Məhkəmə qərarları › İş №3(007)-151/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-151/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-151/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Quliyev Kənan Fərmayıl oğlunun, qərarından şikayət verilmiş orqan – Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 21.12.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quliyev Kənan Fərmayıl oğlu Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 21.12.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan “Volkswagen Jetta” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydasının pozulması göstərilməklə Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə 21.12.2021 -ci il tarixdə elektron qərar çıxarılmışdır. Hesab edir ki, sözügedən qərar qanunsuz, əsassız və qeyriobyektiv olduğundan ləğv edilməlidir. Əvvəla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dayanma və ya durma qaydasının pozulması hallarının sənədləşdirilməsi mexanizmi aydın təsbit olunmuşdur. Belə ki, Məcəllənin 124-cü maddəsinin tələbinə əsasən bu növ qayda pozuntuları bilavasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən yerindəcə operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə xəta törətmiş şəxsin iştirakı ilə sənədləşdirilməlidir. Həmin Məcəllənin 124.5-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası İXM-nin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur, inzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilməlidir. Lakin Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində çıxarılmış elektron qərar üzrə fotogörüntülərdən də göründüyü kimi həmin xətalar “sonradan dirəklərə quraşdırılmış müşahidə kameralarına baxmaqla” qanunazidd şəkildə xüsusi texniki vasitələrin görüntüləri əsasında sənədləşdirilmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən sənədləşmə aparılan bütün hallarda o, sükan arxasında olmuş və Agentliyin hər hansı bir əməkdaşı ona yaxınlaşmamış və ya onun tərəfindən xəta törətməyi belə bildirilməmişdir. “Asan Ödəniş” sistemində şəxsi Kabinetinə inzibati xəta hadisəsinə dair video yerləşdirilməmişdir. “Asan Ödəniş” sistemində şəxsi kabinetində elektron qərarın tarixi göstərilsə də qərarın nömrəsi belə göstərilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulur ki, 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin saxlanılmasına görə cərimə olunur. Ona məxsus internet informasiya resursuna yerləşdirilmiş foto görüntülərdən də göründüyü kimi və avtobus dayanacağına təxmini 40-50 metr aralıda saxlamış, bu hal elektron qərara əlavə edilmiş foto şəkillərdən çox aydın şəkildə görünür və onun idarə etdiyi nəqliyyat vasitəsindən də qabaqda digər iki nəqliyyat vasitəsinin durduğu görünür. Bir digər hal kimi qeyd etmək istəyir ki, həmin ərazidə yəni dayanacağa yaxın maddədə qeyd edilən məsafə və ya ona yaxın məsafədə heç bir nişan yoxdur və bu foto şəkillərdən də çox aydın şəkildə görünür. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 21.12.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 bildirmişdir ki, X5 idarə etdiyi “VOLKSWAGEN JETTA” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilini 21 dekabr 2021-ci il tarixdə, saat 19:24 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında saxlamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında digər nəqliyyat vasitələrinin dayanması və ya durması qadağandır, inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli, 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 5.1.3-cü yarımbəndinə əsasən cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir. Beləliklə, nəqliyyat vasitəsinin həmin ərazidə saxlanılması 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, məhz 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəflərindən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-nin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəinki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Çünki Məcəllənin 80.2-ci maddəsinə görə fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Göstərilənlərə əsasən məhkəmədən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 21.12.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Quliyev Kənan Fərmayıl oğlunun verdiyi şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 21.12.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 “Volkswagen Jetta” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobillə 21.12.2021-ci il tarixdə saat 19:24-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, “Neftçilər” metrostansiyasının yaxınlığında ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanması qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. - fotoşəkillərdən görünür ki, “Volkswagen Jetta” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.12.2021-ci il tarixdə saat 19:24 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Neftçilər” metrostansiyasının yanında ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 21.12.2021-ci il tarixdə saat 19:24 radələrində “Volkswagen Jetta” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Neftçilər” metrostansiyasının yanında ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında saxlamışdır. X1 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 21.12.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 21.12.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar