Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1498/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, qərardan şikayət vermiş "xxxx" MMC-nin direktoru X2 nümayəndəsi “LCG” vəkil bürosunun vəkili Nümayəndə, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndələri X15 və X12 iştirakları ilə, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 25 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də rəsmi əmək müqaviləsi əsasında fəhlə (anbar) vəzifəsində çalışan vətəndaş X7 və digərləri kollektiv şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinə (bundan sonra: “Səlahiyyətli orqan” adlandırılacaq) şikayət edərək çalışdıqları iş yerində - anbarda temperaturun azalmasına görə əmək şəraitlərinin dəyişdiyini bildirmiş və buna müvafiq olaraq əmək haqlarının artırılmasını xahiş etmişlər. Şikayət əsasında səlahiyyətli orqan tərəfindən "xxxx" MMC-yə sorğu göndərilmiş, Cəmiyyətdən əmək müqaviləsi sənədləri, on iki aylıq iş vaxtının uçotu tabeli, ödəniş cədvəli və digər sənədlər tələb edilmişdir. Təqdim edilən sənədlər əsasında səlahiyyətli orqan tərəfindən "xxxx" MMC-də işçilərin əmək şəraitinin birtərəfli qaydada dəyişdirilməsi halları müəyyən olunmamış, bu hissədə hər hansı inzibati xəta törədilmədiyi və şikayətin əsassız olduğu aşkarlanmışdır. Buna baxmayaraq, səlahiyyətli orqan tərəfindən faktla bağlı MN ******* nömrəli, 13 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda səlahiyyətli orqan tərəfindən aşağıdakılar müəyyən edilmişdir: “X1 və X6 2024-cü ilin mart, iyun, noyabr ayları üzrə əmək haqlarının gecikdirilərək ödənildiyi, eyni zamanda X13 və X11 2024-cü ilin mart, iyun ayları üzrə, X5 2024-cü ilin iyun ayı üzrə iş günü hesab edilməyən bayram günlərində görülən işə görə ikiqat məbləğində əlavənin ödənilmədiyi, həmçinin, X11 xx.xx.2024-cü il tarixində iş günü hesab edilməyən bayram günü qabağı iş gününün müddətini bir saat qısaldılmadığı və buna görə əlavə əmək haqqının ödənilmədiyi müəyyən edilmişdir”. Bundan sonra inzibati xəta haqqında protokola səlahiyyətli orqan tərəfindən baxılmış və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyev tərəfindən Cəmiyyətin direktoru X4 barəsində MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək vəzifəli şəxs AR İXM-nin 192.4-cü maddəsinə əsasən, 1000.00 AZN (min manat) məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərarın əsaslandırıcı hissəsində aşağıdakı kimi qeyd olunmuşdur: “X1 və X6 2024-cü ilin mart, iyun, noyabr ayları üzrə əmək haqlarının gecikdirilərək ödənildiyi, eyni zamanda X13 və X11 2024-cü ilin mart, iyun ayları üzrə, X5 2024-cü ilin iyun ayı üzrə iş günü hesab edilməyən bayram günlərində görülən işə görə ikiqat məbləğində əlavənin ödənilmədiyi, həmçinin, X11 xx.xx.2024-cü il tarixində iş günü hesab edilməyən bayram günü qabağı iş gününün müddətini bir saat qısaldılmadığı və buna görə əlavə əmək haqqının ödənilmədiyi müəyyən edilmişdir”. Məhkəmənin nəzərinə çatdırırlar ki, Vüqar Ələkbərov, Azər Muradov və Teymur Xəlilov ilə "xxxx" MMC arasında imzalanmış əmək müqavilələrinin müvafiq bəndinə görə işçilərə əmək haqqı hər növbəti ayın 3-də ödəniləcəyi qeyd edilsə də, 2024cü ilin mart, iyun, noyabr ayları üzrə əmək haqları cəmi 1 gün sonra - təqvim ayının 3-cü günündə yox, 4-cü günündə ödənilmişdir. Bunun da üzrlü səbəbi ondan ibarətdir ki, 2024cü il fevral ayının əmək haqqısı ödənilərkən mart ayının 2 və 3-ü tarixləri istirahət günləri olduğu üçün üzrlü səbəbdən mart ayının 4-ü ödənilmişdir. May ayının əmək haqqı isə iyun ayının 1 və 2-ci tarixləri istirahət günü olduğu üçün, əmək haqqı hazırlıqları isə 1 gündən artıq vaxt tələb etdiyi üçün iyun ayının 4-ü ödənilmişdir. Oktyabr ayının əmək haqqısı isə noyabr ayının 2 və 3-ü tarixləri istirahət günləri olduğu üzrlü səbəbdən noyabr ayının 4-ü ödənilmişdir. Göründüyü kimi əslində səlahiyyətli orqan tərəfindən gəlinmiş nəticə yanlışdır, çünki əmək haqlarının ödənilməsində hər hansı gecikmələrə yol verilməmiş, ödəniş tarixi qeyri-iş günlərinə düşdüyündən ödənişlər növbəti iş günü icra edilmişdir. Məhkəmənin xüsusilə diqqətinə çatdırırlar ki, işçilər Vüqar Ələkbərov, Azər Muradov və Teymur Xəlilov kollektiv şikayətlərində əmək haqqının gecikdirilərək ödənilməsindən bəhs etməmişlər, həm adını qeyd etdiyi işçilər, həm də ümumiyyətlə bütün işçi kollektivi arasında belə bir bir narazılıq mövcud olmamışdır. Lakin səlahiyyətli orqan bu halı ümumiyyətlə nəzərə almamışdır. Səlahiyyətli orqan bu hissədə qanunvericiliyin normalarını həddən artıq ciddi bir şəkildə tətbiq etmiş və ifrat formallıq nümayiş etdirmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2019-cü il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə görə dövlət orqanları və məhkəmələr qanunvericilik normalarını həddən artıq ciddi bir şəkildə tətbiq etməməli, ifrat formallıqdan çəkinməlidir (bax: “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Plenumunun 24 dekabr 2019cu il tarixli Qərarı) Ümumiyyətlə, məhkəmə nəzərə almalıdır ki, səlahiyyətli orqan ona ünvanlanmış şikayət əsasında icraat aparırsa həmin şikayətdə qeyd olunanlar üzrə araşdırma aparmalı və şikayətdəki araşdırılmalı predmetdən kənara çıxmamalıdır. Əksi təqdirdə bu şikayət üzrə araşdırma yox, sahibkarlıq sahəsində yoxlama kimi qiymətləndirilməlidir və nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununun 1-ci maddəsinə görə sahibkarlıq sahəsində bütün yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırılmışdır. Qərarın ləğv olunması üçün digər əsas ondan ibarətdir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən işçi X5 və X11 "xxxx" MMC-də cəmlənmiş uçot qaydalarına uyğun çalışdığını və bu cür iş vaxtı rejiminin spesifik xüsusiyyətlərini nəzərə almamışdır. Ümumi məlumat üçün bildirir ki, cəmlənmiş uçot iş vaxtının elə bir rejimidir ki, əməyin və işin spesifik xüsusiyyətləri nəzərə alınaraq AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş bəzi qadağa və məhdudiyyətlər bu rejimin tətbiq olunduğu iş yerlərində istisna hal olaraq nəzərə alınmır. Məsələn, cəmlənmiş uçot rejiminin tətbiq olunduğu işlərdə işçilər digər iş rejimində çalışan işçilərdən fərqli olaraq günlük 8 saatdan və ya həftəlik 40 saatdan artıq işləməli olur və ya bayram və istirahət günləri onlar üçün bayram və istirahət günü hesab edilməyərək həmin günlərdə normal iş günü kimi işə çıxmalı olur. Cəmlənmiş uçot rejimi, bir qayda olaraq, fasiləsiz və növbəli rejim əsasında fəaliyyət göstərən istehsalat, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində tətbiq edilir. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir, həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, səlahiyyətli orqan işçi Vüqar Ələkbərovun və Teymur Xəlilovun cəmlənmiş uçot rejimində çalışdığını və cəmlənmiş uçot üzrə çalışan işçilərin iş vaxtının spesifik formada (növbə qrafikləri ilə və s.) tənzimləndiyini nəzərə almamışdır. Belə ki, cəmlənmiş uçot rejimində çalışan işçinin aylıq iş vaxtına normasına daxil olan iş günləri və ya iş saatları bəzən bayram günləri və ya bayram günü qabağı qısaldılmalı olan iş saatları ilə üst-üstə düşür. Bu hallarda bayram günləri və bayram qabağı qısaldılmalı iş saatı cəmlənmiş uçot rejimində növbəli qrafiklə çalışan işçilərin iş vaxtı normasında nəzərə alındığı üçün iş günü hesab edilir və iş saatı qısaldılmır. Məsələn, iyirmi dörd saat fasiləsiz xidmət göstərən müəssisənin cəmlənmiş uçot rejiminə çalışan işçisinin iş vaxtının bir saat qısaldılması digər növbədə çalışan işçinin bir saat tez işə cəlb edilməli olmasını (bax: xidmət fasiləsiz həyata keçirilir) şərtləndirir ki, bu da yolverilməzdir. Bundan əlavə cəmlənmiş uçot dövründə iş vaxtından artıq iş uçot dövrü (aylıq, yarımillik və ya illik) üzrə müəyyənləşdirilmiş yekun iş vaxtı normasının aşılıb-aşılmadığı ilə müəyyən olunur. Cəmlənmiş uçot məhz bu tip mübahisəli və çıxılmaz məqamların qanunvericiliklə nəzərdə tutulmuş qaydada obyektiv və ədalətli həlli üçün tətbiq edilməkdədir. Lakin səlahiyyətli orqan tərəfindən işçi V.Ələkbərova və T.Xəlilova dair tətbiq olunan iş vaxtı rejimi araşdırılmadan və onun cəmlənmiş uçot dövrü üzrə hər hansı iş vaxtından artıq işə cəlb olunmadığı halda vəzifəli şəxs Şahəddin İbrahimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmənin xüsusilə diqqətinə çatdırırlar ki, Azərsun Holdinq MMC-nin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı iş vaxtının cəmlənmiş uçotu barədə məsələlərlə bağlı sorğusuna AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 mart 2020-ci ildə **********5 nömrəli məktubu ilə cavab verilmiş və cavab məktubunun 11ci bəndində aşağıdakı kimi qeyd edilmişdir: 11-ci sual. İş vaxtının cəmlənmiş uçotu aparılarkən tətbiq edilən qeydiyyat (uçot) dövrünün iş vaxtı normasında bayramqabağı günlərdə iş vaxtının qısaldılması nəzərə alındığı üçün bayramqabağı günlərdə iş vaxtı bir saat qısaldılmır. Açıq-aşkar göründüyü kimi səlahiyyətli orqanın tabe olduğu AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məktubu ilə də yuxarıda qeyd etdikləri tam öz təsdiqi tapır və cəmlənmiş uçot tətbiq edilən iş yerlərində bayramqabağı günlərdə iş vaxtı bir saat qısaldılmır. Belə olduğu təqdirdə hazırki işdə inzibati xəta hadisəsinin olmadığı bir daha təsdiqlənir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin MN saylı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, əmək müqaviləsində əmək haqqının ödənilməsinin ödənilmə tarixi ayın 3-4-ü yazılmışdır. Onlar da ən gec 4-ü əmək haqqını vermişlər. İndiki halda əmək haqqı ayın 4-də ona görə verilmişdir ki, həftə sonu olmuşdur. İstehsalat fasiləsizdir. Şəhər daxilində iri həcmli nəqliyyat vasitələrinin sürülməsi qadağandır. Fasiləsiz yağ istehsal edilir. Pulun verilmə məsələsinə gəldikdə isə o, bununla bağlı ƏƏSMN məktubunu da əlavə etmişdir. Orada da yazılmışdır ki, qısaldılmış vaxt cəmlənmiş uçotun aylıq iş vaxtı normasına daxildir. Onlar əmək haqqlarını gecikdirmirlər, sadəcə ƏMAS-dan düzgün istifadə etməmişlər. Əmək haqqını illərdir razılaşma əsasında ayın 3-4-ü vermişlər. Onların əməlində inzibati xəta tərkibi yoxdur. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X23 şikayətdə qeyd olunanlarla razılaşmayıb izahatında göstərmişdir ki, işçiyə hər ayın 3-dən gec olmayaraq əmək haqqı verilməlidir. Şikayətdən də görünür ki, üzrlü səbəbdən yubadılıb, 3 ay gec verilib əmək haqqı. Birinci əsas pozuntu elə buradadır. İş günü olmayan bayram günləri qabağı iş günü qısaldılmalıdır. Bunu əsaslandırırlar ki, davamlı işlədikləri üçün qısalda bilmirlər. Qısalda bilmədikdə əmək haqqı işçiyə verilməlidir, lakin vermirlər. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X21 digər nümayəndənin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, əmək haqqının verilməli olduğu gün bayram və ya istirahət günlərinə düşərsə həmin günlərdən əvvəlki gün əmək haqları verilməlidir. Əgər ayın 3-ü qeyri-iş günlərinə təsadüf edirsə, onlar əmək haqqını ayın 1-i verməlidirlər. Mübahisələndirilən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də depoda işləyir. Yağları hazır olan malları anbara daxil olur, onlar həmin malları digər anbara təhvil verirlər. Onlar orada saatla işləyirlər, 8 saat iş rejimidir. Zavod dayanmır. Onlar növbəli şəkildə işləyirlər. Digər depoya təhvil verirlər. Yağ saxlanacaqsa onlar depoya qoyur, göndəriləcəkdirsə yola salırlar. Əsas orada şərait yaxşı deyildir. Suyun dərəcəsi +12 dərəcə, +13 dərəcə idi. Həmin deponu iki yerə böldülər. Yandakı deponun dərəcəsini saldılar. Onlar da öz depolarında işləyir, tərləyirdilər, daha sonra da digər depoya gedib-gələrək, soyuqlayırdılar. Onların tələbi ondan ibarət idi ki, onların ya əmək haqqlarını qaldırsınlar, ya da şəraiti düzəltsinlər. Onlar maaşların gecikməsi ilə bağlı müraciət etməmişlər. Maaş sadəcə bazar gününə düşəndə bir-iki gün yubanır. Maaşın dəqiq nə vaxt verilməli olduğunu bilmir. Ən gec ayın 3-4 verirlər maaşı. Ayın 1-2 maaş günüdür, həftəsonuna düşsə 3-4 verilir. Onun əmək haqqı barədə şikayəti olmamışdır. Vaxtı-vaxtında maaşı verilmişdir. İşlədiyi iş yerində istehsalat fasiləsizdir. Onu evə göndərsələr istehsalat dayana bilər. Bütün işçilər 8 saat işləyir. İşdə kiminsə daha az, kiminsə daha çox qaldığı olmur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 23 yanvar 2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X8 "xxxx" MMC-də işə qəbul olunmuş, əmək haqqının ayda bir dəfə, növbəti ayın 03-04-ü tarixlərində ödənilməsi müəyyən edilmişdir; - 23 yanvar 2015-ci il tarixli əmək müqaviləsinə 29 yanvar 2019-cu il tarixli əlavənin surətindən görünür ki, X8 işlədiyi "xxxx" MMC-də 29 yanvar 2019-cu il tarixdən etibarən iş vaxtının növbə cədvəlinə uyğun təşkil edilməsindən ibarət dəyişiklik edilməsi ilə razılaşmışdır; - 23 yanvar 2015-ci il tarixli əmək müqaviləsinə 07 yanvar 2024-cü il tarixli əlavənin surətindən görünür ki, X8 işlədiyi "xxxx" MMC-də 01 yanvar 2024-cü il tarixdən etibarən iş vaxtının illik cəmlənmiş uçotiunun tətbiq edilməsindən ibarət dəyişiklik edilməsi ilə razılaşmışdır; - 22 fevral 2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X16 "xxxx" MMC-də işə qəbul olunmuş, əmək haqqının ayda bir dəfə, növbəti ayın 03-04-ü tarixlərində ödənilməsi müəyyən edilmişdir; - 22 fevral 2010-cu il tarixli əmək müqaviləsinə 29 yanvar 2019-cu il tarixli əlavənin surətindən görünür ki, X16 işlədiyi "xxxx" MMC-də 29 yanvar 2019-cu il tarixdən etibarən iş vaxtının növbə cədvəlinə uyğun təşkil edilməsindən ibarət dəyişiklik edilməsi ilə razılaşmışdır; - 22 fevral 2010-cu il tarixli əmək müqaviləsinə 07 yanvar 2024-cü il tarixli əlavənin surətindən görünür ki, X16 işlədiyi "xxxx" MMC-də 01 yanvar 2024-cü il tarixdən etibarən iş vaxtının illik cəmlənmiş uçotiunun tətbiq edilməsindən ibarət dəyişiklik edilməsi ilə razılaşmışdır; - 02 iyun 2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X13 "xxxx" MMC-də işə qəbul olunmuş, əmək haqqının ayda bir dəfə, növbəti ayın 03-04-ü tarixlərində ödənilməsi müəyyən edilmişdir; - 02 iyun 2014-cü il tarixli əmək müqaviləsinə 29 yanvar 2019-cu il tarixli əlavənin surətindən görünür ki, X13 işlədiyi "xxxx" MMC-də 29 yanvar 2019-cu il tarixdən etibarən iş vaxtının növbə cədvəlinə uyğun təşkil edilməsindən ibarət dəyişiklik edilməsi ilə razılaşmışdır; - 02 iyun 2014-cü il tarixli əmək müqaviləsinə 07 yanvar 2024-cü il tarixli əlavənin surətindən görünür ki, X13 işlədiyi "xxxx" MMC-də 01 yanvar 2024-cü il tarixdən etibarən iş vaxtının illik cəmlənmiş uçotiunun tətbiq edilməsindən ibarət dəyişiklik edilməsi ilə razılaşmışdır; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi tərəfindən tərtib olunmuş 13 fevral 2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 və X6 2024-cü ilin mart, iyun, noyabr ayları üzrə əmək haqları gecikdirilərək ödənilmiş, eyni zamanda X13 və X11 2024-cü ilin mart, iyun ayları üzrə, X5 2024-cü ilin iyun ayı üzrə iş günü hesab edilməyən bayram günlərində görülən işə görə ikiqat məbləğində əlavəsi ödənilməmiş, həmçinin, X11 xx.xx.2024-cü il tarixində iş günü hesab edilməyən bayram günü qabağı iş gününün müddəti bir saat qısaldılmamış və buna görə əlavə əmək haqqı ödənilməmişdir. Nəticədə "xxxx" MMC-nin icraçı direktoru X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 25 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin icraçı direktoru X2 barəsində 13 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisələndirilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 25 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının qəbul edilməsinə, X8 və X6 2024-cü ilin mart, iyun, noyabr ayları üzrə əmək haqlarının gecikdirilərək ödənilməsi, X13 və X11 2024-cü ilin mart, iyun ayları üzrə, X5 2024-cü ilin iyun ayı üzrə iş günü hesab edilməyən bayram günlərində görülən işə görə ikiqat məbləğində əlavənin ödənilməməsi, X11 27 may 2024-cü il tarixində iş günü hesab edilməyən bayram günü qabağı iş gününün müddətinin bir saat qısaldılmaması və buna görə əlavə əmək haqqının ödənilməməsi əsas olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir; 96-cı maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir; 103-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir, fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir; 104-cü maddəsinin 1-ci hissəsinə əsasən, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır; 107-ci maddəsinə əsasən bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir; 101-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün. 164-cü maddəsinin 1-ci hissəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin işçiləri X8, X13 və X16 ilə həmin MMC arasında imzalanmış əmək müqavilələrinin şərtlərinə görə, işçilərə əmək haqqı hər növbəti ayın 03-04 tarixlərində ödəniləcəyi müəyyən edilmişdir. Həmin işçilərin 2024-cü ilin mart, iyun, noyabr ayları üzrə əmək haqları təqvim ayının 4-cü günündə ödənilmişdir. Hansı ki, 2024-cü il fevral ayının əmək haqqı ödənilərkən mart ayının 2 və 3-ü tarixləri istirahət günləri olmuş, əmək haqları mart ayının 4-də ödənilmişdir. May ayının əmək haqqı iyun ayının 1 və 2-ci tarixləri istirahət günü olduğundan və əmək haqqının hesablanaraq ödənilməsi hazırlıqları üçün vaxt tələb etdiyindən iyun ayının 4-də ödənilmişdir. Oktyabr ayının əmək haqqı noyabr ayının 2 və 3-ü tarixləri istirahət günləri olduğundan noyabr ayının 4-dən ödənilmişdir. Bununla da, əmək haqlarının ödənilməsində hər hansı gecikmələrə yol verilməmiş, ödəniş tarixi qeyri-iş günlərinə düşdüyündən ödənişlər növbəti iş günü icra edilmişdir. Cəmlənmiş uçot rejimi ilə bağlı qeyd edilməlidir ki, bu rejim, iş vaxtının elə bir rejimidir ki, əməyin və işin spesifik xüsusiyyətləri nəzərə alınaraq Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş bəzi qadağa və məhdudiyyətlər bu rejimin tətbiq olunduğu iş yerlərində istisna hal olaraq nəzərə alınmır. Belə ki, cəmlənmiş uçot rejiminin tətbiq olunduğu işlərdə işçilər digər iş rejimində çalışan işçilərdən fərqli olaraq günlük 8 saatdan və ya həftəlik 40 saatdan artıq işləməli olur və ya bayram və istirahət günləri onlar üçün bayram və istirahət günü hesab edilməyərək həmin günlərdə normal iş günü kimi işə çıxmalı olur. Cəmlənmiş uçot rejimi, bir qayda olaraq, fasiləsiz və növbəli rejim əsasında fəaliyyət göstərən istehsalat, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində tətbiq edilir. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir, həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Hazırkı halda "xxxx" MMC-nin işçiləri X8 və X11 cəmlənmiş uçot rejimində çalışdıqları və cəmlənmiş uçot üzrə çalışan işçilərin iş vaxtının spesifik formada (növbə qrafikləri ilə və s.) tənzimləndiyi nəzərə alınmalıdır. Belə ki, cəmlənmiş uçot rejimində çalışan işçinin aylıq iş vaxtına normasına daxil olan iş günləri və ya iş saatları bəzən bayram günləri və ya bayram günü qabağı qısaldılmalı olan iş saatları ilə üst-üstə düşür. Bu hallarda bayram günləri və bayram qabağı qısaldılmalı iş saatı cəmlənmiş uçot rejimində növbəli qrafiklə çalışan işçilərin iş vaxtı normasında nəzərə alındığı üçün iş günü hesab edilir və iş saatı qısaldılmır. İyirmi dörd saat fasiləsiz xidmət göstərən müəssisənin cəmlənmiş uçot rejiminə çalışan işçisinin iş vaxtının bir saat qısaldılması digər növbədə çalışan işçinin bir saat tez işə cəlb edilməli olmasını şərtləndirir ki, bu da yolverilməzdir. Bundan əlavə cəmlənmiş uçot dövründə iş vaxtından artıq iş uçot dövrü (aylıq, yarımillik və ya illik) üzrə müəyyənləşdirilmiş yekun iş vaxtı normasının aşılıb-aşılmadığı ilə müəyyən olunur. Cəmlənmiş uçot məhz bu tip mübahisəli və çıxılmaz məqamların qanunvericiliklə nəzərdə tutulmuş qaydada obyektiv və ədalətli həlli üçün tətbiq edilməkdədir. X17 Xidməti tərəfindən "xxxx" MMC-nin işçiləri X8 və X14 dair tətbiq olunan iş vaxtı rejimi araşdırılmadan və onun cəmlənmiş uçot dövrü üzrə hər hansı iş vaxtından artıq işə cəlb olunmadığı halda MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunaraq barəsində tənbeh tətbiq edilmişdir. Halbuki, iş vaxtının cəmlənmiş uçotu aparılarkən tətbiq edilən qeydiyyat (uçot) dövrünün iş vaxtı normasında bayramqabağı günlərdə iş vaxtının qısaldılması nəzərə alındığı üçün bayramqabağı günlərdə iş vaxtı bir saat qısaldılmır. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən, MMC-nin işçiləri X8 və X6 2024-cü ilin mart, iyun, noyabr ayları üzrə əmək haqlarının gecikdirilərək ödənilməsi, X13 və X11 2024-cü ilin mart, iyun ayları üzrə, X5 2024-cü ilin iyun ayı üzrə iş günü hesab edilməyən bayram günlərində görülən işə görə ikiqat məbləğində əlavənin ödənilməməsi, X11 27 may 2024-cü il tarixdə iş günü hesab edilməyən bayram günü qabağı iş gününün müddətini bir saat qısaldılmaması və buna görə əlavə əmək haqqının ödənilməməsi hallarına yol verilməməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməmişdir, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin icraçı direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 25 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1498/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1498/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver