Məhkəmə qərarları › İş №3(007)-1500/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1500/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1500/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Şikayətçi "xxxx" MMC-nin direktoru X3 və qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 idarəsinin nümayəndəsi X4 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X9 idarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, X9 İdarəsinin inspektoru Daxili Xidmət kapitanı X5 tərəfindən "Buta Farm” MMC-yə məxsus Yasamal rayonu. Parlament prospekti 92 ünvanında yerləşən aptekdə keçirilmiş planlı yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən əsasən inzibati xəta haqqında 26 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli protokol tərtib olunmuşdur. İnzibati tənbeh verinə haqqında Qərar MN № ******* saylı, 06 mart 2025-ci il tarixdə çıxarılmışdır. X9 İdarəsinin əməkdaşları tərtib etdikləri protokolda aptekin pəncərəsinin önündə dəmir çərçivə oluğu üçün YFQ-nin 4.8-ci bəndi əsas götürülmüşdür. Lakin bildimişdir ki, İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş iizrə icraat aparılan fiziki şəxsin izahatları alınması barədə bildiriİsədə onun protokol tərtib olunarkən iştirakı təmin olunmamış və izahatı alınmamışdır. Bundan əlavə qeyd etmək istərdik ki, ‘‘Buta Farm” MMC-nin hüquqi ünvanı ünvan 2 Bakı şəhəri Nizami rayonu məhkəməsinə göndərilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalıdır, lakin X3 protokolda “İmzalar” hissəsindən göründüyü kimi imzası mövcud deyil. Göründüyü kimi, inzibati xata haqqında iş üzrə aparılan şəxsə heç bir bildiriş və məlumat verilmiyib, iştirakı təmin olunmuyub və izahatları alınmadığı üçün İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulan hüquqları ciddi şəkildə pozulmuşdur.Yuxarıda sadalanan səbəbləri əsas götürərək xahiş etmişdir ki, ki, X9 İdarəsinin əməkdaşı tərəfindən 26 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli protokol və 06 mart 2025-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, qeyd olunan pozuntunun nəticəsi aradan qaldırıldığından protokol tərtib olunmasına və barəsində qərar çıxarılmasına əsas qalmamışdır. Həmçinin bildirdi ki, cərimə inzibati orqan tərəfindən şərti də tətbiq oluna biləcəyi halda, bu imkandan istifadə olunmamış, barəsində inzibati qaydada cərimə tətbiq olunmuşdur. Həmçinin qeyd etdi, YTQ-nın pozulması halları aşkar olunsa da, inzibati xətaya dair protokol və inzibati tənbeh vermə haqqında qərar onun barəsində deyil, hüquqi şəxs barəsində tətbiq olunmalı idi. Bütün bunları nəzərə alaraq şikayətin təmin olunmasını və qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 idarəsinin nümayəndəsi X7 göstərmişdir ki, "xxxx"MMC-yə məxsus aptekdə planlı yoxlama aparılmış və yoxlama zamanı YTQ-nın 4-cü bəndinin tələbləri pozulmuşdur. Belə ki, aptekin pəncərəsinin önündə dəmir barmaqlıqlar quraşdırılmışdır. Bununla da iaşə obyektində yanğın baş verərsə pəncərəyə dəmir barmaqlıq quraşdırıldığından oradan insanların çıxarılması qeyri-mümkün olacaqdır. Həmçinin cərimə növündə tənbeh tədbirinin şərti tətbiq olunması ilə bağlı qeyd etdi ki, "xxxx" MMC barəsində dəfələrlə İXM-nin 518.1-ci maddəsi ilə protokol tərtib olunduğundan hal-hazırda cərimənin şərti tətbiq edilməsi qeyri mümkün olmuşdur. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməməsini, MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 idarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 92 ünvanında yerləşən aptekdə keçirilmiş planlı yanğın-texniki müayinə zamanı "xxxx" MMCnin direktoru X6 tərəfindən YTQ-nin 4.8-ci bəndinin pozulması aşkar olunmuş və o, İXMnin 518.1-ci maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir; “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Beləliklə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin direktoru X6 tərəfindən YTQ-na əməl olunmamış, müayinə zamanı bir neçə pozuntu halları, o cümələdən 4.8-ci bəndin tələbləri pozulması halları aşkar edilmişdir. Belə ki qeyd olunan ünvanda yerləşən "xxxx"MMC-yə məxsus aptekin pəncərəsinin önünə dəmir barmaqlıq yerləşdirilmişdir ki, bu da yanğın təhlükəsizliyi qaydalarına tamamilə ziddir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən inzibati xətaya yol verilməsi və hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi onun vəzifəli şəxsini məsuliyyətdən azad etmir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bununla bağlı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçi sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da sübut olunur ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X9 idarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar