Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1519/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 14-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 09 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 30 noyabr 2023-cü il tarixdə saat 12:00 radələrində idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin “Nəbz” klinikasının qarşısından keçən hissəsində yolun soldan birinci zolağı ilə Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olarkən avtomobilin sağ yan güzgüsü ilə yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurması nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılmış, nəticədə ona və qucağında olan azyaşlı övladı X3 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və zərərçəkmiş şəxs (o cümlədən digər zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi) Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 30 noyabr 2023-cü il tarixdə saat təxminən 12 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti yolun soldan birinci zolağı ilə Z.Bünyatov prospekti istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olan zaman piyadalar üçün nəzərdə tutulmayan yerdən qəflətən yolu sağdan sola keçmək istəyən qucağında uşaq olan qadın idarə etdiyi avtomobilin sağ yan güzgüsünə dəymiş və yerə yıxılmışdır. O, dərhal avtomobili saxlamış, lakin həmin qadın uşağı yerdən götürərək yolun əks istiqamətinə keçib orada avtomobilə minərək getmişdir. Özü isə hadisə yerində qalmış, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, polis əməkdaşları gələrək hadisəni rəsmiləşdirmişlər. Bundan sonra xəstəxanaya gedərək həmin qadınla və uşağı ilə maraqlanmışdır. Hadisə vaxtı işıqforun yaşıl işığı yanmış, ərazidə piyada keçidi isə olmamışdır. Qadın maşınların arasından qəflətən qaçaraq yola çıxmışdır. O, qadını vurmamaq üçün çalışmış, lakin qadın qəflətən qarşısına çıxdığı üçün onu vaxtında görə və hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı xəsarət almış Milena adlı qadınla danışmış və əvvəl o, şikayətçi olmamışdır. Lakin qadın sonradan fikrini dəyişmiş, ondan 2000 manat istəmişdir. Onun isə həmin pulu verməyə maddi imkanı olmamışdır. Əməlindən səmimi peşmandır. Vətən müharibəsinin iştirakçısıdır, Xocavənd və Füzuli rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, 30 noyabr 2023-cü il tarixdə saat təxminən 12 radələrindəə o, 2020-ci il təvəllüdlü azyaşlı övladı Eldar Məmmədovu qucağına götürərək Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev prospektində yerləşən “Nəbz” kilinikasının qarşısından sakit yerişlə yolu sağdan sola keçmək istəyən zaman Q.Qarayev prospekti soldan birinci zolaq ilə Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ yan güzgüsü ilə zərbə ilə onun sol qolundan vurmuş, bu zaman qucağında olan azyaşlı övladı Eldar qucağından üzü üstə yerə yıxılaraq xəsarət almışdır. O, uşağını yerdən götürmüş, orada olan avtomobillərdən birinin sürücüsü onu avtomobilə mindirərək X4 aparmış, orda həkimlər ona və oğluna ilkin tibbi yardım göstərmiş, sonra isə onları evə buraxmışlar. O, həmin sürücüdən şikayətçidir, onun məsuliyyətə cəlb olunmasını xahiş edir. İşdə olan canlı şəxsin ekspertizasına dair 14 dekabr 2023-cü il tarixli 1175 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol-mil biləyin arxa səthinin hematoması, sol saidin aşağı 1/3-nin arxa bayır səthinin, sol diz nahiyəsinin qançırları və sol diz nahiyəsinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasına dair 14 dekabr 2023-cü il tarixli 1174 nömrəli rəydən görünür ki, X2 baş beyin silkələnməsi, sol alın nahiyəsinin və sağ gözaltı nahiyəsinin qançırları, burnun sol yan səthinin və üzt dodağın sol nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 dekabr 2023-cü il tarixli 8/3627 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK/1-822 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı razılıq əldə edilməsinə dair də sübut təqdim edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1519/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1519/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver