Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1518/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, X2 Bakı şəhər BPİ-nin DYPİ-nin 08 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər BPİ-nin DYPİ-nin 08 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29.12.2020-ci il tarixdə Bakı şəhəri, Mikayıl Əliyev küçəsində “Toyota Prado” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən Bakı şəhər DYPİ-nin YPX-nın inspektoru X5 tərəfindən saxlanılmışdır. Onun əməllərində YPX inspektoru tərəfindən hər hansı bir qayda pozuntusu və ya xəta aşkar edilməmişdir. Sonradan, yəni 08 yanvar 2021-ci il tarixdə o, müəyyən etmişdir ki, YPX inspektoru Rəsul Ağayev tərəfindən ******* nömrəli inzibati protokol tərtib edilmiş və bu protokol əsasında Bakı şəhər DYPİ-nin polis kapitanı X1 tərəfindən ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə prosessual və maddi hüquq normaları pozulduğuna görə inzibati xəta haqqında qərarı qanunsuz və əsassız sayır. İnzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməli olduğu halda, İXP ******* nömrəli inzibati xəta haqqında protokol 10 gündən sonra tərtib edilmişdir. İnzibati xəta haqqında protokola nəzər yetirilsə, görünər ki, xətanın mahiyyəti haqqında hər hansı bir qeyd yoxdur. Yəni blanket xarakterli hansı normativ tələblərin pozulması, hansı avadanlığın quraşdırılması və ya dəyişdirilməsi müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolun boş qrafalarından müəyyən olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi onun prosessual hüquq və vəzifələri elan edilməmişdir. Vəzifəli şəxs X1 inzibati xəta haqqında iş üzrə qərar qəbul edərkən qanuna zidd olaraq tərtib edilmiş inzibati xəta haqqında protokola (sübut) əsaslanaraq qərar qəbul etmişdir. Həmin protokolla onun təqsiri sübuta yetmir. Bakı şəhər DYPİ-nin polis kapitanı X1 tərəfindən qəbul edilən TP ******* nömrəli, 08 yanvar 2021-ci il tarixli izibati xəta haqqında iş üzrə qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, avtomobil 2012-ci ildən onun istifadəsindədir, hər il də texniki baxışdan keçirilmişdir. Texniki baxışdan keçirilən zaman ona avtomobilində hər hansı əlavə avadanlıq olması barədə bildirilməmiş, hərəkət zamanı da buna görə saxlanılmamış, barəsində inzibati tədbir görülməmişdir. Əslində inzibati xəta haqqında protokolu tərtib edən Rəsul Ağayev onun həmkəndlisidir və onların arasında olan şəxsi münasibətlərin pis olmasından istifadə edərək Rəsul Ağayev onun barəsində protokol tərtib etmişdir. Hansı ki, protokolun əsassız olması barədə öz dəlillərini şikayətində əsaslandırmışdır. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 nümayəndəsi və vəkili Nümayəndə şikayətdə və təmsil etdiyi şəxsin izahatında göstərilənləri müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti ümumiyyətlə göstərilməmiş, qərarda xətanın mahiyyəti kimi avadanlığın dəyişdirilməsi göstərilsə də, bunun məhz nədən ibarət olması göstərilməmiş, maddi sübut müəyyən edilərək götürülməmişdir. Yalnız saxlanılan zaman inspektor Samid İsayevə irad tutmuşdur ki, avtomobilin şüşəsi uyğun deyil. Hansı ki, 2012-ci ildən etibarən avtomobil hər il texniki baxışdan keçirilmiş, bununla bağlı irad bildirilməmiş, tənbeh tətbiq edilməmişdir, məhkəməyə təqdim etdikləri fotoşəkillərdən də müəyyən olunur ki, avtomobilin şüşələri dəyişdirilməmişdir. Bundan başqa YPX inspektoru ilə aralarında olan diskussiya zamanı Samid İsayevə məlum olmuşdur ki, həmin şəxs onun öz həmkəndlisidir və onların arasında ədavətləri vardır. Buna görə də YPX inspektoru Rəsul İsayev onu cəzalandırmaq məqsədilə barəsində protokol tərtib etmişdir. İnzibati xəta tərkibi olmadığından şikayətin təmin olunaraq mübahisələndirilən qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi və onun nümayəndəsini dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru X6 tərəfindən tərtib olunmuş 08 yanvar 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Mikayıl Əliyev küçəsində 29 dekabr 2020-ci il tarixdə saat 12:35də “Toyota Prado minik” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; -Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşı tərəfindən qəbul olunmuş 08 yanvar 2021ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Bakı şəhəri, Mikayıl Əliyev küçəsində 29 dekabr 2020-ci il tarixdə saat 12:35-də “Toyota Prado minik” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 normativ tələbləri pozmaqla avtomobilin avadanlığını dəyişdirməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 150 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair normativ tələblər pozularaq, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Belə ki, əməlin İXM-nin 342.2.2-ci maddəsi ilə tövsif edilməsi, həmin maddənin təsiri altına düşməsi üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələblər pozularaq, avadanlıq quraşdırılmalı və ya dəyişdirilmiş olmalıdır. Avadanlığın quraşdırılmasının və ya dəyişdirilməsinin müəyyən edilməsi isə texniki məsələdir və belə halda texnika sahəsində xüsusi bilik tələb edən məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası İXMnin 70-ci maddəsinin tələbinə uyğun olaraq mütəxəssisin texniki rəyi alınmalı, Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri və sair sübutlar götürülməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası İXM-nin 93 və 94-cü maddələrinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilməmiş, protokol tərtib edilməmiş, aşkar edilmiş sübut əhəmiyyətli əşya və ya predmetlərin götürülməsi təmin edilməmişdir. Məhkəmədə şikayətə baxılarkən dəfələrlə rəsmi məktublar göndərilməsinə, müvafiq tədbirlər görülməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və qərarı barəsində şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, qərarın əsaslılığına dair sübutlarını təqdim etməmişlər. Bununla da, məhkəmə iclasında X2 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələbləri pozaraq, nəqliyyat vasitəsinə avadanlıq quraşdırması və ya avadanlığı dəyişdirməsi ilə bağlı faktiki olaraq müəyyən edilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, inzibati araşdırma zamanı digər pozuntularla yanaşı Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin müvafiq tələbləri pozularaq, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti, olduğu halda şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməmiş, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmiş, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamış, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinin tələbləri pozularaq inzibati xətanın törədilməsi faktı 29 dekabr 2020-ci il tarixə aşkar edildikdən dərhal sonra deyil, 08 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati araşdırmanın aparılması, buna əsasların yaranması və araşdırma müddətinin müvafiq qaydada uzadılması barədə protokol və qərarda hər hansı qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun tərəfindən 29 dekabr 2020-ci il tarixdə vasitələrinin texniki vəziyyətinə dair normativ tələblərin pozularaq, nəqliyyat vasitəsinə avadanlıq quraşdırmasına və ya dəyişdirməsinə dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Ona görə X2 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ-nin DYPİ-nin X2 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilməsinə dair 08 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1518/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1518/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver