Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1524/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclasının katibi X6 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X2, Həmin oqranın nümayəndəsi YNH üzrə inspektor X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.5-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş 14 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 14 mart 2024-cü il tarixdə saat 14:34-də “İsuzu Ecobus avtobus” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş, sualları cavablandırarkən göstərmişdir ki, Şəxs təhlükəsizlik kəmərini taxmadığına görə saxlanılmış, bu zaman onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı halda avtobus idarə etdiyi müəyyən edilmişdir. Sübut qismində təqdim olunan portaldan çıxarışda sürücünün topladığı bal sayının qeyd olunmaması, protokolların qarşısında isə cərimə məbləği göstərilməsinin səbəbini izah edə bilmir, lakin təqdim olunan digər portaldan çıxarışda sürücünün bir il ərzində 20-dən artıq bal toplaması əsası ilə 05 mart 2024-cü il tarixli qərar əsasında nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığı öz əksini tapmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin nümayəndəsi-YNH üzrə inspektor X3 qeyd olunan halların nəzərə alınmasını və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, ürəyi sıxıldığına görə avtobusu idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməmişdir. 20 və ya daha artıq bal toplaması və buna görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə isə məlumatı olmamışdır. Bu barədə yalnız hazırda yol polisləri tərəfindən saxlanılarkən bilmişdir, qərarı rəsmi qaydada almamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxılıb yekun verilməsi mümkün deyildir, əlavə araşdırma aparılması üçün material geri qaytarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 329.1-ci maddəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs qeyd olunan xətanın törədilməsində təqsirinin və barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq olunmasına əsasların olub-olmamasını araşdırmaq üçün hüquqi əsaslar yoxdur, əks halda bu, İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarı ilə gəlinmiş hüquqi nəticəyə zidd olardı. Ona görə məhkəmə hesab edir ki, həmin hissədə materiallara inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən baxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Eyni Məcəllənin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilib-törədilmədiyini və bu xətada həmin şəxsin təqsirini müəyyən etmək üçün onun həmin xətanın təsir dairəsinə düşməsi məsələsi araşdırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 27.4-cü maddəsinə əsasən bu Məcəllənin 327.7ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən bu Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. İnzibati araşdırma orqanının sübut qismində təqdim etdiyi DİN-nin DYP “Web Portal”ından çıxarışlara görə, adına AC712175 nömrəli sürücülük vəsiqəsi verilmiş Şəxs yol hərəkəti qaydaları əleyhinə xətaları törətdiyinə görə son bir il ərzində 7 dəfə, yəni 01 iyun 2023-cü il tarixli qərarla İXM-nin 327.2-ci maddəsi ilə; 06 iyun 2023-cü il tarixli qərarla İXM-nin 327.2-ci maddəsi ilə; 23 iyun 2023-cü il tarixli qərarla İXM-nin 327.4-cü maddəsi ilə; 26 sentyabr 2023-cü il tarixli qərarla İXM-nin 327.2-ci maddəsi ilə; 17 noyabr 2023-cü il tarixli qərarla İXM-nin 327.1-ci maddəsi ilə; 21 noyabr 2023-cü il tarixli qərarla İXM-nin 346.3-cü maddəsi ilə, 05 mart 2024-cü il tarixli qərarla İXM-nin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinərək barəsində tənbeh tətbiq edilmiş, sonuncu qərarla nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Lakin təqdim olunan materiallarla həmin qərarların qüvvədə olub-olmaması öz təsdiqini tapmır, habelə, toplanılmış ballar barədə məlumatlar (rəqəm ifadəsi) portalda göstərilməmişdir. İXM-nin 327.1-ci maddəsi ilə törədilən inzibati xəta balla qiymətləndirilmir və sonuncu, 05 mart 2024-cü il tarixli qərar üzrə İXM-nin 327.2-ci maddəsi ilə törədilən inzibati xəta nəzərə alınmadıqda, 5 ədəd inzibati xəta üzrə toplanılmış balların ümumi sayı 17 bal təşkil edir. 05 mart 2024-cü il tarixli qərar üzrə İXM-nin 327.2 və 327.7-ci maddələri ilə törədilən inzibati xətalara münasibətdə isə qeyd olunmalıdır ki, məlumdur ki, həmin xətalar yol hərəkəti qaydaları əleyhinə xətalar hesab olunur. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Şəxs yol hərəkəti qaydaları əleyhinə olan həmin xətaları 05 mart 2024-cü il tarixdə törətdikdən sonra onun qərardan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilmək hüququ nəzərə alınmamış, qərar qanuni qüvvəyə minmədən, cəmi 09 gün sonra barəsində hazırkı inzibati xəta protokol tərtib edilərək ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hansı ki, sözügedən 05 mart 2024-cü il tarixli qərar qüvvəyə minmədiyi halda, bu, hər hansı hüquqi nəticəyə səbəb ola və şəxsin inzibati qaydada tənbeh olunması ilə nəticələnə bilməz, əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətlərinin mövcud olması şübhə altında qalmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, yuxarıda qeyd olunan nöqsanların bir daha araşdırılaraq aradan qaldırılması imkanı itirilməmişdir, ona görə mövcud vəziyyətdə işin icraatına xitam verilməsi üçün hüquqi əsaslar yoxdur, ona görə inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.5-ci maddələri ilə tərtib edilmiş 14 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin X8 Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №3(007)-1524/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1524/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver