Məhkəmə qərarları › İş №3(007)-150/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-150/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-150/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, 01 iyun 1985-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X1 barəsində Bakı şəhər Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 15.12.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 14.12.2021-ci il tarixdə “Nissan Tida” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Bakı şəhəri, Neftçilər prospekti (Sərdar Səfərov küçəsi-Keykab xanım Səfərəliyeva küçəsi) ünvanda dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X2 şikayət verərək, barəsində tərtib olunmuş 15 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, “Nissan Tida” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun istifadəsində olan nəqliyyat vasitəsi olduğunu və olduğu ərazidə hansı yol hərəkət nişanının tələbini pozmasını isbat edilməsini tələb edir. Belə ki, ona aid asan pay ünvanına daxil olmuş elektron protokola əlavə edilmiş və arxadan çəkilmiş nömrəsi və dayandığı yer məlum olmayan bir foto yerləşdirilmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. X2 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılması haqqında vəsatət vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 vəsatətinə əsasən inzibati xəta haqqında işə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş və inzibati işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə daxil olmuş şikayəti sənədlərlə əlaqəli araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və inzibati iş üzrə qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Belə ki, inzibati orqanın inzibati iş üzrə qəbul etdiyi 15 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarda A.Z.Allahverdiyevin inzibati xəta törətdiyi qeyd olunsa da, sonuncu həmin qərarı mübahisələndirərək, 14.12.2021-ci il tarixdə saat 20:23-də Bakı şəhəri, Neftçilər prospekti (Sərdar Səfərov küçəsi-Keykab xanım Səfərəliyeva küçəsi) ünvanda dayanma və ya durma qaydalarını pozmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən “Nissan Tida” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X1 Bakı şəhəri, Neftçilər prospekti (Sərdar Səfərov küçəsi-Keykab xanım Səfərəliyeva küçəsi) ünvanda dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair təqdim etdiyi fotoşəkildə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini dəqiq görmək mümkün deyil. Məhs bu əsasla A.Z.Allahverdiyev həmin nəqliyyat vasitəsinin ona aid olmadığını iddia etmişdir. Məhkəmə baxışı zamanı da həmin nəqliyyat vasitəsinin “Nissan Tida” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla, Qanunvericilik inzibati xəta törətmiş şəxsin təqsirli olmasının sübut olunması vəzifəsini inzibati orqanın üzərinə qoymuş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, sübutların kifayət etməməsi səbəbindən “Nissan Tida” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X1 14.12.2021-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospekti (Sərdar Səfərov küçəsi-Keykab xanım Səfərəliyeva küçəsi) ünvanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsaslı olması barədə qəti qənaətə gəlmək mümkün qeyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X1 barəsində qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən X1 barəsində qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar