Məhkəmə qərarları › İş №3(007)-1505/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1505/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1505/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 8-ci Mədən küçəsi, ev 63D-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 29 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs, Zərərçəkmiş şəxs sifariş verdiyi mebelin hazırlanması üçün 09 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək olan müddətdə müxtəlif vaxtlarda, hissə-hissə olmaqla ümumilikdə 500 manat, o cümlədən sonuncu dəfə 30 may 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 26 saylı birləşmiş şəhər poliklinikasının qarşısında 200 manat almış, lakin sifariş götürdüyü mebeli hazırlayıb təhvil verməməklə və yerinə yetirmədiyi işə görə aldığı özgə əmlakı olan pul məbləğini qaytarmamaqla, xırda talama, yəni dələduzluq yolu ilə Zərərçəkmiş şəxs cəmi 500 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, taxta mebellərin hazırlanması işlərini həyata keçirməsi barədə 2022-ci ilin may ayının əvvəllərində reklam saytında məlumat və əlaqə nömrəsini yerləşdirmişdir. Sonradan tanıdığı Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq mebel sifariş vermək istədiyini bildirmiş, 09 may 2022-ci il tarixdə həmin şəxsin ünvan 2 ünvanında yerləşən evinə gedib ölçü işləri aparmış, həmin vaxt Zərərçəkmiş şəxs ona beh kimi 200 manat vermişdir. Əlavə material alınması üçün pul lazım olduğundan 22 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb oun işlədiyi 26 saylı şəhər poliklinikasına getmiş və 100 manat almış, 30 may 2022-ci il tarixdə yenə də həmin yerdə ondan 200 manat pul almışdır. Ümumilikdə aldığı 500 manat pulun 300 manatını material alınmasına və işlərin görülməsinə sərf etmiş, 200 manatı isə öz ehtiyaclarına xərcləmişdir. Buna görə də lazımi materialları tam ala və işi başa çatdıra bilməmişdir. Zərərçəkmiş şəxs pulunu tələb edərkən qaytara bilmədiyinə görə onun barəsində şikayət vermişdir. Hazırda dəymiş ziyanı ödədiyinə görə zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, “lalafo.az” elan saytında yerləşdirilmiş reklama görə Şəxs tanımış, ona mebel hazırlamağı sifariş vermişdir. Elcan 09 may 2022-ci il tarixdə onun ünvan 2 ünvanında yerləşən evinə gəlib ölçü işləri aparmış, həmin vaxt ona ilkin olaraq 200 manat vermişdir. 22 may 2022-ci il tarixdə Elcan əlavə material alınması üçün pul lazım olduğunu dediyindən işlədiyi 26 saylı şəhər poliklinikasında ona 100 manat vermiş, 30 may 2022-ci il tarixdə Elcan 200 manat istədiyindən yenə də iş yerində ona 200 manat pul vermişdir. Bununla da Elcana ümumilikdə 500 manat pul versə də, Elcan onun verdiyi sifarişi yerinə yetirməmiş və ya pulunu qaytarmamışdır. Buna görə polisə şikayət vermişdir. Hazırda ona dəymiş maddi ziyan ödənildiyinə görə Şəxs ilə barışmışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 20 iyun 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 24-cü PŞ-nə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəymiş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, Zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məxsus özgə əmlakını xırda talama yolu ilə zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan vurmuş Şəxs dəymiş maddi ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Zərərçəkmiş şəxs xırda talama yolu ilə vurduğu maddi ziyanı ödədiyinə və onunla barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar