonradan Şəxs MMC-nin rəhbəri ona demişdir ki, məhkəməyə sübutlar təqdim etməsin, belə ki, özü veterandır, onun adı olmasın, məsələni Şahid2lə öz aralarında həll etsinlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında göstərmişdir ki, o, Şəxs MMC-nin işçisi kimi Siyəzən şəhər internat gimnaziyasında mühafizəçi işləyən müddətdə Şahid1 gəlib onu yoxlamışdır. O, telefon almış, ödəyə bilməmiş, barəsində şikayət olmuş, ona görə işdən çıxarılmışdır. Şahid1 də onlarla işləyib, nəzarətçi olub. Elxan onların formalarını yoxlamış, geyim qaydalarına baxmış, növbə rəisi olmuş, problemləri olub-olmadığını soruşmuşdur. O, həmin məktəbdə 2023-cü ilin fevral ayından 2024-cü ilin fevral ayınadək işləmişdir. Onu işə Şahid1 götürmüşdür. O, Şahid2 də qəbulunda olmuşdur. Şahid1 işə mülki formada gəlib-getmişdir. Şahid1 ona gəlib təqdim etməyiblər ki, bu, növbə başçısıdır, intizamı yoxlayacaq. Oraya gəlib-gedirdisə, demək ki, bu adam orada rəis idi. Gəlib deyirdi ki, o, növbə rəisidir. Onlar növbə dəyişəndə həmin şəxsə məlumat verirdilər. Məktəbin mühafizəsində 3 nəfər işçi olmuşlar. Onlar Şahid2 qəbulunda olmuşlar, onlara demişlər ki, rəhbər həmin şəxsdir. Mühafizədə o, Xəqani, Xanlar işləmişlər, üçü də növbələri dəyişəndə Şahid1 məlumat vermişlər. Amma ona Şahid2 deməmişdir ki, Şahid1 gəlib onları yoxlayacaqdır. Onlar giriş-çıxışa nəzarət etmişlər. Şahid1 onlara nəzarət etmiş, gəlib-gedib soruşmuşdur. İş barəsində Şahid1 gəlib demişdir ki, kənar şəxsləri buraxmasın, işinin nə olduğunu ona izah etmişdir. Şahid1 orada nə vaxtdan işlədiyini bilmir, amma ondan əvvəl işləmişdir. Onun yaxını Şahid1 tanışı olmuşdur, tanışına demişdir ki, mühafizəçi işi olsa ona desinlər, işləsin. Şahid1 səhər saat 9-da gəlib yoxlamış, axşamüstü getmişdir. Ondan sorna gələn şəxsə də nəzarəti Şahid1 etmişdir. Şahid1 harada qaldığını bilmir, amma o, yanlarına piyada gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında göstərmişdir ki, o, 1 ildən çox Şəxs MMC-də işləmiş, onu işə Şahid2 götürmüşdür. Onun özü Şahid1 tanımamışdır. Şahid1 tanıyan öz həmkəndlisi Elmir demişdir iş var. Onun vəzifə funksiyası mühafizə olmuşdur. Şahid1 orada onlara nəzarət etmişdir. Onlara Şahid2 demişdir ki, Şahid1 onların rəisi, rəhbəridir. İşdə olanda Şahid1 gəlib nəzarət etmiş, onun orada olubolmamağına, əyin-başına baxmışdır. Sonra Şahid1 bir müddət gəlməmiş, ondan sonra da onu işdən çıxarmışlar. Onu işdə yatdığı üçün işdən çıxarmışlar. Həmin vaxt Şahid1 artıq onlara nəzarət etməmişdir, o, nəzarət edəndə belə hallar olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şahid1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 yanvar 2024-cü il tarixli elektron müraciətindən görünür ki, o, Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə məlumat vermişdir; -Şahid1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhər idarəsinə verdiyi 10 yanvar 2024-cü il tarixli yazılı izahatdan görünür ki, o, Şəxs MMC-də 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayının sonunadək xidmət rəisi vəzifəsində çalışmışdır. Çalışdığı dövr ərzində onunla əmək və xidməti müqavilə bağlanmamış, əmək haqqı kart hesabı açılmamış, yalnız bir dəfə, may ayının sonu 1000 manat məbləğində nağd ödəniş edilmişdir. O, Şəxs MMC-də işə MMC-nin mühafizə xidmətinin rəisi Şahid2 tərəfindən cəlb edilmişdir, işə cəlb olunmasına razılıq isə Şəxs xidmətinin və "xxxx" xidmətinin yaradıcısı X5 tərəfindən verilmişdir. 2023-cü ilin may ayında işdən azad olunduqdan sonra təxminən iyun ayının 15-dək ara-sıra işə çıxmış, lakin may ayından sonra heç bir əmək fəaliyyəti icra etməmişdir. Bu müddət ərzində Şahid2 tapşırığına əsasən ona 2500 manat nağd ödəniş edilmişdir. Şəxs MMC-də işləməsini təsdiq edən sənəd yoxdur, lakin “WhatsApp” yazışmalarını tədim edir, həmin yazışmalarda işdən azad olunandan sonrakı proses əks olunmuşdur, şahid olaraq Şahid3 və Şahid4 izahatlarını təqdim edir; -Şahid1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12 20 oktyabr 2023-cü il tarixli yazılı müraciətindən görünür ki, o, Şahid2 ilə aralarında olan mübahisəli pul məsələsini həll etmişdir, ona görə Şəxs MMC-yə qarşı heç bir iddia və tələbi yoxdur; -Siyəzən rayon sakini Şahid8 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12 15 mart 2024-cü il tarixli yazılı müraciətindən görünür ki, o, 2017-ci ildən 2023-cü ilin iyun ayının 1-dək Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada mühafizəçi vəzifəsində işləmişdir. İşlədiyi dövrdə Elxan adlı şəxsin orada işlədiyini görməmişdir; -Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şahid6 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, o, vəzifə səlahiyyətləri ilə bağlı işinin çoxluğu ilə əlaqədar məhkəməyə şahid qismində gələ bilməmişdir, X12 təqdim etdiyi 15 mart 2024-cü il tarixli izahatı təsdiq edir və nəzərə alınmasını xahiş edir; -Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şahid6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12 15 mart 2024-cü il tarixli yazılı müraciətindən görünür ki, o, 2022-ci ilin 23 noyabr tarixindən həmin gimnaziyaya direktor vəzifəsinə təyin edilmişdir. Gimnaziyada işlədiyi vaxt ərzində 3 nəfər mühafizəçi növbəli olaraq işləyərək mühafizəni təmin etmişlər və burada Elxan adlı işçi işləməyib. Dünyanlıyev Elxan 2023-cü ilin may ayında ona yaxınlşaraq onun gimnaziyada işlədiyinə dair ərizə yazmağını tələb etmişdir. O, hər ay imzaladığı aktda 3 nəfər mühafizəçi olduğunu və bu səbəbdən də onun tələbini yerinə yetirə bilməyəcəyini bildirmişdir. Daha sonra ona zəng edərək səsini yazdığını və səs yazısından ona qarşı istifadə edəcəyini bildirmişdir. O, Şahid1 qanuna zidd tələbini yerinə yetirməmiş və bu haqda polis şöbəsinə məlumat vermişdir. Görülən qanuna müvafiq tədbir nəticəsində həmin şəxs ondan uzaq olmuşdur; -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi X10 (“Sifarişçi”) ilə Şəxs MMC-nin Baş İdarəsinin rəisi Şahid2 (“İcraçı”) arasında bağlanaraq təsdiq olunmuş 06 yanvar 2023-cü il tarixli müqavilədən Sifarişçi 05 yanvar 2023-cü il tarixdə keçirilmiş 2023-cü il ərzində bir sıra təhsil müəssisələrində (55 ədəd) mühafizə xidmətinin satın alınması üzrə müvafiq məbləğdə qiymət təklifini qəbul etmişdir; -Şəxs MMC-nin Baş İdarəsinin rəisi Şahid2 və Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şahid6 tərəfindən təsdiq olunmuş 27 yanvar 2023-cü il, 23 fevral 2023-cü il, 31 mart 2023-cü il, 26 aprel 2023-cü il və 30 may 2023-cü il tarixli aktlardan görünür ki, Şəxs MMC tərəfindən 2023-cü ilin qeyd olunan ayları üzrə Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasının inzibati binasının mühafizəsi stasionar olmaqla, 1 postda 3 nəfər mühafizəçi ilə təmin edilmişdir; -Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC 21 aprel 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, təsisçisi və qanuni təmsilçisi X13r; -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 25 may 2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs MMC-nin işçi Şahid2 ilə olan əmək müqaviləsinə 25 may 2023-cü il tarixdə xitam verilmişdir; -Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı 18 dekabr 2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, baş idarə rəisi vəzifəsinə təyin olunmuş Şahid2 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsi 18 dekabr 2023-cü il tarixdə elektron sistemə daxil edilmişdir; -Şahid2 elektron müraciətindən görünür ki, Siyəzən rayonu Böyük Həmyə kənd sakini Şahid1 onunla heç bir əmək müqaviləsi və iş birliyi olmadığı halda onun şantaj edərək bəzi dövlət orqanlarına şikayət edəcəyini bildirərək ondan 3500 manat pul almışdır. Pul aldığını və ondan bir daha şikayəti olmayacağını yazılı formada yazaraq bildirməsinə baxmayaraq, yenidən mətbuata və dövlət orqanlarına ondan şantaj xarakterli şikayət edərək pul tələb edir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Siyəzən rayon sakini Şahid1 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə məlumatı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati araşdırma aparılaraq məsuliyyətə cəlb edilmişdir. İnzibati araşdırma orqanının mövqeyinə görə, Şəxs MMC tərəfindən Şahid1 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayınadək Azərbaycan Respubikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmət rəisi vəzifəsində çalışaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Lakin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (“Sifarişçi”) ilə Şəxs MMC (“İcraçı”) arasında bağlanaraq təsdiq olunmuş 06 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən Sifarişçi 05 yanvar 2023-cü il tarixdə keçirilmiş 2023-cü il ərzində bir sıra təhsil müəssisələrində (55 ədəd) mühafizə xidmətinin satın alınması üzrə müvafiq məbləğdə qiymət təklifini qəbul etmiş, yalnız bundan sonra Şəxs MMC tərəfindən Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasının inzibati binasının mühafizəsi stasionar olmaqla, 1 postda 3 nəfər mühafizəçi ilə təmin edilmişdir. Belə olan halda, X15 Xidmətinə əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmiş Şahid1 2022-ci ilin oktyabr ayından 06 yanvar 2023-cü il tarixədək olan dövr üçün Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasının inzibati binasının mühafizəsini həyata keçirən Şəxs MMC-də işləyən mühafizəçilərin xidmət rəisi vəzifəsində işləməsi, lakin onunla əmək müqaviləsi bağlanmaması barədə irəli sürülən dəlillərin əsası yoxdur, həmin dövr üçün Şəxs MMC-nin mübahisələndirilən xarakterli inzibati xəta hadisəsini törətməsi birmənalı olaraq istisna edilir, işin faktiki mübahisəsiz halıdır. 06 yanvar 2023-cü il tarixdən 2023-cü ilin may ayının sonunadək olan dövrə münasibətdə məhkəmə qeyd edir ki, Şahid1 həmin dövr üçün də Şəxs MMC-də işləməsi, hər hansı xidmətlərin həyata keçirilməsinə cəlb edilməsi, bu zaman onunla əmək müqaviləsi bağlanmaması ilə bağlı sübut inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən müəyyən edilib inzibati xəta haqqında materiala əlavə edilməmiş, məhkəməyə təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı da müəyyən edilməmişdir. Şahid1 iddiasına görə, o, Şəxs MMC-də işə cəlb edildiyi üçün MMC-nin Baş İdarəsinin rəisi Şahid2 Dadaş oğlu tərəfindən ona pul vəsaiti ödənilmişdir, bu hal isə onun MMC-də işləməsini təsdiq edir. Lakin nəzərə alınmalıdır ki, Şəxs MMC-nin yeganə pay sahibi və təsisçisi X13r, Şahid2 Dadaş oğlunun işçi işə götürmək, onunla əmək müqaviləsi bağlamaq kimi səlahiyyətləri yoxdur, belə səlahiyyətlər yalnız X14 məxsusdur, hansı ki, yoxlanılan dövr üçün onun tərəfindən belə əmr verilməmiş və ya Şahid1 MMC-nin funksiyalarına aid işlərin (xidmətlərin) həyata keçirilməsinə cəlb etməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisəli hal faktiki olaraq Şahid2 ilə Şahid1 arasında yaranmışdır, Şahid2 həmin şəxsin onunla heç bir əmək müqaviləsi və iş birliyi olmadığı halda onun şantaj edərək bəzi dövlət orqanlarına şikayət edəcəyini bildirərək ondan 3500 manat pul alması, pul alması və ondan bir daha şikayəti olmayacağını yazılı formada yazaraq bildirməsinə baxmayaraq, yenidən mətbuata və dövlət orqanlarına ondan şantaj xarakterli şikayət edərək pul tələb etməsi ilə bağlı Şahid1 barəsində hüquqmühafizə orqanlarına şikayət etmişdir. Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasının inzibati binasının mühafizəsinə cəlb edilmiş Şahid3 və Şahid4 məhkəmədə şahid qismində verdikləri izahatlara münasibətdə qeyd edilməlidir ki, onların özləri belə, Şahid1 Şəxs MMC-nin işçisi olub-olmadığını, onun hansı əsasla onların iş fəaliyyətini yoxlamaq üçün gəlməsini ümumiyyətlə bilməmişlər, sadəcə hesab etmişlər ki, həmin şəxs gəlib onları yoxlayırsa, demək səlahiyyətli şəxsdir. Halbuki, Şahid1 Şəxs MMC-də hər hansı işlərin (xidmətlərin) görülməsinə cəlb edilməsi, bunda MMC-nin səlahiyyətli şəxsinin, rəhbərinin təqsirinin olması öz təsdiqini tapmamışdır. Bundan başqa, sübut qismində təqdim olunan “WhatsApp” yazışmalarının və səs yazılarının mətni ilə müəyyən olunur ki, onlar bəzi halda Şəxs MMC-nin Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasının inzibati binasının mühafizəsini həyata keçirmədiyi dövrü əhatə edir, digər hallarda isə müvafiq şəxslər arasında salamlaşma, haləhval tutma və bu kimi xarakterli mətnlərdən ibarətdir, Şahid1 Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmət rəisi vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin sübutu hesab oluna bilməz. Məhkəməyə təqdim olunan 31 yanvar 2023-cü il tarixli aktla bağlı qeyd edilməlidir ki, həmin akt birtərəfli qaydada, yəni Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şahid6 tərəfindən təsdiq olunmuş, aktın iştirakçısı kimi göstərilən Şəxs MMC-nin Baş İdarəsinin rəisi Şahid2 tərəfindən təsdiq edilməmişdir, ona görə Şəxs MMC tərəfindən 2023-cü ilin yanvar ayı üzrə həmin gimnaziyanın inzibati binasının mühafizəsi işinin 3 nəfər mühafizəçi və 1 nəfər xidmətə nəzarət edən şəxs vasitəsi ilə həyata keçirilməsinin sübutu kimi qəbul edilə bilməz, ona görə məhkəmə tərəfindən nəzərə alınmır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində isə təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan işə münasibətdə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən və bununla da inzibati xəta hadisəsi müəyyən edilmədiyindən, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və məhdud məsuliyyətli cəmiyyət inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1498/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1498/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver