Məhkəmə qərarları › İş №3(007)-1545/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1545/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1545/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş 14 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, 14 mart 2024-cü il tarixdə saat 11:12-də Şəxs MMC-nin Bakı şəhəri, Nizami rayonu, yeni 24-cü polis bölməsinin qarşısı ünvanında yerləşən təsərrüfat subyekti lisenziya olmadan sürətli poçt xidməti həyata keçirərək 730 manat gəlir əldə etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi X2 protokolun məzmununa uyğun izahat vermiş, sualları cavablandırarkən göstərmişdir ki, Şəxs MMC-nin verdiyi arayış əsasında müəyyən etmişlər ki, hüquqi şəxs 730 manat gəlir əldə etmişdir. Həmin obyekt qeydiyyatda olmadığı üçün kassa olmadığından yoxlama apara bilməmişlər. Yaxınlaşıb müəyyən etmişlər ki, kassa aparatı yoxdur. Həmin MMC-nin qeydiyyatı yoxdur, ünvanı “Neftçilər filialı” gedir. Vergi orqanının həmin hüquqi şəxsin nə qədər gəlir əldə etdiyini müəyyən etməsi üçün kassa aparatı olmalı idi, kassa aparatı olmadığından bunu müəyyən edə bilməmişlər, ona görə hüquqi şəxsin özünün verdiyi maliyyə arayışı ilə nə qədər gəlir əldə etdiklərini müəyyən etmişlər. Protokolu müdafiə edir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxılıb yekun verilməsi mümkün deyildir, əlavə araşdırma aparılması üçün material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir; 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən bu Məcəllənin 398, 402, 406-409, 411, 411-1, 412, 413, 415 ,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. 2-ci hissəsinə əsasən isə bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi, İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Bunun üçün isə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) mislinin (məbləğinin) müəyyən edilməsi, bunun isə müvafiq sübutlarla müşayiət edilməsi mühüm əhəmiyyət kəsb edir. Materiala sübut qismində əlavə edilən Şəxs MMC-nin direktorunun 14 mart 2024cü il tarixli arayışının surətində göstərilmişdir ki, həmin MMC-nin Bakı şəhəri Nizami rayonu 24-cü polis bölməsinin qarşısı ünvanında yerləşən Neftçilər filialı 10 iyul 2023-cü il tarixdə fəaliyyətə başlamışdır. 10 iyul 2023-cü il tarixdən 29 fevral 2024-cü il tarixi aralığında Şəxs MMC-nin Neftçilər filialında göstərdiyi fəaliyyət növü üzrə bu müddətdə 730 manat gəlir əldə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC burada, maraqlı tərəfdir, inzibati xətanın törədilməsində təqsiri sübuta yetirildiyi və təqsirli bilindiyi halda, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə növündə inzibati tənbehə məruz qalacağı ona aydındır, belə olan halda hər hansı vergi nəzarəti həyata keçirilmədən, maliyyə qiymətləndirilməsi, dəyərləndirilməsi aparılmadan, sübutlar əldə edilmədən MMC-nin 10 iyul 2023-cü il tarixdən 29 fevral 2024-cü il tarixi aralığında Şəxs MMC-nin “Neftçilər” filialında göstərdiyi fəaliyyət növü üzrə 730 manat gəlir əldə etməsi barədə hüquqi şəxsin özünün verdiyi arayışın mötəbər sübut qismində qəbul edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, törədilməsi ehtimal olunan inzibati xəta 14 mart 2024-cü il tarixdə aşkar olunsa da, təsərrüfat subyektinin yalnız 29 fevral 2024-cü il tarixədək olan dövr üçün vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı barədə arayış əldə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin məhkəməyə hazırlanması zamanı bu hallar məlum olsa da, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələbləri baxımından sübutetmə yükü üzərinə düşən inzibati orqanın müvafiq sübutları təqdim edə biləcəyi ehtimalı nəzərə alınmışdır. Lakin məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs belə sübutla təqdim edə bilməmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Bakı şəhəri, Nizami rayonu, yeni 24-cü polis bölməsinin qarşısı ünvanı” mücərrəd bir ünvandır, hüquqi ünvan kimi qeydə alınmamışdır, ona görə inzibati xətanın törədildiyi yer kimi qəbul edilməsi üçün də əsaslar yoxdur. Təqdim olunan fotoşəkillərə görə, vergi qanunvericiliyinin tələblərini pozduğu ehtimal olunan vergi subyekti müvafiq binanın birinci mərtəbəsində (qeyri-yaşayış sahəsində) yerləşir, o zaman həmin binanın və obyektin yerləşdiyi sahənin konkret ünvanı da mövcuddur. Hansı ki, inzibati xəta haqqında protokolda xətanın törədilmə yerinin göstərilməsi qanunvericiliyin tələbi olmaqla yanaşı işə məhkəmədə baxıldığı zaman müvafiq məhkəmə sənədlərinin həmin təsərrüfat subyektinə çatdırılması, gələcəkdə mümkün icra hərəkətlərinin həyata keçirilməsi baxımından da bu halın dəqiq müəyyən olunması zəruridir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, yuxarıda qeyd olunan nöqsanların bir daha araşdırılaraq aradan qaldırılması, sübutların əldə edilməsi imkanı itirilməmişdir, ona görə mövcud vəziyyətdə işin icraatına xitam verilməsi üçün hüquqi əsaslar yoxdur, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tərtib edilmiş 14 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar