Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1511/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar - Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, mənzil 34-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsində xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, icra sənədi 2015-ci ildə verilsə də, o, 2014-cü ildən 2018-ci ilədək cəzaçəkmə müəssəsində cəza çəkmişdir, azad olunduqdan sonra isə 2020-ci ilin aprel ayınadək ödənişləri etmişdir, pulun qalanını ödəməkdən də yayınmır. Respublika ərazisində pandemiya ilə əlaqədar iş olmamışdır. Ona görə qalan borcunu ödəməyə davam edə bilməmişdir. Hazırda tələbkara 100 manat ödəyə, qalan pulu isə bir ay ərzində ödəyə bilər. Tələbkar bütün borcun birlikdə ödənilməsini tələb edir, lakin onda belə vəsait nağd şəkildə birlikdə yoxdur. Özünə məxsus əmlakı vardır, onu satışa qoymuşdur. Əmlak satılan kimi borcunu tam ödəyəcəkdir. Hesab edir ki, icra sənədinin icrasından yayınmadığına görə əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Şəxs izahatında qeyd edilənlərin, təqdim etdiyi ödəniş sənədlərinin və işin faktiki hallarının nəzərə alınaraq, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, borclu Şəxs 50-100 manat ödənişlərini qəbul etmir, borclu ona olan borcunu tam ödəməlidir. Məhkəmədən Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan ödəniş qəbzlərindən və hesabdan çıxarışdan görünür ki, Şəxs 2019-cu ilin iyun ayından həmin ilin dekabr ayınadək olan dövrdə “xxxxxxxxxxxx” ASC vasitəsi ilə tələbkar Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 10.890 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş materiallarla müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixdə verilmiş xx xxxxxx 2014-cü il tarixli icra sənədi üzrə tələbkara ödəməli olduğu 26.000 manat məbləğində pul məbləğindən hal-hazıradək 10.890 manat məbləğində ödəniş etmişdir, qalan borcunu da ödəmək niyyətindədir, hazırda əmlakını sataraq borcunu ödəməsi üçün ona vaxt verilməsini istəyir. Bununla da, müəyyən edilir ki, borclu icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmiş, bu tələblərin yerinə yetirilməsindən yayınmamışdır, hazırda da qalan borcunu ödəməkdən yayınmır. İcra sənədinin verilməsindən sonra bir neçə il ərzində borclu cəzaçəkmə müəssisəsində cəza çəkmiş, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra borcunu ödəməyə başlamış, ümumilikdə 26.000 manat pul məbləğinin 10.890 manat hissəsini artıq ödəmişdir. Lakin Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi səbəbi ilə Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən, əməlində inzibati xəta tərkibi olmadığı halda, onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Halbuki, həmin maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrası ilə bağlı hərəkətləri nəticə etibarı ilə qətnamə üzrə verilmiş icra sənədinin icra olunmasına yönəlmiş hərəkətlərdir, o, tələbkara olan borcundan hazırkı halda ümumilikdə 10.890 manat ödəmişdir, qalan borcun ödənilməsini isə öhdəsinə götürür. Məhkəmədə inzibati xəta haqqında işə baxılarkən, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməyərək icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilməmişdir. Belə olan halda, borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud olmamaqla yanaşı, borclu qətnamənin icrasını həyata keçirməli olan icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmamışdır, onun hərəkətləri icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməməsi kimi qiymətləndirilməməlidir, o cümlədən borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir. Şəxsinzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, borclu Şəxs icra məmuruna yazılı izahatında və məhkəmədə verdiyi izahatında özünə məxsus əmlakı satışa qoyduğunu, əmlak satılan kimi borcunu tam ödəyəcəyini bildirmişdir. Ona görə məhkəmə hesab edir ki, icra tədbirləri zamanı həmin hal nəzərə alınmalı, borclunun bu müraciəti icra sənədinin icrasına mane olmadığı halda, icra məmuru tərəfindən də zəruri tədbirlər görülməli, əldə edilməsi gözlənilən vəsait icra sənədi üzrə qalan borcun ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1511/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1511/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver