Məhkəmə qərarları › İş №3(007)-1536/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1536/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1536/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 25 avqust 1981-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(007)-2036/2017 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Şəxs 27 fevral 2017-ci il tarixdən başlayaraq, 31 iyul 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat alimentin tutulub, Zərərçəkmiş şəxs verilməsi, Şəxs Zərərçəkmiş şəxs 31 iyul 2015-ci il tarixdə doğulmuş X2 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, 27 fevral 2017-ci il tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay 50 manat tutulub, Zərərçəkmiş şəxs verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə ödənilməmiş borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmənin əvvəlki iclasında inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(007)-2036/2017 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Borclunun ünvanına tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, tələb könüllü müddət ərzində ödənilməmişdir. Sonrakı müddət ərzində borclu şöbəyə dəvət olunmuş, ondan izahat alınmış, izahatında isə borcunu tələbkarın xeyrinə ödəyəcəyini bildirsə də, hal-hazıradək borcunu ödəməmişdir. Borclunun bu cür hərəkətləri tələbkarın haqlı narazıçılığına səbəb olmuş, borclunun məhkəmə qərarının icrasına qərəzli olması müəyyən edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş tələbkarın nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Şəxs icra sənədi üzrə aliment ödənişini vaxtında etmir. Buna görə də, tələbkar əziyyət çəkir. Qanunla müəyyən edilmiş qaydada Şəxs barəsində tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları inkar edərək, inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, göstərdi ki, o, maddi vəziyyəti ağır olduğuna görə tutulması Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(007)-2036/2017 saylı qətnaməsi ilə qət edilmiş borc məbləğini birdəfəlik ödəyə bilməmişdir. Lakin, gücü çatdığı qədər aliment borcundan ödəyir. Sonuncu dəfə 15 mart 2024-cü ildə və 29 mart 2024-cü ildə o, tələbkara ayrı-ayrılıqda 500 manat olmaqla pul ödəmişdir. Məhkəməyə bunu təsdiq edən sübutlar təqdim edilmişdir. Hansı ki, həmin qəbzdən də görünür ki, o, borcunu ödəməkdən yayınmır. Buna görə də onun məhkəmə qətnaməsini guya üzürsüz səbəbdən icra etməməsi həqiqətə uyğun deyil və onun əməlində inzibati xəta tərkibi yoxdur. Sonda Şəxs, inzibati məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işdə olan sübutlarla Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(007)-2036/2017 saylı qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədinin icrası ilə əlaqədar onun hərəkətləri icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi tövsif edilə bilməz. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müdafiəçinin xidmətindən imtina etdiyindən hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına ödəniş aparılması məsələsinin müzakirəsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar