Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1547/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin sahə inspektoru X3 və Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1957-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1, 327.3, 327.4, 329.1, 334.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli, Bakı şəhər BPİ DYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.3, 327.4, 329.1, 334.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə 3(007)-1547/2020 və 3(007)-1548/2020 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-1547/2020 nömrəsi saxlanılmışdır. xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 03:00-dan saat 05:00-dək Bakı şəhəri ərazisində Bakı şəhər BPİ DYPİ-nin inspektorlarının onun sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi ** UF *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S320 minik” markalı avtomobildən düşərək onu təhvil verməklə bağlı qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 07:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə etmə nəticəsində sərxoş vəziyyətdə, təhlükəsizlik kəməri olmadan idarə etdiyi ** UF *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S320 minik” markalı avtomobillə hərəkətdə olarkən, müvafiq icra hakimiyyəti orqanının (DYPİ YPX əməkdaşlarının) nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmiş, birtərəfli hərəkət yolunda müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş, bu zaman ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq etmiş, avtomobilin təkərinin partlaması nəticəsində Bakı şəhəri, Q.Qarayev prospektində saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yuxarıda istinad edilmiş hüquq normasının tələbinə əsasən tərəfin, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sənədləri mötəbər sübutlar hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X5 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Babək prospektində ** UF *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S320 minik” markalı avtomobil qayda pozduğu üçün saxlaması üçün ona işarə verilmiş, o, avtomobili saxlayarkən müəyyən edilmişdir ki, sürücü avtomobili kəmər taxmadan, sürücülük vəsiqəsi olmadan və içkili vəziyyətdə idarə edir. Sürücüdən nəqliyyat vasitəsini tərk etmək tələb edildikdə, düşməyərək avtomobilin qapısını örtüb avtomobili idarə edərək qaçmağa başlamışdır. İki saat ərzində avtomobili təqib edərək onu saxlatmağa çalışmışlar, lakin sürücü yollarda yolun hərəkət istiqamətinin əksinə, habelə qərəzli avtoxuliqanlıq hərəkətlərinə yol verməklə idarə etmiş, təhlükəli vəziyyətlər yaratmışdır. Nəhayət avtomobilin təkəri “Koroğlu” metrosunun yanında partladıqdan sonra sürücü məcbur olub saxlamışdır. Bundan sonra sürücünü 25-ci PŞ-nə aparmışlar, müəyyən edilmişdir ki, sürücü Şəxsdur. Raport yazaraq onun barəsində tədbir görülməsini xahiş etmişlər. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi ** UF *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S320 minik” markalı avtomobillə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində tanışları ilə spirtli içki içərək avtomobili idarə etmişdir. Saat 24 radələrində avtomobili idarə edib hərəkətdə olarkən YPX əməkdaşları ona saxla işarəsi vermişlər. Lakin o, sürücülük vəsiqəsi olmadığına, içkili olduğuna, kəmər taxmadığına görə saxlamamış, düşünmüşdür ki, avtomobili cərimə meydançasına aparacaqlar. Təxminən 2 saat ərzində onun avtomobilinin arxasınca polislər şəhər daxilində gəlmiş, lakin yenə saxlamamış, tanımadığı ərazilərdə yolun əksinə sürməli olmuşdur. “Koroğlu” metrostansiyası yaxınlığında avtomobilin təkəri partlamış, ona görə saxlamalı olmuşdur. Bundan sonra onu saxlayıb 25-ci PŞ-nə aparmışlar. Əməlindən səmimi peşmandır. Hazırda sərxoşluqdan ayılmışdır, səhv etdiyini bir daha başa düşmüşdür. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. İşdə olan DİN-nin DYP-nin “web portal”ından çıxarışdan görünür ki, Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx xxxxxxxx 2020-ci il tarixli 2/14844 nömrəli aktdan görünür ki, Şəxs həmin tarixdə keçirilən tibbi müayinəsi zamanı onun “sərxoş” olduğu müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1, 327.3, 327.4, 329.1, 334.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1, 327.3, 327.4, 329.1, 334.1 və 511.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-səksən manat məbləğində cərimə edilir; 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir; 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir; 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1, 327.3, 327.4, 329.1, 334.1 və 511.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 511.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır, məhkəməyə gətirilərkən və məhkəmədə verdiyi izahatında ayıldığını bildirmişdir, ona görə onun tutulmasının əvvəli işin məhkəməyə daxil olduğu saat 14:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1, 327.3, 327.4, 329.1, 334.1 və 511.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 511.1-ci maddəsi ilə barəsində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxxxxxx 2020-ci il saat 14:10-dan hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1547/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1547/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver