Məhkəmə qərarları › İş №3(007)-1500/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1500/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1500/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilən xx.xx.2020-ci il tarixli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Q.E.Gülməmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o özünə məxsus olan “Toyota Land-Cruiser” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili 2 ay müddətinə idarə etmək üçün xx.xx.2019-cu il tarixdə X1 Xətai rayonunda yerləşən notariat kontorunda etibarnamə vermişdir. Həmin etibarnamənin xx.xx.2020-ci il tarixdə müddəti bitmişdir. X2 onun heç bir telefonlarına cavab verməmiş və mülkiyyətində olan avtomobili ona qaytarmamışdır. “Toyota Land-Cruiser” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılıb ona qaytarılması üçün o, xx.xx.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 15:42-də idarə etdiyi “Toyota Land-Cruiser” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 68-ci km-də Ələt istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 tərəfindən Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli, 016-16014H-3220 nömrəli məktubdan görünür ki, Şəxs “Toyota” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılmasına köməklik göstərilməsi barədə DİN-nin Baş Dövlət X4 ünvanladığı müraciətinə iştirakı ilə baxılmış, qeyd olunan avtomobilin qanunsuz idarə olunması ilə əlaqədar Dövlət Yol Polisinin şəxsi heyəti təlimatlandırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Toyota Land-Cruiser” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2 ay müddətinə idarə edilməsi üçün xx.xx.2019-cu il tarixdə X1 etibarnamə vermiş, həmin etibarnamənin xx.xx.2020-ci il tarixdə müddətinin bitməsinə baxmayaraq avtomobil Şəxs geri qaytarılmamışdır. Şəxs bu barədə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X5 ərizə ilə müraciət etmiş, müraciəti əsasında “Toyota Land-Cruiser” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz idarə olunması ilə əlaqədar Dövlət Yol Polisinin şəxsi heyəti təlimatlandırılmışdır. Beləliklə, məhkəmə iclasında inzibati xətanın törədildiyi “Toyota Land-Cruiser” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Şəxs tərəfindən idarə edilməsi və onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1964-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar