Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1533/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X3, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol patrul xidməti baş inspektoru X1 iştirakları ilə, X3 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 14 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 14 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Neftçilər metrosuna yaxın ərazidə öz şəxsi avtomobili ilə hərəkət edərkən **-YP-*** dövlət nömrə nişanlı yol patrul avtomobili onu saxlamışdır. Polis əməkdaşı X2 avtomobilinə yaxınlaşaraq sənədini istəmişdir. Saxlanma səbəbini soruşduğu zaman “Siz telefonla danışırdız” demişdir. O, telefonla danışmadığını, həmin vaxt avtomobilində ön oturacaqda əyləşən tanışı Yaşarla söhbət etdiyini, hətta telefefonundakı sonuncu danışıq tarixçəsinə də baxa biləcəyini bildirmişdir. Polis əməkdaşı sual vermişdir ki, “bəs indi telefonu niyə əlinizdə tutmusuz, çəkiliş edirsiz”. Bildirmişdir ki, nəyə görə çəkiliş etməlidir, əgər zərurət varsa, avtomobilində video registrator mövcuddur, qeydlərə baxa bilərlər. Polis əməkdaşı bildirmişdir ki, telefonu əldə tutmaq da qadağandır, ona cərimə yazacaqdır. Gedib xidməti avtomobilindən İnzibati Xətalar Məcəlləsini gətirib ona 342.6-cı maddədən “telefonu əldə saxlamaqla ondan istifadə edilməsi” cümləsini göstərmişdir. Cavabında bildirmişdir ki, onun qeyd etdiyi maddə hərəkətdə olan avtomobil üçün keçərlidir. O, axı dayanmışdır və YPX əməkdaşı ilə danışarkən zəng gəldiyi üçün telefonu götürmüşdür. Bütün bu danışıqlara rəğmən polis əməkdaşı heç bir əsas olmadan protokol yazmışdır (Protokol İXP 6072248). Yazılan protokolla razı olmadığını polis əməkdaşına bildirmişdir. Hadisə ilə əlaqədar xx.xx.2024-cü il tarixdə onlayn DİN-ə şikayət etmişdir. 12 mart tarixində Nizami RPİ DYPŞ-dən yaşadığı ünvana bildiriş daxil olmuş və işə baxılması üçün onu 13 mart tarixində idarəyə dəvət etmişlər. İdarədə o otaqdan bu otağa, bu otaqdan o otağa göndərdikdən sonra nəhayət ki, məcbur olub polis mayoru Hüseyn Hüseynovla görüşdürmüşlər. Nə üçün gəldiyini soruşmuş, bildirmişdir ki, müraciətinin araşdırılması ilə bağlı ünvanına bildiriş göndərmişlər. H.Hüseynov bildirmişdir ki, protokolu yazan inspektor hazırda ərazidədir, gedib Nizami Rayon Məhkəməsinə müraciət etsin. Bildirmişdir ki, əgər onların araşdırması bu cür formal xarakterli olacaqdısa, onun niyə boşuna vaxtını alıb idarəyə çağırmışlar. Nə isə, son söz məhkəməyə müraciət etməyini bildirmişlər. Yuxarıda qeyd etdiyi əsasla, Nizami rayon DYPŞ-nin xx.xx.2024-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol patrul xidməti baş inspektoru X2 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, 02 mart 2024-cü il tarixdə saat 12:06-da “Ford Fusion” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Bakı şəhəri, R.Rüstəmov küçəsində hərəkətdə olarkən mobil telefonu əlində saxlayaraq ondan istifadə etdiyini müşahidə etmişdir. Nəqliyyat vasitəsi buna görə saxlanıldıqda, şəxsiyyəti sonradan müəyyən olunan sürücü X5 mobil telefon əlində olduğu vəziyyətdə düşmüş, qayda pozuntusu barədə izah etdikdə isə, o, telefonla danışdığını etiraf etmişdir. Sürücü R.Rüstəmov küçəsində dairəyə girəndə telefon sol əlində olmuş, ona görəndə aşağı endirmişdir. Bununla da, X5 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 14 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 02 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X5 02 mart 2024-cü il tarixdə saat 12:06-da ünvan 2 ünvanında “Ford Fusion minik” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməklə” Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Həmin Məcəllənin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin V hissəsinin 2-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağandır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 02 mart 2024-cü il tarixdə saat 12:06da ünvan 2 ünvanında “Ford Fusion minik” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən telefonu əldə saxlamaqla ondan istifadə etmişdir ki, onun bu xətaya yol verməsi İXM-nin 342.6-cı maddəsinin təsiri altına düşmüşdür, ona görə də X3 barəsində həmin maddə ilə inzibati icraat başlanılaraq protokolun tərtib edilməsi, barəsində inzibati tənbeh tətbiq olunması qanuni və əsaslı olmuşdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə qeyd edir ki, qeyd olunan inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdir, bu halın şübhə altına alınması üçün hər hansı əsas yoxdur, X3 irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilir və nəzərə alınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, həmin qərardan şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 14 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1533/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1533/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver