Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1536/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə 24-cü PŞ-nin inzibati binasında sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarının ünvanına kobud surətdə nalayiq söyüşlər söymüşdür. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X5 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X5 izahat verərək bildirmişdir ki, Şəxs qanunsuz küçə ticarəti ilə məşğul olan Elnur adlı şəxsin PPX-nin əməkdaşları tərəfindən aparılması və həmin şəxsin azyaşlı övladının yalnız vəziyyətdə küçədə qoyub getmələri barədə DİN-nin 102 xidmətinə zəng etmişdir. Ərizə öyrənilərkən müəyyən edilmişdir ki, Şəxs R.Rüstəmov küçəsi ilə hərəkət edən zaman polis əməkdaşlarının bir nəfər şəxsi avtomobilə mindirdiklərini, həmin şəxsin azyaşlı uşağının isə atasının dalınca ağladığını görüb avtomobildən düşərək azyaşlı uşağı tək qoymamalarını xahiş etmiş, lakin polis əməkdaşları onun sözünə məhəl qoymayaraq avtomobili sürüb getmişlər. Azyaşlı uşaq isə orada tək qalmışdır. Şəxs müraciəti ilə əlaqədar yaşadığı ünvana məktub göndərilərək bildirilmişdir ki, Elnur adlı şəxs qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə PŞ-nə dəvət olunmuş, azyaşlı uşağına isə orada olan malları qorumaq tapşırılmışdır. Elnur adlı şəxslə PŞ-də profilaktik söhbətlər aparılaraq bir daha azyaşlı övladını özü ilə alver etməyə aparmaması barədə xəbərdarlıq edilmişdir. Şəxs bu məktubu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində sərxoş vəziyyətdə 24-cü PŞ-nin inzibati binasına daxil olaraq müraciəti ilə bağlı aparılmış araşdırmadan narazı qalmasını bildirərək yüksək səslə səs-küy salaraq polisin ünvanına təhqiredici ifadələr işlətməklə növbətçi hissənin iş rejimini pozmuşdur. Şəxs polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunsa da polisin qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 24-cü PŞ-nə yazmış olduğu ərizəsinin araşdırılmasından narazı qaldığından xx.xx.2023-cü il tarixdə gecə saatlarında az içkili vəziyyətdə polis şöbəsinə gedərək növbətçiyə rəisin qəbuluna gəldiyini bildirmişdir. Ona hal-hazırda rəisin şöbədə olmadığını bildirərək nə məsələ olduğunu soruşmuşlar. O, araşdırmadan narazı qaldığını və DİN-nin “102” xidmətinə məlumat verdiyini bildirmişdir. O, növbətçi hissənin iş rejimini pozmamış, sadəcə şikayətini bildirmişdir. O, heç vaxt polisin ünvanına nalayiq sözlər işlətməmişdir. Ona polisin düz araşdırma apardığını bildirmişlər, o, etiraz etmişdir. Onu növbətçi otağına salıb sol sifətinə 7 sillə vurmuşlar. Sonra onu polis avtomobili ilə sərxoşluq vəziyyətini müəyyən etməyə aparmışlar. Həkim onun sərxoşluq vəziyyətini yoxladıqdan sonra elektron ölçü cihazının göstəricisini ona göstərməmiş, həkimin nə yazdığını bilməmişdir. Oradan çıxarkən özünü narahat hiss etmişdir. Dartışma zamanı paltarı cırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçisi, polis baş leytenantı Cəlal Əliyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində bir nəfər zahiri görünüşdən sərxoş vəziyyətdə olan şəxs şöbənin inzibati binasına daxil olaraq müraciəti ilə bağlı aparılmış araşdırmadan narazı qalmasını bildirərək kobud surətdə polisin ünvanına nalayiq ifadələr və küçə söyüşləri işlətmişdir. O və əməliyyat qrupunun üzvləri həmin şəxsi nizam-intizama dəvət etməyə çalışsalar da həmin şəxs onların qanuni tələblərinə heç bir məhəl qoymayaraq öz əməllərini davam etdirərək tabe olmamışdır. Həmin şəxsin barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün sərəncam verilməsini xahiş etmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları polis baş leytenantı Cəlal Əliyev, polis baş leytenantı Nurlan Həşimov, polis mayoru Oktay Məsimov, polis baş leytenantı Namiq İsmayılov, polis leytenantı Polad İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, polis əməkdaşları Şəxs sərxoş vəziyyətdə şöbənin inzibati binasına gələrək yüksək səslə səs-küy salaraq polisin ünvanına təhqiredici ifadələr işlətməklə növbətçi hissənin iş rejimini pozması, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunsa da polisin qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirməsi barədə akt tərtib etmişlər. - xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/7878 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:45-də müayinə olunan Şəxs orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və Azərbaycan Respublikasının İXM-nin 31.2ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 3 (üç) saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1536/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1536/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver