Məhkəmə qərarları › İş №3(007)-1518/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1518/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1518/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay şəhəri, N.Rəfibəyli küçəsi ev 19-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, DSX yolu, 1-ci Mədən, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin 05 fevral 2024-cü il tarixli qərarı əsasında tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 04 dekabr 2023-cü il tarixdə saat təxminən 11:48 radələrində idarə etdiyi “Ford Transit yük” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ilə üzü Q.Qarayev prospekti istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olduğu vaxt yol hərəkəti qaydalarını pozub idarəetməni itirərək qarşıda eyni istiqamətdə hərəkətdə olan “Volkswagen Passat minik” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış, sonra idarəetməni itirib yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Mersedes Benz C240 minik” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış, həmin avtomobil isə zərbənin təsirindən qarşıda dayanmış “Ford Transit yük” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək səkinin üzərinə qalxıb dayanmış, nəticədə “Mercedes” markalı avtomobildə sürücü qismində olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 04 dekabr 2023-cü il tarixdə saat təxminən 11:48 radələrində idarə etdiyi “Ford” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, B.Nuriyev küçəsi ilə üzü Q.Qarayev prospekti istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt mobil telefonuna zəng gəlmiş, telefon avtomobilin salonunda yerə düşdüyündən ani bir anda diqqətsizlik edərək telefonu salondan aşağı əyilib götürmək istədiyi anda idarə etməni itirmiş və qarşıda hərəkətdə olan “Passat” markalı avtomobilin arxa hissəsinə çırpılmış, sonra idarə etməni itirib yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Mersedes” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Həmin avtomobil isə qarşıda dayanmış digər bir “Ford” markalı avtomobilə dəyərək səkinin üzərinə qalxıb dayanmışdır. Hadisə nəticəsində bütün avtomobillərə ciddi maddi ziyan dəymiş, “Mersedes” markalı avtomobilin sürücüsü isə ayağından xəsarət almışdır. Zərərçəkmiş şəxslərlə razılığa gələ bilməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 04 dekabr 2023cü il tarixdə saat təxminən 11:48 radələrində idarə etdiyi “Mersedes” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayonu, B.Nuriyev küçəsində “Araz” marketlə üzbəüz yolun kənarında parklanma üçün nəzərdə tutulmuş ərazidə park edib qapını açmış, avtomobildən düşməyə hazırlaşan zaman qəflətən gözləmədiyi anda avtomobilinin arxa hissəsindən “Ford” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil çırpılmışdır. Zərbə nəticəsində ona məxsus avtomobil dayanmış vəziyyətdə digər bir “Ford” markalı avtomobilə ön hissəsi ilə çırpılaraq səkinin üzərinə çıxmışdır. Hadisə zamanı avtomobilin içərisində olmuş, oturduğu oturacaqdan atılaraq digər oturacağa düşüb sağ diz oynağından xəsarət almış, həmçinin avtomobili yararsız vəziyyətə düşməklə ona külli miqdarda maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyanı ödəmədiyinə görə hadisəni törədən sürücü Şəxs şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 09 dekabr 2023-cü il tarixli 1186 nömrəli rəydən görünür ki, Məmmədov yasif Yusif oğlunun məhkəmə-tibbi müayinəsi zamanı xəsarət aşkar edilmədiyindən, eləcə də şəxsin adına tərtib edilmiş tibbi sənədlərdə “başın və boynun yumşaq toxumalarının əzilməsi” diaqnozları qoyulsa da həmin xəsarətin hər hansı bir obyektiv əlamətləri göstərilmədiyindən, Y.Y.Məmmədovun xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alıb-almaması barədə fikir söyləmək olmur. İşdə olan canlı şəxsin ekspertizasına dair 09 dekabr 2023-cü il tarixli 1187 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarət – qismən ağrılı hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının şişkinlik halında əzilməsi - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yaranması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 yanvar 2024-cü il tarixli 8/43 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford Transit” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, HK/1-838 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs tərəfindən tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar