Məhkəmə qərarları › İş №3(007)-1506/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1506/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1506/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Yasamal RPİ 27-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Yasamal RPİ 27-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində ona karantin qaydalarını pozduğu iddia edilərək MN ******* nömrəli protokol (qərar MN 0644009) yazılmışdır. Onun mygov.az saytında Baki şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərində xx.xx.2020-ci il tarixinə kimi qüvvədə olan icazəsi var. İcazənin surətini məhkəməyə teqdim etmişdir. Evdən çıxanda icazəni mütləq kontrol edir, təsdiqlidirsə saatlıq icazə almır, yalnız saytı açmaq mümkün olmadıqda və ya icazə təsdiqlənməmiş vəziyyətdə olduqda saatlıq icazədən istifadə edir. Hafiz Təmirov (DİN rəsmisi) xəbərlər verilişi vasitəsi ilə bildirmişdir ki, portalda icazəsi olanların sms yazmağına ehtiyac yoxdur. Xəbərlərdən fraqmenti məhkəməyə təqdim etmişdir. xx.xx.2020-ci il tarixində İbn Sina adına diş klinikasında 27-ci bolmə kapitanı müayinə otağına daxil olaraq ondan şəxsiyyət vəsiqəsi tələb etmişdir. O, təqdim etdiyi zaman terminalda onun icazəsi olduğunu özü də görmüş, bu icazənin klinikaya gəlmək üçün olmadığını bildirmişdir. O, kapitana protokoldan şikayət edəcəyini bildirdikdə, 102-yə zəng vurub şikayət edə biləcəyini bildirmişdir. Protokolu yazdıqdan sonra ona karantin qaydalarını bir daha pozmayacağını yazmağını və imza atmalı olduğunu bildirmişdir. Yenə də şikayət edəcəyini bildirmiş, kapitan yenə də 102-yə zəng vurub şikayət edə biləcəyini bildirmişdir. Sonradan ailə üzvlərindən öyrenmişdir ki, protokolda irad bildirmək olur, bunu polis kapitanı ona bildirməmişdir. 102-yə zəng vurub şikayət etmiş, oradan məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Mia.gov.az saytında Daxili İşlər Nazirliyinə şikayət etmiş, icazəsinin yerləşdiyi my.gov.az saytı üzərindən şikayət etmiş, 15 gun ərzində baxılacaği haqqında bildiriş gəlmişdir. Məsələnin aydınlaşdırılması və pul cəzasinin ləgv edilmesi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Yasamal RPİ 27-ci PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Yasamal RPİ 27-ci PB-nin əməkdaşı Teymur Hacıyev tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 SMS icazə almadan karantin rejimi qaydasını pozmuş, nəticədə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhəri Yasamal RPİ 27-ci PB-nin sahə rəisi Eldəniz Hüseynov tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu, Ə.Hüseynzadə küçəsində SMS icazə almadan karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -my.gov.az saytı vasitəsi ilə “İcazələrin Alınması və Monitorinqi Sistemi”ndən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, “Azərbaycan Kağız və X4” MMC-də satış analizi üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən X2 xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Bakı, Abşeron rayonu, Sumqayıt şəhəri ərazisində hərəkət etmək üçün icazə verilmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xx xxxx 2020-ci il saat 00:00-dan x xxxx 2020-ci il saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmiş, müvafiq iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılmış; müəyyən edilmiş şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilməsinə icazə verilmiş; digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və zəruri sahələr üzrə orqanların əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli 236 nömrəli və xx xxxx 2020-ci il tarixli 256 nömrəli qərarlarına əsasən Nazirlər Kabinetinin xx xxxx 2020ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, bu qaydaların müddəti xx xxxx 2020-ci il, daha sonra xx xxxxxx 2020-ci il tarixinədək uzadılmışdır. Göründüyü kimi, xx xxxxxx 2020-ci il tarixdə barəsində “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” əsası ilə inzibati qərar qəbul edilərək tənbeh olunmuş X1 xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Bakı, Abşeron rayonu, Sumqayıt şəhəri ərazisində hərəkət etmək üçün icazəsi olmuş, bu icazə “İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə qeydiyyata alınmaqla qüvvədə olmuşdur. Belə olan halda, onun tərəfindən karantin rejimi qaydasının pozuntusuna yol vermədiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmış, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara və qəbul edilmiş qərarlarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə pozulmasına yol verilməmişdir. Ona görə şikayət təmin olunaraq mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal RPİ 27-ci PB-nin X1 Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar