Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1534/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X13 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X13 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X18 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fizik şəxs qismində ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında DƏMX-nin Bakı şəhər İdarəsinin rəis müavini X16 tərəfindən barəsində 4.000 (dörd min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi ilə bağlı “inzibati tənbeh vermə haqqında” MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan qərar xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə ona çatdırılmışdır. Qərarda qeyd olunmuşdur ki, vəzifəli şəxs X18 tərəfindən ona məxsus “Hicaz" restoranında X3 bədbəxt hadisə baş verdiyi dövrdən, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar olunmuşdur. Hesab edir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilməsi və müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün əsaslar mövcud deyil, ona görə də inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin əməlində İXM-nin 192.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın, ümumiyyətlə İXM-nin heç bir maddəsinin tərkib əlamətləri mövcud deyil. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin faktiki halları ondan ibarətdir ki, “Hicaz" restoranında işləyən X12 xx.xx.2023-cü il tarixdə, səhər saat 10- 11 radələrində işə gələrkən restoranın qarşısındakı ümumi istifadədə olan dayanacaqda yıxılaraq ayağı burxulmuşdur. Bunu görən Mirilyas və qonşu obyektin sahibkarı Vüsal adlı şəxs köməklik edərək Zülfiyyə xanımı restoranın həyətinə gətirmiş, Vüsal təcili yardıma zəng vurmuş və həkim briqadası xanıma yardım göstərmişdir. Zülfiyyə xanımı xəstəxanaya aparıb müayinə etdikdən sonra heç bir xəsarəti olmadığı üçün evə buraxıblar. Həmçinin də təcili yardım tərəfindən X15 Xidmətinə bu barədə məlumat verilmişdir. Bundan sonra DƏMX-nin Bakı şəhər İdarəsindən onlara zəng vurub maraqlanıblar, qadının hansı şəraitdə yıxılmasını görən şahidlərin adını istəyiblər və bununla bağlı xüsusi ərizə forması veriblər ki, doldurub göndərsinlər. O, qadının hansı şəraitdə yıxılmasını görən, restoranın qarşısındakı ümumi istifadədə olan dayanacaqda avtomobillərin parklanmasına nəzarət edən X3 adını onların göndərdikləri ərizədə dolduraraq xx.xx.2023-cü il tarixdə məktubu göndərmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə X15 Xidmətinin əməkdaşları restorana gələrək Zülfiyyə xanımdan, Mirilyasdan və digər şahid Qoşqar Əhmədovdan izahat alıblar. Bildirir ki, 2024-cü ilin əvvəlində avtomobillərin parklanmasına nəzarət edən X6 iş üçün ona müraciət etdiyindən və restoranda işçiyə ehtiyac olduğundan xx.xx.2024-cü il tarixdə onu rəsmi olaraq restoranda işə götürmüşdür. Mübahisələndirdiyi qərar məntiqi baxımdan da qəbul oluna bilməz. Çünki, xx.xx.2023-cü il tarixdə X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlədibsə o, onun adını DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edib özünü pis vəziyyətə salmazdı. Bundan başqa qeyd edir ki, DƏMX-nin Bakı şəhər İdarəsi X3 Hicaz restoranına gələn zaman əmək müqaviləsi olmadan işləməsini müəyyən etməmişdir. Hansı ki, Əmək Məcəlləsinin tələblərinə əsasən işçinin əmək müqaviləsi olmadan hər hansısa işə cəlb edilməsi halı yalnız həmin şəxsin iş yeri olması hesab olunan yerdə baş verməlidir. Lakin hazırki vəziyyətdə DƏMX-nin Bakı şəhər İdarəsi xx.xx.2024-cü il tarixdə Hicaz restoranına gələndə X6 əmək müqaviləsi üzrə, daha doğrusu xx.xx.2024-cü il tarixdən restoranın işçisi idi. DƏMX-nin Bakı şəhər İdarəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə X3 restoranın işçisi olduğunu gördükdə, onun şahid kimi təqdim olunması zamanı yəni, xx.xx.2023-cü il tarixdə portalda restoranın işçisi kimi əks olunmadığını görüb ehtimallar əsasında belə qərara gəlmişlər ki, Mirilyas Bayramzadə şahid kimi təqdim olunan vaxt restoranın işçisi olmuş sadəcə olaraq əmək müqaviləsi olmamışdır. Əslində isə İlyas Bayramzadə restoranın qarşısındakı ümumi istifadədə olan dayanacaqda avtomobillərin parklanmasına nəzarət etmiş, həmin müddətdə çay, su içmək, yemək yeməyə ehtiyacı olduqda restorana gələrək restoranın xidmətlərindən istifadə etmişdir. Beləliklə, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən heç bir qanuni araşdırma aparılmadan barəsində qəbul edilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Odur ki, göstərilənlərə əsasən, MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X13 nümayəndəsi X5 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə Hicaz restoranında işləməmişdir. Protokol düzgün tərtib edilməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa Hicaz restoranı spirtli içki verməməsi səbəbindən müştərisi az olur və restoranın gəliri qənaətbəxş deyil. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X18 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə edilməsi ədalətsiz qərardır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əgər məhkəmə tərəfindən xitam üçün əsaslar yoxdursa, hazırda iqtisadi reallığın nəzərə alınmasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilərək minimum həddə inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X13 şikayəti tam olaraq əsassızdır və təmin olunmamalıdır. Belə ki, vətəndaş X6 “Hicaz” restoranının sahibi X18 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Buna görə də, X13 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X18 tərəfindən ona məxsus “Hicaz” restoranında X3 bədbəxt hadisə baş verdiyi dövrdən, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. X8 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsinin təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş X13 xx.xx.2023-cü il tarixli izahatının məzmunundan müəyyən olunur ki, X3 xx.xx.2023-cü il tarixdə “Hicaz” restoranında ofisiant vəzifəsində işlədiyini qeyd etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsinin təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş X3 xx.xx.2024-cü il tarixli izahatının məzmunundan müəyyən olunur ki, X6 xx.xx.2023-cü il tarixdə “Hicaz” restoranında ofisiant vəzifəsində işlədiyini qeyd etmişdir. - Fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, X18 vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Göründüyü kimi iş materialları ilə müəyyən edilir ki, şikayətçi X18 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Beləliklə, göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X16 vətəndaş X3 “Hicaz” restoranının sahibi X18 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə X13 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olması nəticəsinə gələrək qanuni və əsaslı qərar qəbul etmişdir. X18 təqsirli bilindiyi maddənin sanksiyasında 3000 manatdan 5000 manatadək inzibati cərimə nəzərdə tutulsa da, hansı səbəbdən məhz X13 hansı əsasa görə 4000 manat məbləğində cərimə edilməsi qərarda əsaslandırılmamış, hər hansı bir ağırlaşdırıcı hala istinad edilməmişdir. Çünki, daha ağır tənbeh təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə İXM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki işdə X14 münasibətdə inzibati tənbehin aşağı həddinin tətbiq edilməsinin mümkünsüzlüyü üçün həmin əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən,inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Sözügedən maddələrin məzmunundan görünür ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalı idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli bilindiyi maddə üzrə tətbiq edilmiş 4000 manat məbləğində inzibati cərimənin məbləği Azərbaycan Respublikası İXM-nin 9.1-ci madəsi baxımından ədalətli deyil və belə olduqda cərimə məbləği azaldılmalı, vəzifəli şəxsə normanın sanksiyası daxilində 3000 manat cərimə təyin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. X18 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1534/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1534/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver