Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1499/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus ofisdə keçirilən yanğın-texniki müayinə zamanı YTQ № 01-2001, bənd 5.1-5.6, YTQ 01-2001, bənd 6.1-6.10 tələblərinin pozulduğu müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizəsi göndərərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinii xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 3(007)-1499/2024 saylı inzibati iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-dir. Həmin inzibati xəta haqqında iş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-nin 3-cü ərazi X5 İdarəsi tərəfindən keçirilmiş yoxlamaya və 28 fevral 2024-cü il tarixli, ******* saylı protokola əsaslanır. Adı çəkilən idarənin əməkdaşları "xxxx" MMC-nin Q.Qarayev prospekti, ev 81 ünvanında Müştəri Xidmətləri ofisində növbəti yoxlama zamanı "Obyektin təxliyyə yolları norma və qaydaların tələblərinə cavab vermir, eyni zamanda obyektin elektrik təsərrüfatına baxış keçirilməsi barədə mütəxəssis aktının olmamasına əsaslanaraq xx.xx.2024-cü il tarixində qərar qəbul edərək protokol tərtib etmişdir. Yoxlamanı həyata keçirən 3-cü ərazi X5 İdarəsinin əməkdaşlarının tərtib etdiyi protokoldakı faktlar öz əksini tapmır. Belə ki, obyektin təxliyyə yollarının norma və qaydalarına əməl olunmaması ilə əlaqədar həmin obyekt inşa olunan zaman bütün dövlət orqanları tərəfindən baxış keçirilmiş və komissiya aktı tərtib olunmuş, bina qəbul edilmişdir. Sonradan tərəflərindən həmin təxliyyə qapısının olmaması ilə əlaqədar olaraq Nizami rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edilmiş və onlar tərəfindən 13 avqust 03/1098 saylı məktubla bu məsələyə baxılacağı və müvafiq cavab veriləcəyi ilə cavab verilmişdir. Eyni zamanda qanunun tələbinə görə 50 nəfərdən artıq adamın iştirak etdiyi, toplandığı otaqlarda təxliyyə çıxışı olmalıdır. Halbuki, həmin ofisdə 5 nəfər işləyir. Belə olan halda hansı təxliyə qapısından söhbət gedə bilər, aydın deyil. Digər məsələ isə, obyektin elektrik təsərrüfatına baxış keçirilməsi barədə mütəxəssis aktının olmamasına gəldikdə isə həmin akt və digər müvafiq sənədlər var.(əlavə edilir). Qərarda 1 ay ərzində həmin qüsurların aradan qaldırılması ilə bağlı vaxt verilir yazılsa da, şirkətə məlumat məhkəməyə veriləndən sonra məlum olmuşdur. Digər tərəfdən DYNX-nin 3-cü ərazi X5 İdarəsinin əməkdaşı bu sahədə məsul olan şəxsin obyektdə yoxlamada iştirak etməsini təmin etməyərək çıxıb getmişdir. Yoxlamanın keçirilməsi ilə bağlı qanunvericilikdə tələb olunan qaydalara əməl edilməmişdir. Hesab edir ki, protokol qanunsuz və əsassızdır. Obyektin yanğın təhlükəsizliyinə məsul olan şəxsə belə deyil, şirkətə protokol tərtib edilməsini də düzgün hesab etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 təqdim olunmuş ərizəsinə uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü tarixli məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin X5 şöbəsinin inspektoru X3 tərtib olunmuş protokola uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus ofisdə keçirilən yanğın-texniki müayinə zamanı YTQ № 01-2001, bənd 5.1-5.6, YTQ 01- 2001, bənd 6.1-6.10 tələblərinin pozulduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş X5 Xidməti 3-cü ərazi X5 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin “yanğın-texniki müayinənin aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 1291 nömrəli qərarından və yoxlama suallarının siyahısından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus ofisdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək - Təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti, köçürmə yollarına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 5.1-5.6.Sual 252); Elektrik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 6.1-6.10. Sual 253) planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin əməkdaşı R.Y.Əkbərov tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 1291 nömrəli aktdan və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin “yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” xx.xx.2024-cü il tarixli, 1291 nömrəli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus ofisdə xx.xx.2024-cü il tarixdə keçirilən müayinə zamanı aşağıda qeyd olunan qanun pozuntuları aşkar edilmişdir: Obyektin təxliyyə yolları norma və qaydaların tələblərinə uyğun deyil (YTQ № 01-2001, bənd 5.1-5.6,); Obyektin elektrik təsərrüfatına profilaktiki baxış keçirilməyib, nəticəsi barədə mütəxəssis aktı tərtib edilməyib (YTQ 01-2001, bənd 6.1-6.10). Həmin pozuntuların aradan qaldırılması üçün 1 (bir) ay müddət verilmişdir. - Şəxs MMC-nin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin “elektrik avadanlığının mühafizə torpaqlanması müqavimətinin yoxlanması və ölçülməsi” barədə xx.xx.2023-cü il tarixli, 2296-T nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus ofisdə torpaqlanma konturunun müqaviməti normaldır. - Şəxs MMC-nin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin “kabellərin və naqillərin izolyasiyasının ölçülməsi” barədə xx.xx.2023-cü il tarixli, 2296-KB nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus ofisdə kabel və naqillərin izolyasiya müqaviməti qənaətbəxşdir, EQQQ normalarına uyğundur. - Şəxs MMC-nin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin görülən işlər və xidmətlər üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus ofisdə olan 4 ədəd 5kq-lıq və 6 kq-lıq CO2 qazlı yanğınsöndürmə balonu yoxlanılmışdır. - Şəxs MMC-nin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli texniki servis aktından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus ofisdə yanğın siqnalizasiya sistemi servis olunmuş, sistem təmizlənmiş, test olunmuş tam işlək vəziyyətdə təhvil verilmişdir. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə qeyd olunmalıdır ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin mənasına görə, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsi – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə tədqiqi zamanı isə aşağıdakı əsaslarla Şəxs MMC-nin əməlində həmin inzibati xətanın törədilməsi ilə müşayiət olunan inzibati xəta tərkibi müəyyən edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli,1291 nömrəli akt tərtib olunarkən Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, bununla da inzibati araşdırma səthi aparılmışdır. Baxmayaraq ki, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, bu sübutetmə bilavasitə inzibati orqanın üzərinə düşür, inzibati orqandan fərqli olaraq Şəxs MMC tərəfindən təqdim olunan sübutların tədqiqi ilə işin yuxarıda göstərilən faktiki halları ilə müəyyən edilmişdir ki, 23 fevral 2024-cü il tarixdə aparılan yanğın-texniki müayinədən daha əvvəldən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus ofisdə mövcud olan yanğınsöndürən balonlara, kabellərə və naqillərə mütəxəssis tərəfindən baxış keçirilmiş, servis xidmətləri göstərilmiş və yararlı vəziyyətə gətirilmiş, elektrik avadanlığının torpaqlanma konturunun müqaviməti yoxlanaraq normal olması müəyyən edilmiş, sistemlər tam işlək vəziyyətdə olmuşdur. Bundan başqa Şəxs MMC tərəfindən xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət olunaraq ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus daşınmaz əmlakda ehtiyat giriş-çıxış qapısının açılması üçün icazə verilməsi xahiş olunmuşdur. Ona görə məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Beləliklə, məhkəmə iclasında X5 Xidməti 3-cü ərazi X5 İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus ofisdə yanğın-texniki müayinənin keçirilməsi zamanı və həmin obyekdə YTQ-nın (Obyektin təxliyyə yolları norma və qaydaların tələblərinə uyğun deyil YTQ № 01-2001, bənd 5.1-5.6; Obyektin elektrik təsərrüfatına profilaktiki baxış keçirilməyib, nəticəsi barədə mütəxəssis aktı tərtib edilməyib YTQ 01-2001, bənd 6.1-6.10). tələblərinin pozulması sübuta yetirilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1499/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1499/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver