Məhkəmə qərarları › İş №3(007)-154/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-154/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-154/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, şikayətçi X1 və qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin əməkdaşları 14 iyun 2024-cü il tarixdə «Dönər Perajki» №1 iaşə obyektində yoxlama həyata keçirmiş, ondan 6 kq olan toyuq ətinə görə ekspetiza aktının təqdim edilməsini tələb etmişlər. Həmin ekspertiza aktı telefonunda olduğu üçün o, onlara göstərmiş və həmin aktı da onların telefonuna göndərmişdir. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin əməkdaşları ətdən bir parça götürərək guya ekspertizaya göndərilməsi ilə bağlı bir sənədə imza atmağını tələb etdilər. Həmin vaxt hər hansı protokolun tərtib olunmasından ona məlumat vermədilər və protokol ilə tanış etmədilər. Toyuq ətinə görə ekspertiza aktı olduğu üçün arxayın olmuş və onlardan cavab gözləmişdir. Bakı şəhər Nizami rayon İcra şöbəsinin icra məmuru ona SMS göndərərək icra şöbəsinə gəlməyini tələb etdilər. İcra Şöbəsindən isə ona bildirdilər ki. barəsində protokol tərtib olunmuş və həmin protokola görə 1500 manat pul ödəməlidir. O, 26 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə müraciət edərək həmin protokolun və qərarın surətini tələb etmiş və Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 14 iyun 2024-cü il tarixli, MN ******* saylı qərarında isə «Dönər Perajki» №1 iaşə obyektində ağzı açıq tullantı qablarından istifadə olunması, ümumi çəkisi 6 kq olan toyuq ətinin etiket məlumatının və ekspertiza arayışının olmamasını və İXM-nin 220.1 və 447.0.3-cü maddələri ilə inzibatı xəta törədilməsini qeyd etmişdir. Onun hüquqi savadı yoxdur, X2 Bakı Regional Bölməsinin əməkdaşları isə protokolun tərtib olunması barədə ona heç bir məlumat verməmişlər. Şikayətçi qeyd olunan qərarı xx.xx.2024-cü il tarixdə əldə etdiyini və buna dair sübutları məhkəməyə təqdim etdiyini qeyd edərək, buraxılmış prosessual müddətin bərpasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılmasını üzrlü hesab edərək, 3(007)-154/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad ilə qərardan şikayət vermə müddətini bərpa etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, nümunə götürülmüş toyuq ətini 22 ildir ki, eyni yerdən əldə edir, indiyə kimi hər hansısa zəhərlənmə faktı və ya müştərilər tərəfindən narazılıq olmamışdır. Həmçinin qeyd olunan toyuq ətinə dair arayışının olduğunu qeyd etmişdir. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin olunmasını, qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X2 Bakı X8 Təhlükəsizliyinə nəzarət şöbəsinin nümayəndəsi X6 bildirmişdir ki, tərəflərindən mütəmadi şəkildə müxtəlif müəssisələrdə monitorinqlər keçirir. Qeyd olunan ünvanda yerləşən müəssisədə aparılan monitorinq zamanı sanitariya qaydalarına əməl olunmadığı aşkar olunmuşdur. Həmçinin kafədə hazırlanan dönər üçün istifadə olunan toyuq ətindən və qril üçün istifadə olunan toyuqdan ayrı-ayrılıqda nümunələr götürülmüş, toyuq nümunəsində, həmçinin doğrama lövhəsində mikrobioloji uyğunsuzluq (E.Coli) aşkarlanmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, hal-hazırda iaşə müəssisəsinin fəaliyyəti dayandırılmışdır. Qeyd olunanlara əsaslanaraq şikayət ərizəsinin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.43cü maddəsinin tələbini pozmuş və nəticədə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən X3 məxsus ünvan 1 ünvanında yerləşən “Dönər-Peraşki N1” iaşə müəssisəsində monitorinq zamanı bişmiş toyuq əti dönərində mikrobioloji uyğunsuzluq (E.Coli) aşkar edilmişdir. Qeyd olunan hal tərəflərin məhkəmə iclasında verdiyi izahatları ilə də öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş iaşə obyektinin fotoşəkillərinə baxış keçirilərkən sanitariya qaydalarına əməl olunmadığı, ağzı açıq tullantı qablarından istifadə olunması sübut olunmuşdur. Beləliklə məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, şikayətçi qeyd olunan inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.44- 1 bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.1, 444, 447.0.1 – 447.0.6, 447.0.9, 453 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər qida məhsulları ilə, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı olduqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1, barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş, MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar