Məhkəmə qərarları › İş №3(007)-1514/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1514/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1514/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 596.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən X2 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30A ünvanında yerləşən “Bursa” restoranında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X3 aid olan əmək müqaviləsi və digər sənədlərin göndərilməsi barədə “Bursa” restoranına rəsmi müraciət olunmasına baxmayaraq müraciətə cavab verilməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2020-ci il tarixli qərarla “Bursa” restoranını icarəyə götürmüş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X4 inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərarı müdafiə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2019-cu ilin fevral ayından Bakı şəhəri, Q.Qarayev prospekti 30A ünvanında yerləşən “Bursa” restoranını icarə müqaviləsi əsasında fiziki şəxs olaraq işlətmişdir. Əvvəllər “Bursa” restoranında aşpaz işləmiş X2 əmək müfəttişliyinə müraciəti ilə əlaqədar aparılan araşdırma ilə əlaqədar əmək müfəttişliyindən “Bursa” restoranına ünvanlanmış müraciəti görməmişdir. xx.xx.2020-ci il tarixdə əmək müfəttişliyinin Rəna adlı əməkdaşı kimi özünü təqdim edən şəxs “WhatsApp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq ona Təranə Teymurovanın əmək müfəttişliyinə müraciəti ilə əlaqədar araşdırma aparıldığını və bununla əlaqədar T.Teymurova ilə bağlanmış əmək müqaviləsinin və digər sənədlərin göndərilməsini xahiş etmişdir. O, həmin sənədlərin göndərilməsini Vüqar adlı mühasibə tapşırmış, lakin pandemiya ilə əlaqədar həmin sənədləri müfəttişliyə göndərə bilməmişdir. Məhkəmədən qərar qəbul edilərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Bursa” restoranının rəhbərliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********1 nömrəli və xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktublardan görünür ki, vətəndaş X2 “Bursa” restoranında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinə etdiyi müraciətinə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə təsbit edilmiş sənədlərin 7 iş günündən gec olmayaraq təqdim edilməsi xahiş olunmuşdur. - xx.xx.2019-cu il tarixli icra müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30a ünvanında yerləşən ümumi sahəsi 211.4 kv/m olan qeyri yaşayış sahəsi xx.xx.2020-ci il tariədək Şəxs icarəyə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2, 57.4, 83.2, 83.3, 91.0.4, 97, 101, 102.5, 103, 104.4, 104.7, 111.1, 117, 131, 136.2 və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, “Bursa” restoranını icarə müqaviləsi əsasında icarəyə götürən Şəxs Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Bursa” restoranına ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********1 nömrəli və xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktublara cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar