Məhkəmə qərarları › İş №3(007)-1531/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1531/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1531/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən tərtib olunmuş 12 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola dair materialın məhkəmə icraatının mümkünlüyü məsələsi həll edilərkən, Nizami rayon icra şöbəsindən daxil olmuş 19 mart 2025-ci il tarixli, 154527/2022-7-33-014 nömrəli məktubda, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1274/2005 nömrəli, 25 avqust 2005-ci il tarixli icra sənədi üzrə Nizami rayon icra şöbəsinin MN ******* nömrəli, 12 mart 2025-ci il tarixli protokola baxılmadan geri qaytarılmasının xahiş edildiyi müəyyən olunmuşdur. Bundan başqa, inzibati xəta haqqında protokolda xətanın mahiyyəti “Səbail Rayon Məhkəməsinin 2-1274/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinin icrasının mümkün olmadığını bildirmişdir rəsmi daxil olan məktublarda” kimi göstərilmiş, bununla da xətanın düzgün mahiyyəti, inzibati xətanın törədildiyi yer və vaxt göstərilməməklə, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinin tələbləri pozulmuş, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tövsifedici əlaməti olan “İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi” ilə müşayiət olunan məhz hansı xətanın törədildiyi protokolda öz əksini tapmamışdır. Bundan əlavə, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş icra vərəqəsi (məhkəmə qərarı) materiala əlavə edilməmişdir. Eyni zamanda ehtimal olunan inzibati xətanı törətmiş vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulduğu qaydada inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və s. bu kimi hüquqları təmin edilməmiş, inzibati xəta haqqında protokolun surəti ona təqdim olunmamış və ya poçt vasitəsi ilə göndərilməmişdir. Bundan başqa, ehtimal olunan inzibati xətanı törətmiş vəzifəli şəxs Şəxs icra sənədinin icrasının mümkünsüzlüyünə dair sonuncu məktubu 04 iyul 2024-cü il tarixdə yazılmışdır, icra məmuru son xəbərdarlıq məktubunu 25 fevral 2025-ci il tarixdə yazsa da, həmin xəbərdarlıqla bağlı cavab məktubu olmadığından icra sənədinin 04 iyul 2024cü il tarixdən sonrakı vəziyyəti müəyyən deyildir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 12 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar