Məhkəmə qərarları › İş №3(007)-1504/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1504/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1504/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndələri X4 və Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili, “Kredo” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətindən daxil olmuş 26 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı ünvan 1dən ünvan 2 ünvanında 06 may 2022-ci il tarixdə saat 11:03-də X13 və digər altı nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd olunan protokola dair material X16 Xidmətinin 26 may 2022-ci il tarixli **********2 nömrəli məktubu ilə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 06 iyun 2022-ci il tarixli 3(004)-2696/2022 nömrəli qərardadı ilə, hərəkətsizlikdə ifadə olunan İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xətaya dair işə hüquqi şəxsin hüquqi ünvanı üzrə baxılmalı olduğu nəzərə alınmaqla, material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, 29 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və müvafiq qaydada baxılaraq həll edilmişdir. Məhkəmənin əvvəlki iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X10 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, törədilmiş xətaya görə hüquqi şəxslə yanaşı MMC-nin vəzifəli şəxsi də inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilmiş, vəzifəli şəxsin həmin qərardan verdiyi şikayət məhkəmə tərəfindən təmin olunmamış, eləcə də apellyasiya şikayəti təmin edilməmişdir. İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, "xxxx" MMC-nin barəsində tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonrakı iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi Nümayəndə protokolda və digər nümayəndənin izahatında göstərilənlərə uyğun izahat vermiş, "xxxx" MMC-nin barəsində tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili Vəkil göstərmişdir ki, ilk növbədə törədildiyi ehtimal edilən inzibati xəta Yasamal rayonu ərazisində baş vermişdir, inzibati xəta haqqında işə onun törədildiyi yer üzrə baxılmalı olduğuna dair İXM-nin 110.1-ci maddəsinin tələbinə uyğun olaraq işə Nizami Rayon Məhkəməsində deyil, Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Bu zaman, həmçinin, nəzərə alınmalıdır ki, MMC hüquqi ünvan üzrə ünvan 4 ünvanında yerləşir. Bundan başqa, inzibati xəta haqqında protokolda adları qeyd olunan yeddi nəfər şəxsin "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur, həmin şəxslər MMC-nin vəzifəli şəxsləri tərəfindən işə cəlb edilməmişlər. Həmin işçilər yoxlama zamanı MMC tərəfindən yox, başqa fiziki şəxslər tərəfindən işə cəlb olunduqlarını bildirmişlər. Buna görə də onların izahatları alınmamış və məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi barədə İXM-nin 38.1-ci maddəsinin tələbi nəzərə alınmaqla iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkilinin vəsatəti əsasında şahid qismində dindirilən X20 izahatında göstərmişdir ki, 06 may 2022-ci il tarixdə “ASAN xidmət”in əməkdaşları tərəfindən yoxlama aparılan zaman o, "xxxx" MMC-də işləməmiş, həmin vaxt oradan keçmişdir. Yoxlamanın səhəri gün sənədlərini verərək işə qəbul edilmişdir, hazırda da orada işləyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkilinin vəsatəti əsasında şahid qismində dindirilən X13 izahatında göstərmişdir ki, onun tanışı "xxxx" MMC-də işləmiş, 06 may 2022-ci il tarixdə tanışının yanına getmiş, həmin yerdə işə başlamaq istəmiş, işlərin görülməsi üçün binanın üstünə qalxmalı olmuşdur. Yoxlama aparılan anda işləməmişdir. Sənədləri 06 may 2022-ci il tarixdə qeydiyyata alınmış, bir həftə sonra isə işə çıxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkilinin vəsatəti əsasında şahid qismində dindirilən X14 izahatında göstərmişdir ki, 06 may 2022-ci il tarixdə “ASAN xidmət”in əməkdaşları "xxxx" MMC-də yoxlama aparan zaman orada işdə olmuşdur. O, yoxlamadan 4-5 gün əvvəl işə başlamış, sənədlərini vermişdir ki, onunla əmək müqaviləsi bağlansın. Yoxlama zamanı müqavilənin bağlanmadığı müəyyən edilmişdir. Hazırda MMC-də işini davam etdirir, onunla əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 29 aprel 2022-ci il tarixli MİHO/4.1-3.2-2022-21 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikinti sahəsində qeyri-formal məşğulluğun olmasına dair dövlət orqanlarından daxil olan hesabatların və zəruri olan digər materialların araşdırılması və aparılmış müqayisəli analitik təhlillər əsasında aşkar edilmiş şübhə hallarının yerində araşdırılması məqsədi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən - Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə və insanların həyat və sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair şübhələrə əsaslanaraq ünvan 2 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) 2022-ci ilin 5-10 may tarixlərində (3 iş günü müddətində) qərar ilə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X17 X2 tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilməsi - qərara alınmışdır; - 04 may 2022-ci il tarixli KY221735882 nömrəli çıxarışdan görünür ki, "xxxx" MMCdə 2022-ci ilin 5-10 may tarixlərində aparılmalı olan plandankənar yoxlama (monitorinq) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır; - 06 may 2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X15 yoxlamanın keçirilməsinə dair qərarı, sahibkarlıq sahəsində aparılan yoxlamların vahid məlumat reyestrindən çıxarışı, yoxlama suallarının siyahısını həmin tarixdə saat 11:03-də almışdır; -"xxxx" MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair yoxlama aktlarından və siyahıdan görünür ki, “Tikinti sahəsində qeyriformal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X17 X2 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə, cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 29 aprel 2022-ci il tarixli MİHO/4.1-3.2-2022-21 nömrəli qərarına əsasən ünvan 2 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı "xxxx" MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 06 may 2022-ci il tarixli akt tərtib edilmişdir. Yoxlama 06 may 2022-ci il tarixdə saat 11:03-dən həmin tarixdə saat 12:03-dək olan müddətdə aparılmışdır. Monitorinq zamanı tikinti obyektində 30 nəfər yoxlanılmışdır. "xxxx" MMC tərəfindən işə cəlb olunmuş 23 şəxslə əmək müqaviləsinin bağlanıldığı, 6 şəxslə əmək müqaviləsinin bağlanılmadığı, 1 şəxsin isə əmək müqaviləsi yoxlama başladıqdan (11:03) sonra sistemə daxil edildiyi, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu aşkar edilmişdir; -"xxxx" MMC tərəfindən inşa olunan tikinti obyektində 06 may 2022-ci il tarixdə həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışa əlavə edilən, həmin MMC tərəfindən əmək müqaviləsi və ya mülki (xidməti) müqavilə olmadan işə cəlb edilən şəxslərin siyahısı aşağıdakı qayada müəyyən edilmişdir: 1. X13 (FİN 3XX55V3); 2. X3 (FİN 10XW7Q8); 3. X11 (FİN 46URUKM); 4. X14 (FİN 4G5RUTG); 5. X20 (FİN 0SZ80W7); 6. X6 (FİN 2H0PMNM); 7. X7 (FİN 1R7W9WA); -Elektron informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-də inşaat fəhləsi kimi işə götürülmüş X13 ilə 07 may 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi 01 iyun 2022-ci il tarixdə saat 20:35-də sistemə daxil edilmiş, həmin tarixdə saat 20:54-də imzalanmışdır; -Elektron informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-də inşaat fəhləsi kimi işə götürülmüş X20 ilə 10 may 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi 01 iyun 2022-ci il tarixdə saat 21:01-də sistemə daxil edilmiş, həmin tarixdə saat 21:15-də imzalanmışdır; -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 3(004)- 3246/2022 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 06 iyun 2022-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən, "xxxx" MMC tərəfindən 06 may 2022-ci il tarixdə saat 11:03-də X13 və digər altı nəfərin əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə MMC-nin direktoru X12 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində 4500 manat cərimə edilmişdir, X5 həmin qərardan şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin iştirakı ilə iş materiallarına əlavə edilmiş bir ədəd CD diskdə olan görüntülərə baxış keçirilmişdir. Baxış zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X17daşları tərəfindən verilən suallara cavab verən, tikinti sahəsində işlədikləri müəyyən edilmiş X13, X3, X11, X14, X20, X6 və X7, onların "xxxx" MMC tərəfindən işə cəlb olunduqlarını, bu zaman onlarla əmək müqaviləsi bağlanmadığını bildirdikləri müəyyən edilmişdir. Eyni zamanda qeyd olunan şəxslər yoxlama zamanı usta və fəhlələrin adətən tikinti sahəsində çalışan vaxt geydikləri xüsusi iş geyimində, başlarında qoruyucu kaska, üstlərində (kəmərlərində) müvafiq alətlər (kəsər və s.) asılmış vəziyyətdə olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilmişdir. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin qərarına əsasən ünvan 2 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının sifarişçisi və podratçısı "xxxx" MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2022-ci il 06 may tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı "xxxx" MMC tərəfindən işə cəlb edilmiş 30 nəfər yoxlanılmış, 23 şəxslə əmək müqaviləsinin bağlanıldığı, 6 şəxslə əmək müqaviləsinin bağlanılmadığı, 1 şəxsin isə əmək müqaviləsi yoxlama başladıqdan (11:03) sonra sistemə daxil edildiyi, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu aşkar edilmişdir. Bu fakt, tərtib olunmuş yoxlama aktı və qeydə alınmış videogörüntülərlə öz təsdiqini tapmışdır. Xüsusən nəzərə alınmalıdır ki, əmək və ya xidməti (mülki) müqavilə bağlanılmadan işə cəlb edilmiş şəxslərin özləri "xxxx" MMC tərəfindən işə cəlb olunduqlarını, bu zaman onlarla əmək müqaviləsi bağlanmadığını bildirmişlər. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunan şəxslərdən üç nəfəri məhkəmə iclasında şahid qismində dindirilmişlər, şahidlər öz izahatlarında həmin halları əsasən təsdiq etmişlər. Məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyinin tələbləri "xxxx" MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən vəkilin məhkəmə iclasında irəli sürdüyü dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. "xxxx" MMC tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş şəxslərdən X13 və X20 ilə belə müqavilə 07 may 2022-ci il tarixdə bağlansa da, yoxlamanın aparıldığı 06 may 2022-ci il tarixdə belə müqavilə mövcud olmamış və ya qüvvəyə minməmişdir. Həmin şəxslərlə əmək müqaviləsi bildirişi yalnız 01 iyun 2022-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. X1 izahatında yoxlama zamanı MMC-də işləmədiyini göstərsə də, işə əlavə edilən CD diskdəki görüntülərlə təsdiq olunmuşdur ki, yoxlama zamanı o, tikinti sahəsində işləyən vaxt müəyyən edilmiş, üzərində xüsusi iş geyimi, kəmərində iş alətləri asılmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hərəkətsizlikdə ifadə olunduğuna görə həmin işə hüquqi şəxsin qeydiyyata alındığı hüquqi ünvanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır, belə olan halda baxılan işin aidiyyəti üzrə göndərilməsi məsələsinin təkrarən həlli üçün əsaslar yoxdur, material Yasamal Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə göndərilməklə bu məsələ artıq hüquqi həllini tapmışdır. "xxxx" MMC-yə münasibətdə inzibati məsuliyyətə cəlb etmə üçün İXM-nin 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş üç aylıq müddətin keçdiyi, bununla əlaqədar iş üzrə icraata xitam verilməli olduğu barədə irəli sürülən dəlilə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Uzanan hüquq pozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Məhkəmə qeyd edir ki, başqa sözlə, baxılan mübahisə üzrə pozuntu, yəni Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, cəlb etmə məqamından başlayır, işəgötürənin özü və ya X16 Xidməti tərəfindən belə pozuntu aradan qaldırılanadək uzanan inzibati xəta hesab edilir. Hazırki işə münasibətdə nəzərə alınmalıdır ki, əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmə faktı 06 may 2022-ci il tarixdə müəyyən edilsə də, həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X17daşları yoxlamanı keçirdikdən sonra materiallar aidiyyəti üzrə protokol tərtib etmək səlahiyyəti olan X16 Xidmətinə göndərilmiş, Xidmət tərəfindən araşdırmalar başa çatdırılmış və səlahiyyətlərinə uyğun olaraq 26 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, işə cəlb edilmiş həmin yeddi nəfər şəxsə münasibətdə pozuntu davam etmiş olmuşdur, ona görə də İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsindəki 3 aylıq müddət 26 may 2022-ci il tarixdən hesablanmağa başlanmalıdır. Qanunvericiliyə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət onların sayının bir nəfərdən doqquz nəfərədək olduğu halda yaranır, doqquz nəfərdən artıq olduğu halda isə artıq cinayət məsuliyyəti nəzərdə tutulur. Ona görə də məhkəmənin sübut qismində istinad etdiyi işçilər (iki nəfərin özü belə) hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən saydadırlar. Əlavə hal qismində nəzərə alınmalıdır ki, törədilmiş inzibati xətaya görə hüquqi şəxslə yanaşı onun rəhbəri də Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, səlahiyyətli orqanın qərarı ilə vəzifəli şəxs kimi inzibati qaydada tənbeh olunmuşdur, vəzifəli şəxsin sözügedən qərardan şikayəti məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar