Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1530/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC "xxxx" MMC ilə aralarında bağlanmış 16 sentyabr 2024-cü il tarixli xidmət müqaviləsi əsasında mağazalar şəbəkəsinin Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır-2 filialında və ünvan 1 ünvanlarında yerləşən mağazalarında X1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 2024-cü ilin dekabr ayında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri müəyyən olmuşdur. Bu barədə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs MMCnin barəsində xx.xx.2025-ci il tarixli, 25-1-2-2/310-2105-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, konkret olaraq işçiləri işə cəlb edən şəxs İbrahimdir. İş natamam araşdırıldığına görə geri qaytarılmalıdır. Burada birbaşa şəxsləri işə cəlb edən şəxs məsuliyyət daşımalıdır. İlk olaraq onlar kimlə danışıblar, kimlə razılaşıblarsa, o şəxs məsuliyyət daşımalıdır. Həmin şəxslərlə işi və məbləği İbrahim danışmışdır. Orada əlavə işlər olduğu üçün artıq pul da ödənilmişdir. İbrahimin izahatı alınmadan natamam şəkildə bu işə qiymət vermək olmaz. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında işin geri qaytarılması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, 14-15 noyabr tarixlərində İbrahim adlı şəxs onlara zəng edərək birlikdə işləməyi təklif etmişdir. İbrahimi Vüsal vasitəsilə tanımışdır. O, görüləcək işləri olduğunu demiş və birlikdə işləməyi təklif etmişdir, məbləği də danışmışlar. Onlar işi görüb təhvil verdikdən sonra onları yubatmağa çalışmış, pulu verməmişdir. Soyuducu ustasıdır, qardaşı ilə bərabər işləmişdir, onlara 3000 manat verməli idilər. Həmin vaxt onlara pul vermədikləri üçün 102 xidmətinə məlumat vermişlər. 20-ci Polis Bölməsində demişdir ki, pulu yanvar ayı verəcəkdir. Onun uşağı xəstə olduğu üçün təcili pul lazım olmuşdur. Ona görə kartına 600 manat pul köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, İbrahimi iş yoldaşı kimi tanımışdır. İbrahim ona iş olduğunu bildirib birlikdə işləməyi təklif etmişdir. Danışmağa gedəndə demişlər ki, yeni "xxxx" mağazası açılmışdır. Masazırdakı sökülüb, yeni qurulan yerə köçürülməlidir. Ona 1800 manat verilməli idi. İbrahimin Şehmuz bəylə görüşlərində onlar olmamışlar. Özü gedib danışmışdır. Cəmi 7 nəfər işçi olmuşlar. X6 adlı bir nəfər işçi gətirmiş, o da 1 aydan az işləmişdir. Həmin işçiyə 450 manat verilməli olsa da onun da pulu verilməmişdir. Onlar işi təhvil verdikdən sonra İbrahim, Xaliq və o pullarını almaq üçün Şehmuz müəllimin ofisinə getmişlər. İbrahim onun pulunun Şehmuzda olduğunu, pulu almadığını, Şehmuz isə pulu İbrahimə verdiyini demişdir. İbrahim yanvar ayının 1-i kredit götürərək onların pulunu verəcəyini demişdir. Onun kartına 13000 manat puldan ilk dəfə avans olaraq 1000 manat gəlmişdir. Ümumilikdə onların kartına 13000 manatdan cəmi 2500 manat köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs5 izahat verərək bildirmişdir ki, o, soyuducu panellərinin yığılması işini görmüşdür. İbrahimlə onu Vüsal tanış etmişdir. Əmək haqqını 1100 manat danışmışlar. İşi yekunlaşdırıb təhvil verdikdən sonra Vüsal 500 manatını vermiş, 600 manatı qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs6 izahat verərək bildirmişdir ki, o, kondisioner ustasının köməkçisi olmuşdur, onu İbrahimlə Vüsal tanış etmişdir. Həsən Əliyev küçəsində yerləşən obyektdə işləmişdir. Həm söküntü, həm də quraşdırma işlərində iştirak etmişdir. Ona 3000 manat əmək haqqı verməli idilər, 1000 manat almışdır, 2000 manat qalır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 izahat verərək bildirmişdir ki, o, kondisioner ustasıdır. Quraşdırma işlərində iştirak etmişdir. 1800 manata razılaşmışlar. 600 manat verilmişdir, 1200 manatı qalır. Onları işə İbrahim cəlb etmişdir, pulu İbrahimdən istəmişlər. İşi gördürən isə Şehmuz adlı şəxs olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Binəqədi rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs MMC-nin barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 25-1-2-2/310-2105-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla X1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Xidmətlərin göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, XM/036-2024 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutur. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin (hətta əmək müqaviləsi kağız daşıyıcıda artıq bağlanıbsa da belə) işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Binəqədi rayon prokurorluğu Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Haciyeva
Məhkəmə qərarları › İş №3(007)-1530/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1530/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver