Məhkəmə qərarları › İş №3(007)-1532/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1532/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1532/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X4 vəkili-“Hümbətov və partnyorları” vəkil bürosunun vəkili X2, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, X4 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermiş, həmin məhkəmənin 01 mart 2024-cü il tarixli 3(005)- 717/2024 nömrəli qərardadı ilə şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində AR Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, ******* saylı qərar tərtib olunmuşdur. Sözügedən qərara əsasən o, 5000 AZN məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında qərar qəbul edilməsinə əsas olaraq onun tərəfindən “Bio Estetic” gözəllik salonunda lisensiya olmadan özəl tibbi fəaliyyət göstərmə faktı aşkar olunması göstərilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı qərar qanunsuzdur, əsassızdır və ləğv edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə məsuliyyət müəyən edir. Lakin qeyd edir ki, lazer epilyasiyası fəaliyyəti tibbi fəaliyyət hesab oluna bilməz. Belə ki, AR Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı” bu fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasına daxil etməmişdir. Buna görə də hesab edir ki, həmin fəaliyyətin həyata keçirilməsi üçün lisenziya tələb olunması əsassız və qanunsuzdur. Çünki müvafiq siyahıda özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlər və özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər öz əksini tapmışdır. Sözügedən xidmətlərə ambulator tibbi xidmət, stasionar tibbi xidmət, səyyar tibbi xidmət, sanator-kurort müəssisələrində tibbi-xidmət, tibbi profilaktika xidməti daxildir. Məsələn fizioterapiya metodu olan müalicəvi lazer terapiyası buraya aid edilə bilər. Lakin lazer epilasiyası öz funksiyası baxımından yuxarıda adları çəkilən heç bir tibbi xidmət növünə aid deyildir. Beləliklə aydın olur ki, sadəcə Siyahıda qeyd olunan xidmətlərə və həmin xidmətlərin göstərilməsi zamanı görülən işlərə görə lisenziya tələb oluna bilər. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda lisenziya tələb olunan xidmətlər daxilində görülən işlərə isə terapiya, kardiologiya, nevropatologiya kimi işlər daxildir. Bununla yanaşı siyahıda dəqiqləşdirmə aparılmaqla lisenziya tələb olunan hər bir işin adı göstərilmişdir. Lazer epilyasiyasının həyata keçirilməsi siyahıda göstərilən heç bir xidmətə daxil deyildir. İnzibati tənbeh verən orqanın siyahıda göstərilmiş kosmetoloii xidmətin əhatə dairəsini öz mülahizələrinə görə əsassız olaraq genişləndirməsi vətəndaşların konstitusion hüququ olan azad sahibkarlıq htiququnun məhdudlasdırılmasına gətirib çıxarır. Lisenziya tələb olunan kosmetoloji xidmətin əhatə dairəsini müəyyən etmək üçün bu ifadənin konteksdəki mənası dəqiqləşdirilməlidir. Belə ki, ümumi mənaya baxıldıqda saç kəsimi də kosmetoloji xidmət hesab olunur, ancaq bu həmin ifadənin kontekstə uyğun olmayan mənasıdır. Eynilə lazer epilyasiyasının da kosmetoloji xidmət hesab edilməsi qanunvericinin bu sözlə ifadə etmək istədiyi mənanın genişləndirilməsi ilə vətəndaşların hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin aktı qəbul edən müvafiq dövlət orqanı kosmetoloji xidmət dedikdə estetik əməliyyatlar növündə olan tibbi xidmətləri nəzərdə tutmuşdur. Siyahı tibb xidmətlərini nəzərdə tutduğu üçün kosmetologiyanın tibbi xidmətin əhatə dairəsində başa düşülməsi məqəsədəuyğun olar. Qeyd olunanlara əsasən, onun barəsində qəbul edilmiş Səhiyyə Nazirliyinin 18 yanvar 2024-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilsə də, qərardan şikayət vermiş X7 məhkəmə iclaslarında iştirak etməmişdir, məhkəmə vəkilinin iştirak etməsini nəzərə alınaraq, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 vəkili X5 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi, özəl tibbi fəaliyyət sayılır. Hansı ki, X7 tərəfindən belə fəaliyyət həyata keçirilməmişdir və lazer epilyasiyası fəaliyyəti tibbi fəaliyyət hesab oluna bilməz. Onun tərəfindən araşdırma aparılmışdır, Rusiya Federasiyasında da belə hal olmuşdur, epilyasiya ancaq tibbi məqsədlə edilərsə tibbi fəaliyyət sayılır. Lisenziyalaşdırılan fəaliyyətlərin siyahısı var, kosmetologiya var. Epilyasiya kosmetologiyaya aid deyil. İki nəfər eyni şey üçün əsassız olaraq cərimələnmişdir. Şikayətin təmin olunmasını və mübahisələndirilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X6 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, şəxs verdiyi izahata əsasən bildirir ki, gözəllik salonunda lazer xidməti göstərilir, fəaliyyət göstərdikləri müddətdə 150 manat gəlir etmişlər. Lisenziya tələb edən fəaliyyətdə dermotoloji, dermotolojinin içərisində kosmetoloji də vardır. Epilyasiya kosmetik fəaliyyət sayılır, çünki epilyasiya aparatı sadəcə bir aparatdır, kosmetoloji fəalliyətin hansılar olması barədə normativ sənəd yoxdur. Əgər tük sapla dartılırsa, bu, kosmetoloji fəaliyyətdir, lazer isə insan bədəninə müdaxilə edir və tükü yandırır. Yandırdığı üçün üzü yandıra bilər və qalıcı xəsarət yetirə bilər. Buna görə də bu işi həkim-kosmetoloq etməlidir. Tüklənmə xəstəlikdir, epilyasiya da tibb fəaliyyəti sayılır, Nazirlər Kabinetinin qərarına əsasən bu, kosmetoloji fəaliyyət sayılır. Şikayətin əsassız olduğunu və qərarın qanuni əsaslarla qəbul olunduğunu nəzərə alaraq, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən 12 dekabr 2023-cü il tarixdə tərtib olunmuş akta əsasən X7 tərəfindən ünvan 1 ünvanında "xxxx" gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti göstərilməsi faktı (kosmetoloji) aşkar edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən o, həmin maddə ilə 5000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X7 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz həmin vəzifəli şəxs, "xxxx" MMC-nin direktoru tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yuxarıda istinad olunan, mübahisələndirilən qərarın qəbul edilməsinə, "xxxx" gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti göstərilməsi faktı (kosmetoloji) aşkar edilməsi, əsas olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə görə, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, lazer epilasiyası, vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsilə uix edilməsi prosesidir. Uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndə arzuolunmaz tüklərdən azad olmanın ən təsirli üsullarından biri kimi qəbul edilmişdir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir, beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir. Lazer epilyasiyası üçün müvafiq cihazlardan istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı”na əsasən dermatologiya (dermatoloji; kosmetoloji) fəaliyyət, özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən iş hesab olunur və bu fəaliyyətin həyata keçirilməsi üçün lisenziya tələb olunur. İnzibati orqanın (burada, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin) mövqeyinə görə, Nazirlər Kabinetinin istinad olunan həmin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunmuşdur, burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulur. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər. Belə olan halda, məhkəmə hesab edir ki, "xxxx" gözəllik salonuna, orada həyata keçirilmiş lazer epilyasiyası işinə münasibətdə, bununla bağlı sahəni tənzimləyən qanunvericiliyin tələbləri pozulmaqla inzibati xətaya yol verilmişdir, hansı ki, bu, inzibati xəta hesab olunmaqla İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin təsiri altına düşür. Qərarı şikayət verən şəxsin irəli sürdüyü dəlillər isə subyektiv mülahizələr hesab olunmalıdır, mübahisələndirilən qərarın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X4 haqqında 5000 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, maddənin sanksiyası həddində (minimum həddə) olmaqla həmin vəzifəli şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar