Məhkəmə qərarları › İş №3(007)-1523/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1523/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1523/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Füzuli rayonunun Govşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonunun Govşadlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yaşayış kompleksi, ev 14, mənzil 72-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 30 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 30 iyun 2022-ci il tarixdə saat 11:10-da Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə saat 11:10 radələrində idarə etdiyi avtomobillə Nizami rayonu ərazisində hərəkətdə olarkən YPX əməkdaşı onu saxlamış və avtomobilin konstruksiyasında dəyişiklik edildiyini bildirərək ona irad tutmuşdur. O, avtomobili belə aldığını, hətta texniki baxışdan da keçdiyini bildirib etiraz etmişdir. YPX əməkdaşı razılaşmayıb avtomobilin duracağa aparılmalı olduğunu demişdir. O, onkoloji xəstə olan əmisinin avtomobildə olduğunu, onu həkimə aparmalı olduğunu desə də, polis əməkdaşı məhəl qoymayaraq avtomobilə oturmuş və cərimə meydançasına sürməsini demişdir. R.Rüstəmov küçəsində polis əməkdaşı ilə mübahisələri olduğuna, o, təcili olaraq əmisini həkimə aparmalı olduğunu deyib getməksən imtina etdiyinə görə barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən səmimi peşmandır, polislərdən üzrxahlıq etmişdir, himayəsində 4 azyaşlı uşağı vardır, bundan başqa atası birinci və ikinci Qarabağ müharibələrinin iştirakçısı, ikinci qrup əlildir, medallarla təltif edilmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının MEB-nün YPX inspektoru X7 izahatında göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə saat 11:10 radələrində ona təhkim olunmuş xidməti “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət apararkən, Q.Qarayev prospektində “Daewoo Gentra” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi edildiyini müşahidə edərək saxlamışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etməklə qayda pozuntusunu izah etmiş, avtomobilin dayanacağa təmin edilməli olduğunu bildirmişdir. Şəxsiyyəti sonradan ona məlum olan sürücü Şəxs avtomobilində olan sərnişini R.Rüstəmov küçəsinə düşürməli olduğunu demişdir. O, etiraz etməyib özü də avtomobilə əyləşmiş, R.Rüstəmov küçəsinə hərəkət etmişlər, orada sərnişin düşən vaxt sürücü mobil telefonunu ona tərəf uzatmış, özünü sürücünün atası kimi təqdim edən şəxs telefonda onu küçə söyüşləri ilə təhqir etmişdir. Bunun ardınca sürücü Şəxs özü də onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, o, avtomobildən düşmək istəsə də, sürücü buna imkan verməyib hərəkətini davam etdirmiş, onun qanuni tələblərinə tabe olmadan imtina etmişdir. Süni tıxac vasitəsi ilə avtomobil saxlanılmış, lakin sürücü onu itələyib oradan qaçmağa cəhd göstərmiş, buna baxmayaraq köməyə çağırılmış polis əməkdaşlarının köməyi ilə saxlanılmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını, xətanın mahiyyətini dərk edərək polis əməkdaşlarından üzrxahlıq etdiyini, himayəsində azyaşlı uşaqlarının olduğunu, habelə atası X4 birinci və ikinici Qarabağ müharibələrinin iştirakçısı, ikinci qrup əlil olduğunu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildiyini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, X6 hazırkı ilə bağlı tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X5 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar